ABŞ Davos Forumu çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenskidən Kiyevin özünü Rusiya Federasiyasından necə müdafiə etməyi planlaşdırdığını izah etməsini istəyəcək.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton Zelenski ilə Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı arasında münaqişənin strategiyanın hazırlanmasını çətinləşdirə biləcəyindən narahatdır.
Bloomberg öz mənbələrinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynadan Rusiya ilə müharibə aparmaq üçün aydın plan tələb etmək niyyətindədir.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, çox güman ki, yanvarın 15-də Davosda açılacaq Dünya İqtisadi Forumu çərçivəsində lazımi aydınlıq üçün Zelenskiylə söhbət edəcək.
Mənbələrdən biri Bloomberg-ə izah edib ki, Ukrayna ordusu hazırda 2024-cü il üçün hərbi kampaniya planı hazırlayır və Vaşinqton dəstəyini necə daha yaxşı əlaqələndirə biləcəyini anlamaq istəyir.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Konqresdən Ukrayna, İsrail və Tayvanı dəstəkləmək üçün 106 milyard dollar ayırmağı xahiş edib. Bu məbləğin 61 milyard dollarının Kiyevə göndərilməsi təklif edilir. Konqresdə Respublikaçılar və Demokratlar arasında olan fikir ayrılıqları səbəbindən bu paket hələ razılaşdırılmayıb. 2023-cü ildə Ukraynaya 250 milyon dollar məbləğində hərbi yardımın sonuncu paketi dekabrın sonunda ayrılıb.
Bloomberg-in məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Şurası dondurulmuş Rusiya aktivlərinin 300 milyard dollarlıq hissəsinin Kiyevə verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməyə hazırdır. Şura və ABŞ Konqresinin nümayəndələri şərh verməkdən imtina ediblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?