İranın Kürdüstan bölgəsindən olan tanınmış sünni din xadimi regionun sünni alimlərinin kütləvi həbslərini pisləyib və şiə din xadimlərinin bu məsələ ilə bağlı susmasını tənqid edib.
İranın Sistan-Bəlucistan və Kürdüstan vilayətləri baş yaylığını düzgün örtmədiyi iddiası ilə həbs edilən 22 yaşlı kürd qadın Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra iğtişaşlara səhnə olub.
Kürdüstan Hüquq Assambleyasına rəhbərlik edən Həsən Əmini AzadlıqRadiosuna "Mamusta" kimi tanınan 20-dən çox sünni din xadiminin etirazçıları müşayiət etdiklərinə və onların tələblərini dəstəklədiklərinə görə kürdlərin yaşadığı müxtəlif şəhərlərdə həbs edildiyini, bir neçə nəfərin isə çağırılıb dindirildiyini bildirib.
Əmini deyib ki, İran etirazları yatırtmağa çalışır, "lakın tələblərin heç birinə hökumət tərəfindən müsbət cavab verilməyib".
"Sünni liderlər etiraz bəyanatları yazmaqdan, çıxışlar etməkdən və tələblər irəli sürməkdən çəkinməyib. Amma hökumət, tolerantlıq göstərmir və insanlara "danışmamalısan, tələb etməməlisən" deyir" - deyə, Həsən Əmini əlavə edib.
İranın iki tanınmış sünni ruhanisi Molavi Nəqşbəndi və Molavi Əbdülməcid indiyədək həbs olunanlar arasındadır.
Yanvarın 19-da AzadlıqRadiosuna verdiyi müsahibəsində Əbdülməcid hökuməti Sistan-Bəlucistan vilayətinin mərkəzi və etiraz hərəkatının ocağı olan Zahedanda təhlükəsizlik mühiti yaratdığına görə tənqid edib və şəhərdə etirazların davam edəcəyini bildirib.
Hökumət 1979-cu ildəki inqilabdan bəri İslam rejimi üçün ən dərin problemlərdən biri olan və aylardır davam edən iğtişaşlara qarşı amansız repressiyaya başlayıb.
Sünni müsəlmanlar Sistan-Bəlucistan vilayətində və Kürdüstanda əhalinin əksəriyyətini təşkil etsə də, ümumilikdə şiələrin üstünlük təşkil etdiyi İranda əhalinin yalnız 10 faizini təşkil edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?