İran hökuməti ali dini rəhbər Ayətullah Əli Xameneyinin qohumunu onun rəhbərlik etdiyi hakimiyyətin “qatil və uşaq qatili olan rejim” kimi təsvir edildiyi videonu hazırlamasından sonra həbs edib.
Fəridə Muradxani ailənin İranın dini rəhbərliyinə qarşı müxalifətdə olan qoluna aiddir və özü bundan əvvəl ölkədə həbs olunub.
Onun qardaşı Mahmud Muradxani Twitter sosial şəbəkəsində Fəridə Muradxaninin noyabrın 23-də çağırış əsasında prokurorun ofisinə getdikdən sonra həbs edildiyini yazıb.
Bundan sonra noyabrın 27-də qardaşı YouTube kanalında iranlıların məruz qaldıqları “aydın və aşkar zülmü” pisləyən video yerləşdirib.
İranda sentyabr ayında 22 yaşlı gənc kürd qadın Məhsa Əmininin polisin nəzarətində olduğu zaman ölümündən sonra ölkə boyu etirazlar başlayıb. Bu etirazlar 1979-cu ildə İslam İnqilabından sonra İran teokratiyasının üzləşdiyi ən böyük sınaqlardan biri hesab edilir.
22 yaşlı Mahsa Əmini hicab qaydalarını pozduğu iddiası ilə İranın əxlaq polisi tərəfindən həbs edildikdən üç gün sonra sentyabrın 16-da vəfat edib. İran hökuməti polis nəzarətində Əmini ilə pis rəftar edilmədiyində israr etsə də, ailəsi onun saxlanıldıqdan sonra bədənində döyülmə izlərinin olduğunu deyir.
Birləşmiş Millətlər Təşkilatı İranı Məhsa Əmininin ölümündən sonra baş qaldıran etirazlarda İslam Respublikasının nümayişçilərə qarşı getdikcə daha qəddar hücumlarına görə kəskin tənqid edib.
İki aydan çoxdur davam edən etirazlar zamanı tez-tez ölkənin şəhərlərinin küçələrində baş verən toqquşmalarda 40-a yaxın uşaq da daxil olmaqla, 300-dən çox insan həyatını itirib.
İran təhlükəsizlik qüvvələrinin 46 əməkdaşının öldürüldüyünü bildirib, lakin hökumət bununla bağlı əlavə məlumat verməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?