BMT-nin insan haqları üzrə baş komissarı Volker Turk İranı ölüm hökmü ilə bağlı "dəhşətli təcrübəyə" görə tənqid edib və edamların sayının "qorxulu" dərəcədə çox olduğu üçün hakimiyyət orqanlarını ölüm hökmünü ləğv etməyə çağırıb.
Volker Turkun rəhbərlik etdiyi İnsan Haqları üzrə Ali Komissarlığı yanvarın 1-dən bəri əsasən narkotik maddələrlə bağlı cinayətlərə görə azı 209 nəfərin edam edildiyini və bunların "qeyri-mütənasib sayda" azlıqları təmsil etdiyini bildirib.
İnsan Haqları üzrə Ali Komissarlığın bildirdiyinə görə, "hökumətdə şəffaflığın olmaması" səbəbindən edamların dəqiq sayı bilinmir və buna görə də bu rəqəmin "daha yüksək olması ehtimalı var".
"İranda bu il orta hesabla hər həftə 10-dan çox insan edam edilir ki, bu da onu dünyanın ən çox edam icraçılarından birinə çevirir" - deyə, Turk bildirib.
"Bu sürətlə İran keçən il təxminən 580 nəfərin edam edildiyi kimi, bu il də narahatlıq doğuracaq bir yoldadır. Xüsusən də ölüm hökmünün universal şəkildə ləğvi ilə bağlı artan konsensus nəzərə alındıqda, bu, dəhşətli təcrübədir" deyə, o əlavə edib.
İran son dörd gündə sosial mediadan "ateizmi təbliğ, dini və İslamı təhqir etmək" üçün istifadə etdiklərinə görə edam cəzasına məhkum edilmiş iki nəfəri - Yusif Mehrdad və Sədrullah Fazili Zarini, eləcə də iki il əvvəl Türkiyə hava limanında yoxa çıxan və terrorizmdə ittiham olunaraq İranda həbs edilən isveçli Həbib Çaabı edam etdiyini etiraf edib.
Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının məlumatına görə, Tehran son iki həftədə hər altı saatda bir nəfəri edam edib.
Volker Turkun ofisi 22-si Bəluc azlığından olmaqla son 14 gündə əksəriyyəti narkotiklə bağlı ittihamlarla üzləşən azı 45 nəfərin edam edildiyini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?