Yanukoviçin iqamətgahı qarşısına xüsusi texnika yeridilir
Kiyevdə noyabrın 22-nə keçən gecədən etibarən hökumətin Avropaya inteqrasiya prosesini dayandırmasına etiraz olaraq mitinq başlayıb.
Virtualaz.org saytı Ukrayna mənbələrinə istinadən xəbər verir ki, aksiya iştirakçıları sosial şəbəkələr üzərindən təşkilatlanıblar. Kiyevin mərkəzinə, prezident iqamətgahı qarşısına bir neçə min adam toplaşıb.
Müxalifət liderləri də aksiyaya qatılıblar. Həmçinin Kiyevin Müstəqillik Meydanında (“Maydan Nezalejnesti”) 2 minə qədər adam toplaşıb. Jurnalistlər artıq meydana yeni ad da qoyublar - “Avromaydan”.
Etirazçıların bir hissəsi prezident Viktor Yanukoviçin Bankovoy küçəsində yerləşən iqamətgahına doğru irəliləyib. Lakin iqamətgaha gedən yol avtobuslarla bağlanıb, ərazidə xüsusi texnika yerləşdirilib.
“UDAR” partiyasının rəhbəri, məşhur boksçu Vitali Kliçko deyib ki, onlar meydana prezident Yanukoviçin mövqeyinə etiraz etmək üçün yığışıblar.
“Mən bütün toplaşanlara minnətdarlıq edirəm, onlar sosial şəbəkələr üzərindən bir-biri ilə əlaqə saxlayıb, zəngləşib meydana yığışıblar. Ona görə yığışıblar ki, vətəndaşdırlar və hansı ölkədə yaşayacaqlarına laqeyd deyillər. Biz indiki hakimiyyəti birlikdə dəyişdirəcəyik” - deyə Kliçko bildirib.
Hazırda həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun “Batkıvşina” partiyasının fraksiya rəhbəri Arseni Yasenyuk isə deyib ki, onlar noyabrın 24-də Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləmək üçün geniş mitinq keçirəcəklər.
“Əgər meydana minlərlə yox, yüz minlərlə adam çıxsa, bu, Ukrayna xalqının iradəsini əks etdirəcək” - deyə o bildirib.
Ukrayna müxalifəti Kiyev meriyasına müraciət edərək noyabrın 24-dən etibarən Müstəqillik Meydanında davamlı aksiyalara başlamaq üçün icazə istəyib. Lakin meriya meydanda çadırlar qurulmasına icazə verməyib. Kiyev milisi isə bildirir ki, paytaxta əlavə qüvvələrin yeridilməsinə ehtiyac yoxdur və etirazçılarla onlar özləri bacara bilər.
Kiyevlə yanaşı Ukraynanın Qərb bölgəsinin bir çox şəhərlərində də hökumətin qərarına etiraz olaraq aksiyalar keçirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?