Rusiya prezidenti bu məsələyə “yaxşı, baxarıq” cavabı verməklə kifayətləndi Rusiya prezidenti Vladimir Putin Azərbaycan hquq-mühafizə orqanlarının Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti rəhbərlərinin qohumlarını həbs etməsi ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib. Bu həbslər Putinin Bakıya səfəri ərəfəsində həyata keçirilmişdi. Federal Ləzgi-Milli Muxtariyyəti neçə vaxtdır Azərbaycana qarşı separatçı fəaliyyətlə məşğuldur və ləzgilərin, avarların hüquqlarının pozulduğu barədə təbliğat aparır.
Bu təşkilatın Azərbaycana qarşı fəallaşması Moskvanın Bakıda hakimiyyət dəyişikliyi planları hazırladığı haqda məlumatlarla bir vaxta təsadüf edirdi.
Xəbər verildiyi kimi, Azərbaycanda həbs edilən ləzgilərin (onların bir neçəsi Rusiya vətəndaşlarıdır-red.) məsələsi bu günlərdə Rusiya prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları Şurasında qaldırılıb.
Prezident Putinin rəhbərlik etdiyi iclas zamanı “Kavkazskaya politika” portalının redaktoru Maksim Şevçenko ona belə müraciət edib: “Vladimir Vladimiroviç, mənim həmkarlarım ədalətli olaraq xarici vətəndaşların Rusiya ərazisinə gəlməsi problemini qaldırdılar. Mən Azərbaycan ərazisində Rusiya vətəndaşlarına qarşı törədilmiş heyrətamiz pozuntularla bağlı məsələyə toxunmaq istərdim. Sizin Bakıya səfərinizdən az əvvəl Bakıda DİN əməkdaşları tərəfindən iki iri rusiyalı biznesmen - Cavid Babayev və Tariyel Sərkarov saxlanılıblar. Onlardan biri ailəsi ilə birlikdə qohumlarını ziyarət etmək üçün gedibmiş və Bakıda, ailə üzvlərinin gözü qarşısında saxlanılıb. Digəri atasının vəfatının il mərasiminə gedibmiş.
Hər ikisini ittiham edirlər ki, guya onların maşınlarında 4 qram heroin olub. Lakin onların bütün günahları ondan ibarətdir ki, Rusiya Federasiyası Prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı Şurasının üzvü və Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri olan Arif Paşayeviç Kərimovun qohumlarıdır. Hesab edirəm ki, bu, siyasi təqibdir və iki Rusiya vətəndaşının həbsi siyasi motivlərlə həyata keçirilib. Təəssüf ki, bu situasiyanın hazırda da davam etməsinə, Dövlət Dumasının da deputatlarının iştirakı ilə mətbuat konfransının keçirilməsinə baxmayaraq mən Rusiya Federasiyasi XİN-in və digər orqanların bu insanların taleyi ilə maraqlanmaq üçün kifayət qədər səy göstərdiyini hiss etmirəm.
Mənə elə gəlir ki, bu, mühüm məsələdir. Onlar ləzgi xalqının nümayəndələridir. Siz iki ölkə sərhədi ilə bölünmüş ləzgi xalqının problemini gözəl bilirsiniz. Rusiya ərazisində ləzgi xalqı heç bir problemlə üzləşmir, ləzgi dili Dağıstan ərazisində dövlət dillərindən biridir. Yeri gəlmişkən, Azərbaycan dili kimi. Ancaq indiki halda mən sizin köməyinizi və müvafiq strukturlara bu insanların taleyi ilə maraqlanmaq üçün göstəriş verməyinizi xahiş edərdim. Çünki hesab edirəm ki, onların həbsi təkcə beynəlxalq hüquqa və Rusiya Federasiyasına qarşı deyil, prezident kimi sizə qarşı da çağırışdır”.
M.Şevçenko çıxışını davam etdirib və bir daha vurğulayıb ki, sözügedən şəxslər ləzgi təşkilatının rəhbərinin qohumları olduqları üçün tutulublar.
V.Putinin cavabı isə çox qısa və ümumi olub: “Yaxşı, baxarıq... XİN-ə belə tapşırıq verərik”.
Toplantının stenoqramı Kremlin rəsmi saytında yerləşdirilib.
Bundan əvvəl saytımız xəbər vermişdi ki, prezidentlər İlham Əliyevlə Vladimir Putinin Bakıda 7 saatlıq danışıqlarında bir çox məsələlər kimi ləzgilərin həbsi məsələsinə də toxunulub. Azərbaycan prezidenti rusiyalı həmkarını ölkədə iğtişaşlar törətməyə çalışanların planları barədə məlumatlandırıb və belə görünür ki, Putinə həbs edilmiş ləzgi fəalları ilə bağlı kifayət qədər ciddi dəlillər təqdim olunub. Putin və Rusiya dövlət strukturları ləzgilərin apardığı geniş kampaniyaya baxmayaraq indiyədək bu həbslərlə bağlı rəsmi reaksiya verməyiblər.
Göründüyü kimi, Arif Kərimovun özünün də iştirak etdiyi toplantıda M.Şevçenkonun geniş müraciətinə baxmayaraq Putinin cavabı etinasız və qısa olub: “Baxarıq...”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?