Türkiyə xarici işlər naziri İrəvana uçarkən nümayəndə heyətinin tərkibində gözlənilməz dəyişiklik edib
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu İrəvana səfərdə üç erməninin müşayiət etdiyi məlum olub. Davudoğlu İrəvana uçmazdan əvvəl onu müşayiət edəcək nümayəndə heyətinin tərkibində gözlənilməz dəyişiklik edib.
Nümayəndə heyətinin tərkibinə Türkiyədə nəşr edilən erməni qəzeti “Aqos”un baş redaktoru Rober Koptaşı, “Taraf” qəzetinin keçmiş baş redaktoru Marqara Yesayanı və ötən əsrin 90-cı illərinin əvvəllərində Levon Ter-Petrosyanla türk millətçilərinin lideri Alparslan Türkeş arasında görüş təşkil edən, hazırda Fransada yaşayan Türkiyə əsilli erməni iş adamı Samson Özararat daxil ediliblər.
Qəzet bu üç şəxsin nümayəndə heyətinə salınmasını “sürpriz” adlandırıb. Xəbər verildiyi kimi, Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısına qatılmaq üçün dekabrın 12-də İrəvana gedib. Türkiyə xarici işlər naziri erməni həmkarı Edvard Nalbəndyanla görüş keçirib.
O, görüşün mehriban atmosferdə keçdiyini bildirib və Azərbaycanın işğal edilmiş iki rayonunun boşaldılmasının əvəzində Ermənistanla sərhədlərin açılması təklifinin müzakirə edilmədiyini, bunun mətbuatın spekulyasiyası olduğunu açıqlayıb.
Ə.Davudoğlu Ermənistan prezidenti Serj Sərkisyan tərəfindən qəbul edilməyib. Onu müşayiət edən Türkiyə ermənilərinin İrəvan proqramı barədə isə məlumat yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?