"Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik."
ANS PRESS-in Anadolu Ajansına istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşündə deyib. Prezident Əhməd Davudoğlunun Türkiyədə parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etdiyini xüsusi vurğulayaraq bunun Türkiyə-Azərbaycan qardaşlığını göstərirdiyini deyib.
"Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Səfərə geniş nümayəndə heyəti gəlib, ikitərəfli görüşlər keçiriləcək. Bütün sahələrdə əlaqələr inkişaf edir və bu səfər də əlaqələrin inkişafında mühüm rol oynayacaq”.
Əhməd Davudoğlu isə öz növbəsində Azərbaycana gəlməsini belə şərh edib: “Azərbaycan “Can Azərbaycandır”, bizim canımızdır. Yeni hökumət üzvlərini də sizə təqdim edəcəm. Əlaqələrimiz genişdir, dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil. Sizi də seçkilərdəki uğurlarınız münasibəti ilə təbrik edirəm”.
Təkbətək görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulanıb. Münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev və Əhməd Davudoğlunun təkbətək görüşündən sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
İlham Əliyev və Əhməd Davudoğlunun təkbətək görüşü
***15:21***
İlham Əliyev Əhməd Davudoğlunu qarşıladı (FOTO)
Azərbaycana rəsmi səfərə gələn Türkiyənin Baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub.
ANS PRESS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Baş nazir Əhməd Davudoğlunun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib daha sonra İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlunu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisinin Türkiyənin Baş nazirinə raport verməsindən sonra isə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamlamasından sonra, Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Əhməd Davudoğluna, Türkiyənin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Daha sonra fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentin və Baş nazirinin qarşısından keçdi.
Rəsmi qarşılanma mərasiminin sonunda prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu rəsmi foto çəkdirdilər.
Əhməd Davudoğlunun Bakıya rəsmi səfəri 2 gün davam edəcək. Baş naziri səfərdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan , Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, köməkçiləri Yalçın Akdoğan və Mehmet Şimşək, İqtisadiyyat naziri Mustafa Elitaş, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çelik, Mədəniyyət və Turizm naziri Mahir Ünal, Nəqliyyat, Dənizçilik naziri Binali Yıldırım müşayiət edir.
Baş Nazirin müavini Əli Əhmədov Əhməd Davudoğlunu qarşılayır
Əhməd Davudoğlu Heydər Əliyev adına beynəlxalq hava limanında
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?