Bundestaqın administrasiyası amerikalı milyarder İlon Mask Almaniya parlament seçkiləri ərəfəsində ultrasağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasına dəstək verdikdən sonra araşdırmaya başlayıb.
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, məmurlar Maskın bəyanatlarının Almaniyanın siyasi partiyalar haqqında qanununu pozub-pozmadığını yoxlayırlar. “Bundestaq administrasiyası hazırda bu məsələ ilə bağlı vəziyyəti aydınlaşdırır”, – Almaniya parlamentindən bildirilib.
“Die Welt”qeyd edib ki, Mask öz “X” sosial şəbəkəsində AfD-ni açıq şəkildə reklam edir. "LobbyControl" qeyri-hökumət təşkilatı bildirirdi ki, Maskın AfD lideri və Almaniyanın kanslerliyinə namizəd Alis Vaydel ilə 9 yanvar axşamı baş tutmuş açıq söhbəti “qanunsuz partiya ianəsi” və “siyasi reklam” kimi qiymətləndirilə bilər. Mask oxşar söhbəti 2024-cü ilin avqustunda seçilmiş ABŞ prezidenti Donald Trampla onun seçki kampaniyası zamanı aparmışdı.
Bundan əlavə, biznesmen açıq şəkildə “yalnız AfD Almaniyanı xilas edə bilər” bəyanatını vermişdi. Vaydel ilə söhbəti zamanı o, bu bəyanatı təkrarlamış, həmçinin “dəyişiklik istəyən” ölkə sakinlərini AfD-yə səs verməyə çağırmışdı.
“Die Welt”in izah etdiyi kimi, Almaniyanın siyasi partiyalar haqqında qanununa əsasən, üçüncü tərəflərin təşviqatı partiya ianəsi hesab edilir. Bu cür ianələr Aİ-yə üzv olmayan ölkələrdən qadağandır. Mask və “X” sosial şəbəkəsinin halında söhbət ABŞ-dən gedir.
Qeyd edək ki, İlon Mask dünyanın ən varlı adamıdır. Son vaxtlar o, ABŞ və Avropadakı sağçı populistləri dəstəkləyən bəyanatlar verir.
Mask seçilmiş ABŞ prezidenti Donald Trampın əsas tərəfdarlarından birinə çevrilib və onun seçki kampaniyasına 100 milyon dollardan çox vəsait yatırıb. Seçildikdən sonra Tramp biznesmeni Hökumətin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsinə namizəd göstərib.
“Financial Times” qəzeti xəbər verirdi ki, Mask müttəfiqləri ilə Kir Starmeri Böyük Britaniyanın baş naziri postundan necə kənarlaşdırmağı müzakirə edir. Öz növbəsində, Britaniya avroskeptik “Reform UK” partiyasının lideri Naycel Farac biznesmenlə maliyyə yardımı barədə danışıqlar apardığını bildirmişdi.
Bir sıra Avropa ölkələrinin liderləri Maskın siyasi fəaliyyətindən narahatdırlar. Xüsusilə Fransa Prezidenti Emmanuel Makron Maskı Almaniya seçkilərinə müdaxilədə günahlandırıb, İspaniyanın baş naziri Pedro Sançes isə biznesmeni “nifrət yaymaqda və nasizmin varislərinə dəstək verməyə çağırmaqda” ittiham edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?