Rusiyanın müxtəlif bölgələrində müxalifət lideri Aleksey Navalnını azad etmək tələbiylə keçirilən aksiyalarda onlarla insan saxlanılıb.
Şənbə günü ilk aksiyalar Rusiyanın şərqində keçirilib. Daha sonra nümayişlər silsiləsi Moskva və Sankt-Peterburq şəhərləri də daxil, Rusiyanın qərbinə yönlənib.
Mitinqdən əvvəl hüquq-mühafizə orqanları "qanunsuz keçirilən" mitinqlərə yol verilməyəcəyini bildirib.
Etirazlara qatılmaq barədə çağırış Aleksey Navalnının həbsindən sonra səslənib. Ötən ilin avqust ayında sinir-iflic maddəsinin istifadəsiylə həyata keçirilən hücumdan sonra, Almaniyada müalicə olunan Aleksey Navalnı 18 yanvarda Moskvaya qayıdarkən 30 gün müddətinə həbsə alınıb. O, özünə qarşı hücuma görə şəxsən Prezident Putini ittiham edib. Kreml ittihamları rədd edir.
Aleksey Navalnının həbsindən sonra, onun başçılıq etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu tərəfindən "Putinin sarayı" barədə videoaraşdırma yayılıb. Navalnının sözlərinə görə, Qara dəniz sahilindəki Prezidentə məxsus nəhəng imarətin inşası Vladimir Putinə yaxın sahibkarlar tərəfindən maliyyələşdirilib. Kreml iddiaları "cəfəngiyat" adlandırır.
Prezident Vladimir Putinə məsxus olduğu iddia edilən imarət haqqında videoaraşdırma bir neçə gün ərzində 65 milyon dəfə izlənib
Cümə günü Rusiya Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Moskvada və digər şəhərlərdə planlaşdırılan icazəsiz aksiyalarda həm təşkilatçıların, həm də adi iştirakçıların məsuliyyəti barədə xəbərdarlıq edib.
Ötən axşam Baş Prokurorluq bildirib ki, etiraz qatılanlara qarşı üç ildən səkkiz ilədək cəzanı nəzərdə tutan "kütləvi iğtişaşlar" haqqında maddə ilə bağlı ittiham təqdim oluna bilər.
Mitinqə iki gün qalmış təhlükəsizlik qüvvələri bəzi fəalları saxlayıblar. Bəzilərinə isə xəbərdarlıq edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?