“Qarabağ məsələsində irəliləyiş olarsa, həm sərhəd qapısı açılar, həm də dəmir yolu əlaqəsi bərpa olunar və münasibətlər inkişaf edər” Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla sərhəd qapısını açmaq üçün hazırlıq gördüklərini və Azərbaycanı razı sala bilsələr, bunun gerçəkləşəcəyini bəyan edib. APA-nın “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu bunu Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının üzvləri ilə görüşündə deyib.
Toplantıda Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır millət vəkili Sinan Oğan Türkiyə-Ermənistanla sərhədində və iki ölkə arasındakı dəmir yolunda iş getdiyini deyib və bu işlərin sərhədin açılmasına hazırlıq olub-olmadığını soruşub. Ə. Davudoğu suala cavabında sərhədi açmaq üçün hazırlıq gördüklərini təsdiqləyib: “Bizim belə bir çalışmamız var. Azərbaycanı razı sala bilsək, bir sürpriz ola bilər”.
Lakin nazir bu işlərin 2015-ci ilə hazırlıq çərçivəsində aparıldığını söyləyib: “Bizim tələbimiz Ermənistanın Qarabağdan çəkilməsidir. Bu məsələdə irəliləyiş gözləyirik. Əgər irəliləyiş olarsa, həm sərhəd qapısı açılar, həm də dəmir yolu əlaqəsi bərpa olunar və münasibətlər inkişaf edər. Amma biz bunu Azərbaycanla bərabər etmək istəyirik”.
Qeyd edək ki, yaxın vaxtlarda Ə. Davudoğlunun Azərbaycana səfəri gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?