İran dövlət mediası cümə günü İranın şimalda İraqla sərhədini möhkəmləndirmək və kürd müxalifət qruplarının sızmasının qarşısını almaq üçün sərhədə əlavə xüsusi təyinatlılar göndərdiyini bildirib.
Rəsmi İRNA xəbər agentliyinin bildirdiyinə görə, İranın İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının rəisi, general Məhəmməd Pakpur “zirehli və xüsusi təyinatlılar” bölmələrinin sərhəd təhlükəsizliyini gücləndirmək üçün qərb və şimal-qərb vilayətlərinə yerləşdirildiyini bəyan edib.
Sərhədə əlavə qüvvələrin yerləşdirilməsinin məqsədi İraqda sürgündə olan və Tehranın iddia etdiyi kimi, ölkə boyu hökumət əleyhinə etirazlar təşkil edən kürd müxalifət qruplarının şimala sızmasını və silah qaçaqmalçılığının qarşısını almaqdır. Kürd qrupları bu iddianı təkzib edir. İran isə bu günə qədər bunu təsdiq etmək üçün heç bir sübut təqdim etməyib.
İranın İraqla sərhədi yaxınlığında bir neçə hərbi bazası var və qüvvələr onilliklər ərzində növbəli şəkildə orada keşik çəkir.
İraq ordusunun sözçüsü general-mayor Yəhya Rəsul verdiyi açıqlamasında deyib ki, qoşunların artırılması İraqın İranın növbəti bombardmanının qarşısını almaq üçün sərhəd boyu təhlükəsizliyinin gücləndirilməsinə dair göstərişlər verməsindən sonraya təsadüf edib. Kürd müxalifət qruplarının İraqın kürdlərin idarə etdiyi şimal bölgəsində bazaları var.
İran boyu etirazlar 22 yaşlı gənc kürd qadın Məhsa Əminin sentyabr ayında polisin nəzarətində ikən ölümündən sonra başlayıb. Etirazlar 1979-cu il İslam İnqilabından sonrakı xaotik illərdən bəri İran teokratiyasının üzləşdiyi ən böyük çətinliklərdən birinə çevrilib.
22 yaşlı Mahsa Əmini İranın əxlaq polisi tərəfindən həbs edildikdən üç gün sonra, sentyabrın 16-da vəfat edib. İran hökuməti polis nəzarətində Əmini ilə pis rəftar edilmədiyinə israr etsə də, onun ailəsi onun saxlanıldıqdan sonra bədənində döyülmə izlərinin olduğunu deyir
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?