Avropa liderləri Britaniyada Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməkdə birliyə çağıran sammiti açıb.
Sammitdə Ukrayna prezidenti bu ayın əvvəlində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünə görə Macarıstanın Baş naziri Viktor Orbana üstüörtülü söz atıb. Britaniyanın Baş naziri Keyr Starmer Oksford yaxınlığındakı Blenheym sarayında Avropa Siyasi Birliyinin Sammitini açaraq, Avropanı Ukraynaya dəstəyini təsdiqləməyə və Rusiyanın təcavüzünə qarşı birləşməyə çağırıb.
"Rusiyadan gələn təhlükə bütün Avropaya yayıldığı üçün çoxumuz demokratiyamıza hücumları gördük. İnsanlar küçələrimizdə hədəf alınır. Hərbi təyyarələr hava məkanımıza daxil olur. Gəmilər sahillərimizdə gözətçilik edir. Bizim hamımızın üçün daha çox iş görmək vaxtıdır" - deyə, Starmer bildirib.
Sammitin əsas qonağı olan Ukrayna Prezidenti Volodimir Zelenski az sonra çıxış edərək, Avropanın Ukraynaya dəstəyini yüksək qiymətləndirib. O, "Putin həqiqətən güclü liderlərlə münasibətləri davam etdirə bilməz. Bu da bizim üstünlüyümüzdür" deyib.
"Lakin bu üstünlük biz birlik olduğumuz müddət qala bilər" deyə, Zelenski xəbərdarlıq edib.
Zelenski Baş nazir Orbanın adını çəkmədən, Macarıstan liderinin Moskvaya son səfərinə işarə edib.
"Əgər Avropada kimsə kiminsə arxasınca, hətta kiminsə hesabına problemləri həll etməyə çalışırsa, əgər kimsə müharibə paytaxtına bir neçə dəfə gedib danışmaq və bəlkə də bizim ümumi maraqlarımıza zidd, Ukrayna və ya digər dövlətlərin hesabınnəsə söz vermək istəyirsə, biz niyə belə adamla hesablaşırıq?”
Macarıstan iyulun 1-də Avropa İttifaqına sədrliyə başlayıb və Orban iyulun 5-də Moskvaya gedib. Orada o, Putinlə özünün dediyi "sülh missiyası" çərçivəsində görüş keçirib. Orban Kyivə də baş çəkərək, Zelenski ilə görüşüb. Sonra Pekinə və ABŞ-a səfər edib, ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşüb.
Britaniyada keçirilən sammitdə Orban da iştirak edir. O, sammitə gələn kimi jurnalistlərə Ukraynanı dəstəklədiyini desə də, Ukraynanın Rusiyanı məğlub edə biləcəyinə və münaqişənin döyüş meydanında həll oluna bilməyəcəyinə inanmadığını bildirib. O, atəşkəs əldə edilməsi və müharibəyə son qoyulması üçün danışıqları dəstəklədiyini qeyd edib.
Görüşdən əvvəl X sosial media platformasındakı rəsmi hesabında Zelenski Britaniyada olarkən Starmerlə ayrıca görüş keçirəcəyini və onların "Ukraynanı müdafiə və sənaye kompleksinə dəstək haqqında hökumətlərarası saziş imzalayacaqlarını", həmçinin gələcək müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklərini bildirib. Zelenski kral Çarlzla da görüşəcəyini bəyan edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?