Çeçenistanın rəhbəri Ramzan Kadırov koronavirusa qarşı anticisimlər üçün verdiyi testin nəticələrinin neqativ olduğunu və beləliklə onun koronavirusa yoluxaraq xəstələnmədiyini bildirib.
May ayında İnterfaks da daxil olmaqla Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində Kadırovun koronavirusa yoluxduğu və Moskvada xəstəxanada ağır vəziyyətdə olduğu haqda məlumatlar verilmişdi. Bu xəbərlər Kadırovun bir neçə gün ərzində ictimaiyyət qarşısına çıxmaması və onun üçün qeyri-adi olaraq sosial şəbəkələrdə paylaşımlar etməməsindən sonra verilmişdi. Çeçenistan hakimiyyətinin rəsmiləri Kadırovun xəstə olduğu və xəstəxanaya yerləşdirildiyi ilə bağlı xəbərləri inkar etsə də, onun özü bir neçə gündən sonra ictimaiyyət qarısına çıxaraq, xəbərləri şərh etməsə də, hər bir insan kimi onun da xəstələnmək, “sistem qoyub, immunitetini qaldırmaq” hüququ olduğunu demişdi.
May ayında Qroznıdan Moskvaya bir neçə dəfə sərnişin təyyarəsinin uçuşları olduğu məlumdur. KİV-lər bunu Kadırovla əlaqələndirir. Çeçenistan rəhbəri şəxsi təyyarəsi olmadığını bildirir.
Kadırov anticisimlərin olmaması haqda VKontakte səhifəsində yazıb. Bununla yanaşı Kadırov onunla birlikdə test olunan Çeçenistanın KVN komandasının və onun aparatının üzvlərində anticimlərin aşkar edildiyini qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?