Rəsmilərin bildirdiyinə görə, militantlatın cümə axşamı səhər tezdən Pakistanın şimal-qərbində polis postuna hücumu və yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində 4 polis əməkdaşı həlak olub, 6 nəfər yaralanıb.
Ölümlə nəticələnən zorakılıqlar Əfqanıstanla həmsərhəd olan Heybər Paxtunxva vilayətinin Lakki Marvat rayonunda baş verib.
Vilayət polisinin bəyanatında militantların bölgədəki polis postuna basqın edərək, təhlükəsizlik qüvvələrinin 6 üzvünü yaralamasından və yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində polis avtomobilində 4 zabitin həlak olmasından sonra yaxınlıqdakı polis bölməsindən hadisə yerinə tez bir zamanda əlavə qüvvə göndərildiyi bildirilib.
Silah və bombadan istifadə edilən hücumun koordinasiyalı olduğunu iddia edən Pakistan Talibanı hücumun məsuliyyətini öz üzərinə götürüb. "Təhrik-i-Taliban Pakistan" və ya TTP kimi tanınan qanunsuz qruplaşma son aylar hücumlarını intensivləşdirərək, əksəriyyəti təhlükəsizlik qüvvələri olmaqla, yüzlərlə insanı qətlə yetirib.
Qiyamçı qruplaşma zorakılıqlarını ABŞ və NATO qoşunları Əfqanıstandakı iyirmi illik fəaliyyətinə son qoyaraq, ölkəni tərk etməsindən və 2021-ci ilin avqustunda Talibanın Əfqanıstanda hakimiyyətə qayıtmasından sonra artırıb.
Pakistan TTP-nin qaçaq liderlərinin Əfqanıstan bazalarından kənarda fəaliyyət göstərdiklərini iddia edir. Rəsmilər deyirlər ki, Taliban müharibədən əziyyət çəkən ölkədə nəzarəti ələ keçirdikdən sonra militantlar "əməliyyatlarını daha rahat" həyata keçirir.
Əfqanıstan Talibanının bir qolu və yaxın müttəfiqi olan Pakistan Talibanı da ABŞ və Britaniya tərəfindən terror təşkilatı kimi tanınır.
Pakistanın müdafiə naziri Xavaca Asif keçən həftə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qoşunlarının Əfqanıstanda tərk etdiyi silahların bir hissəsinin onun ölkəsində üzə çıxdığını, TTP və digər qiyamçıların daha çox silahlandırdığını deyib.
"Onların müasir silahları var. Buna heç bir şübhə yoxdur. Onların gecə görmə cihazları var" - deyə, Asif keçən həftənin cümə günü jurnalistlərə bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?