Gundemxeber.az » Dünya » Səfirliyə hücumun arxasında hansı qüvvələr dayanır? – Yasir Əl-Həbib İranın agentidirmi?
Ötən gün baş verən hadisə isə Yasir Əl-Həbib tərəfdarlarının səfirliyə ilk hücumu deyil. Belə ki, 2018-ci ildə də dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq, İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər.
Onu da qeyd edək ki, hadisədən bir neçə saat sonra “Mehdinin Xidmətçiləri” təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər “Twiter” hesabından açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycan hakimiyyətinin ölkədə “Hüseyni ayinlərə qarşı mübarizəsinə” etiraz əlaməti olarq “Xuddam əl-Mehdi” (Mehdinin Xidmətçiləri) təşkilatının bir qrup üzvü Azərbaycanın Londondakı səfirliyinə hücum edərək Mehdinin bayrağını qaldırıb.
Bu mövzuyla bağlı “Orta doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “AzPolitika.info”-ya şərhində bildirib ki, baş verən hadisə qanunsuz şəkildə Azərbaycan Respublikasının ərazisinə soxulmaq deməkdir. "Təsəvvür edin ki, hansısa qruplaşma Azərbaycanın dövlət sərhədini pozaraq, ölkə ərazisinə daxil olub. Ötən gün baş verən hadisələr ilk növbədə bu cür dəyərləndirilməlidir. Bu məsələdə "Vyana Konvensiyası"nın 22 və 25-ci maddələri kobud şəkildə pozulub. Həmin maddələrdə bildirilir ki, səfirlik və diplomatik missiyaların əraziləri, əməkdaşlarının toxunulmazlığı səfirliyi və diplomatik missiyaları qəbul edən ölkələrin başlıca vəzifəsidir. Baş verənlər onu deməyə əsas verir ki, Azərbaycanın Londondakı səfirliyinin binası, əməkdaşlarının təhlükəsizliyi yerli polis orqanları tərəfindən lazımi səviyyədə qorunmayıb. Hər halda bina yaxşı mühafizə edilsəydi, həmin şəxslər səfirliyin eyvanına çıxaraq şüar səsləndirə bilməzdilər".
Politoloq xatırladıb ki, sözügedən hadisə Azərbaycanın Qarabağda qanunsuz erməni dəstələrinə qarşı "Qisas" əməliyyatı keçirməyə başladığı bir vaxtda baş verib: "Bu tip qrupların erməni lobilləri tərəfindən maliyyələşdirildiyi istisna edilmir. Rəsmi Londonun 44 günlük Vətən müharibəsində, həmçinin hazırda Azərbaycan qazının Avropa bazarına çıxarılmasında müstəsna xidmətləri var. Ehtimal etmək olar ki, bu hücum da məhz Azərbaycan-Böyük Britaniya əlaqələrinə kölgə salmağa hesablanıb".
"Bu qruplaşmanın rəhbəri Yasir Əl-Həbib 1979-cu ildə Küveytdə anadan olub. Özünü sağ radikal qruplardan sayır. Qatı anti-sünni mövqeyi ilə seçilir. O, Əbubəkir, Əmir Xəttab və Peyğəmbərin qızı Ayşəyə qarşı etdiyi radikal çıxışlarına görə ölkəsində bir il həbs olunub. Daha sonra Küveytə, oradan da İraq və İrana səfər edib. 2004-cü ildən Böyük Britaniyaya sığınıb və bu ölkənin vətəndaşlığını alıb. İranın Qum şəhərində Məhəmməd Riza Şirazi adlı Ayətullahdan dərs alan Yasir Əl-Həbib, orada Müctəba Şirazinin qızıyla evlənib. O, İrandakı Şirazilər dini şəbəkəsinin qatı tərafdarlarından hesab olunur. Yəni, İran və Yasir Əl-Həbibi birləşdirən yeganə nüans Qum məktəbidir. Başqa sözlə, Yasir Əl-Həbib Qum ideoloji məktəbinin davamçısıdır. Onun başqa aksiyalar keçirməsiylə və ya digər bu kimi məsələlərdə iştirakıyla bağlı başqa faktlar yoxdur. Ona görə də Yasir Əl-Həbibini İranın agenti və ya nümayəndəsi kimi qələmə vermək düzgün deyil", - ekspert bildirib.
Politoloq Tural İsmayılov da "AzPolitika.info"-ya şərhində bildirib ki, ötən gün baş verən hadisələr böyük təəssüf doğurur: "Hesab edirəm ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra dünyanın siyasi arenasında artan çəkisi və nüfuzu bir çox beynəlxaq gücləri narahat edir. Bu güclər müxtəlif təsir vasitələrindən istifadə edərək, Azərbaycanı zəiflətməyə və ölkə daxilində dezinformasiya burulğanı yaradaraq çaxnaşma salmağa çalışırlar".
Politoloq qeyd edib ki, hələ də İran ərazisindən Azərbaycana qarşı "kərimə dövləti" çağırışları edən radikal eksterimistlər Azərbaycana təhvil verilməyib: "Bu adamların apardığı təbliğat fonunda dünyanın müxtəlif ölkələrindəki radikal təşkilatların Azərbaycana qarşı koordinasiya edildiyini görürük. Daha öncə də "kərimə dövləti" çağırışları edən eksterimistlər tərəfindən Azərbaycanın Londondakı səfirliyi qarşısında tək adamlıq aksiyanın şahidi olmuşduq. Bu dəfə törədilən hadisə isə qrup şəklində baş verib".
"Bu vandalizmi İngiltərədə məskunlaşan xüsusi bir qrupun törətdiyi vurğulanır. Həmin qrupun nümayəndələrinin isə bir çoxunun Küveytdən olduğu bildirilir. Ancaq hesab edirəm ki, bu məsələnin arxasında digər qaranlıq qüvvələrin də əli var. Hər halda güman edirik ki, İngiltərə təhülkəsizlik orqanları bu məsələni obyektiv araşdıraraq, Avropanın mərkəzində Azərbaycanla siyasi-iqtisadi əlaqələri kifayət qədər yüksək olan bir ölkədə bayrağımıza və dövlətimizə qarşı törədilən hücumun təşkilatçılarını sərt şəkildə cəzalandıracaq",-deyə o, əlavə edib.
5-08-2022, 10:27
5-08-2022, 16:46
12-02-2014, 14:22
17-12-2018, 12:43
25-06-2019, 10:06
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?