“Baş verən hadisə ilə bağlı doğru-düzgün məlumat olmadığı üçün hələ ki, işin səbəbkarlarını müəyyən etmək mümkün deyil. Əhməd bəy də məlumat verəcək vəziyyətdə deyil. Mən ABŞ polisindən məlumat əldə etməyə çalışmışam. O məlumat artıq yayımlanıb. Bu səbəbdən də bu hadisənin kim tərəfindən törədilməsi ilə bağlı danışmaq hələ mümkün deyil. Əhməd bəyin, bizim düşmənlərimiz kim ola bilər? Bu hadisə Kaliforniyadakı erməni və fars qruplaşmaları tərəfindən törədilə bilər. Fars qruplaşmaları dedikdə; bu qruplar həm şahçılar, həm də İran iqtidar rejiminin tərəfindən ola bilər. Yəni hər iki tərəf bu addımı ata bilər. Hətta erməni qruplaşmaları olsa belə, onların arxasında belə İran izi axtarmaq lazımdır. Amma son sözü Əhməd bəy yaxşılaşdıqdan sonra özü deyə bilər və ya saxlanılan iki nəfərin istintaqı bitdikdən sonra məlum olacaq”…
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına Güney Azərbaycanlı siyasi şərhçi, yazar Məhəmməd Rəhmanifər danışıb. O, qeyd edib ki, hələ ki, şübhə İranın üzərindədir. İran deyildiyi zaman isə həm İran, həm də İran rejimi ilə “savaşan” şahçılar nəzərdə tutulmalıdır. Rəhmanifər hesab edir ki, şahçılar rejimdən daha çox düşmən sayılır. “Çünki onlar yaxşı bilir ki, Güney Azərbaycan Türklərinin onlarla çətin və ağır bir məsafəsi vardır. Biz şahçılar tərəfindən buna bənzər hərəkətlərin həyata keçirilməsinə, zaman-zaman Avropada və Amerikada şahid olmuşuq”-deyən fəal qeyd edib ki, amma belə hərəkətlər Güney Azərbaycan Türklərinin milli mübarizəsinə təsir etməyəcək. Əksinə onların bu tutduqları yolda daha iradəli addımlamasına səbəb olacaq. Rəhmanifər bildirib ki, bəzən belə hadisələr mübarizləri sarsıtmaq və ya qorxutmaq üçün həyata keçirilir. “Mahiyyət budur ki, Azərbaycan Milli Dövlətçilik Şurasının bəyannaməsində vurğuladığımız kimi bu gün kimdənsə qorxmuruq və tutduğumuz yolu da davam edəcəyik”-deyə siyasi şərhçi vurğulayıb. Xatırladaq ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da hücuma məruz qalıb. Verilən məlumata görə, onun barmaqları sındırılıb, boynunu qırmağa cəhd ediblər. Hücum 6 nəfər tərəfindən həyata keçirilib. ABŞ polisi onları yaxalayıb. Qeyd edək ki, Əhməd Obalı ailəsi ilə ABŞ-da yaşayır və ABŞ vətəndaşıdır. Əhməd Obalı, eyni zamanda GünAz TV-nin rəhbəri və qurucusudur. Obalıya qarşı hücum Azərbaycandan Amerikaya qayıtdıqdan sonra baş verib.
Sorğu
Yeni dizaynımız necədir?