Ukrayna qüvvələrinin ölkənin şərqində işğal olunmuş əraziləri azad etməyə çalışdığı bir vaxt Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiya qoşunlarının nəzarətində olan dörd bölgəsində hərbi vəziyyət elan edib.
Putin oktyabrın 19-da Təhlükəsizlik Şurasının onlayn iclasında bildirib ki, o, Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporijye vilayətlərində hərbi vəziyyətin elan edilməsi ilə bağlı fərman imzalayıb. Rusiya bu əraziləri keçən ay qanunsuz ilhaq edib.
Putin hərbi vəziyyətlə bağlı atılacaq addımlar barədə dərhal açıqlama verməyib, lakin sərəncamının oktyabrın 20-də gecə yarısından başlayaraq qüvvəyə mindiyini bildirib. Onun fərmanı ilə hüquq-mühafizə orqanlarına konkret təkliflər təqdim etmək üçün üç gün vaxt verilib.
Putinin bu addımı Ukraynanın cənubundakı Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş liderinin Ukrayna ordusunun irəliləməsi səbəbindən on minlərlə mülki vətəndaşın və Moskvanın təyin etdiyi rəsmilərin təxliyyəsinə başlanıldığını deməsindən sonraya təsadüf edib.
Vladimir Saldo oktyabrın 19-da bildirib ki, son iki gündə artıq 5 mindən çox insan bölgəni tərk edib.
Saldonun dediyinə görə, 50-60 min dinc sakin son 5-6 gün ərzində Dnepr çayının qərb sahilində yerləşən dörd şəhəri "mütəşəkkil, mərhələli yerdəyişmə" ilə tərk edəcək.
O, Xerson şəhərində Moskva tərəfindən təyin olunan bütün administrasiyanın da evakuasiya ediləcəyini bildirib.
Rusiya televiziyası Dnepr çayının sahilində bir neçə nəfərin qayıq üçün növbəyə dayandığını əks etdirən görüntüləri nümayiş etdirsə də, neçə nəfərin getdiyi məlum deyil.
İşğalçı dövlət tərəfindən mülki əhalinin öz nəzarəti altında olan ərazidən məcburi köçürülməsi və ya deportasiyası hərbi cinayət sayılır.
Saldonun bəyanatı Ukraynadakı Rusiya qüvvələrinin yeni komandiri general Sergey Surovikinin cənubdakı Xerson şəhərində vəziyyətin "ağır" olduğunu və Ukraynanın bombardmanları ilə üzləşən sakinlərin təxliyə edilməli olduğunu deməsindən sonra verilib.
"Rusiya ordusu hər şeydən əvvəl Xerson əhalisinin təhlükəsiz təxliyəsini təmin edəcək" - deyə, Surovikin bildirib.
Lakin Kyiv oktyabrın 19-da Rusiyanı Xerson sakinlərini “qorxutmaq” məqsədilə təbliğat şousu göstərməkdə ittiham edib.
Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak Telegram kanalında "Ruslar Xerson əhalisini ordumuzun şəhəri atəşə tutması ilə bağlı saxta mesajlarla qorxutmağa çalışır və təxliyə ilə bağlı təbliğat şousu təşkil edir" yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?