David Şahnazaryan: “Rusiyanın Ermənistanda hərbi-siyasi mövcudluğu regionda sabitliyə və təhlükəsizliyə əsas təhlükədir” “Moskva Bakını öz “inteqrasiya” layihələrinə qoşmaq üçün ən geniş təzyiq vasitələrinə əl atacaq”
Rusiyanın Güney Qafqaza yönəlik hərbi-siyasi prioritetləri bəllidir. Putin hökumətinin son vaxtlar bu yöndə apardığı kursu ciddi şəkildə sərtləşdirərək bölgə ölkələrini “ya ya” seçimi qarşısında qoymağa başlaması, əldə edilən uğur - Ermənistanın 3 il yarım danışıq apardığı Avropa İttifaqına arxa çevirib Gömrük İttifaqına sözsüz daxil olması - Kremlin niyyətlərinin ciddiliyini çılpaqlığı ilə ortaya qoyub.
Simptomatikdir ki, Moskvanın imperiya davranışını işğalçı Ermənistanda da başa düşən və bu davranışın region, hətta Avropa təhlükəsizliyi üçün ağır nəticələrini hesablayan analitiklər var. Onlardan biri də 1992-1995-ci illərdə Ermənistan prezidentinin xüsusi məsələlər üzrə səfiri olmuş, ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı (1994-95-ci illər) David Şahnazaryandır. Onun noyabrın 6-da Brüsseldə, Avropa Siyasəti Mərkəzində “Rusiya və Cənubi Qafqaz” mövzusunda keçirilmiş konfransa təqdim elədiyi məruzədə bu xüsusda bir sıra maraqlı tezislər əksini tapıb.
Rusiyanın Qarabağ məsələsi ilə bağlı perspektiv planlara toxunan Şahnazaryan bildirir ki, bu planların konturları artıq üzə çıxmaqdadır: “ Plan dinc nizamlama prosesində Minsk Qrupunun real irəliləyiş əldə eləmək imkanı sıfıra endirmək, status-kvo-nu hər an istədiyi kimi öz xeyrinə dəyişmək üçün danışıqlar prosesində aparıcı vasitəçi statusu qazanmaq, münaqişə tərəflərinə hərbi silah-sursat verməyi gücləndirmək, təmas xəttində daim gərgin atmosfer saxlamaq və bütün bunların yekunu olaraq sülhməramlı qüvvələr adı altında münaqişə zonasında Rusiya hərbi kontingentinin yerləşdirilməsinə nail olmaq”.
Analitik bu kontekstdə Gümrüdəki 102 saylı Rusiya hərbi bazanın roluna da toxunub. Sitat: “Ermənistandakı rus bazasının öz hərbi güc və vasitələrini rəsmi Kremlin lazım bildiyi halda operativ şəkildə Qarabağ zonasına keçirmək potensialı son vaxtlar sürətlə artırılır. Moskva bir tərəfdən faktiki surətdə Azərbaycanı silahlandırmaqla bölgədə hərbi disbalans yaradır, digər tərəfdənsə bu balansı bərpa eləməyə çalışır - lakin Ermənistanı silahlandırmaqdan daha çox, məhz 102 saylı bazasını gücləndirməklə, yəni özünü silahlandırmaqla”.
Məruzədə daha sonra deyilir: “Moskva Xəzərdə də sərt addımlara hazırlaşır, çünki o, Türkmənistanın ”böyük qazı"nın, həmçinin Azərbaycanın öz qazının Rusiyadan yan keçməklə dəniz və Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxarılması planlarını pozmaqda israrlıdır. Gözləmək olar ki, Rusiya Bakını öz “inteqrasiya” layihələrinə qoşmaq üçün ən geniş təzyiq vasitələrə əl atacaq. Bundan əlavə, Gürcüstanın Avropa Birliyi və NATO-ya inteqrasiya yolundan çəkindirmək üçün mümkün hər vasitəyə əl atmaqda davam edəcək. Kreml Gürcüstana Ermənistandan fərqli olaraq daxili siyasi vəziyyətə effektiv təsir eləmək rıçaqlarına malik olmadığından, Tiflisə qarşı iqtisadi sanksiyalar tətbiq edəcək, Cənubi Osetiya, mümkündür ki, həm də Abxaziya ilə inzibati sərhədlərində vəziyyəti gərginləşdirəcək, habelə, Gürcüstan daxilində milli azlıqlardan istifadə edib yeni gərginlik ocaqları yaratmaqla onun öz qonşuları ilə münasibətlərini korlanmasına səy edəcək - hansı cəhdlər ki, uzun illər ərzində uğursuz nəticələnib".
Şahnazaryana görə, “Gümrüdəki hərbi bazanın yeni hədəfləri nəzərə alınmaqla Rusiyanın Ermənistanda hərbi-siyasi mövcudluq faktı Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə əsas təhlükədir”. Sabiq MTX başçısına görə, Rusiya bu gün bütün səviyyələrdə dərin sistemli böhran keçirir və mahiyyət etibarilə, “inteqrasiya” layihələri də Rusiyanın öz daxilində mərkəzdənqaçma proseslərini ləngitməyə yönəlib: “Hələliksə Rusiya ”inteqrasiya" layihələrinə bükülmüş neoimperiya siyasətini genişləndirməkdədir. Və bu, təkcə onun qonşuları və “Şərq tərəfdaşlığı” ölkələrinə yox, bütövlükdə ümumavropa təhlükəsizliyi üçün ciddi hədə təşkil edir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?