Türkiyədə terror təşkilatı kimi tanınan və qadağan edilən Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının başçısı Abdullah Öcalan İmralı həbsxanasından yeddi dəqiqəlik görüntülü mesaj yayımlayaraq tərəfdarlarına "silahı qoyun" çağırışı edib.
Gundemxeber.az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Öcalan müraciətində terror təşkilatını silahlı mübarizədən və milli dövlət qurmaq məqsədindən imtina etməyə səsləyib. O bildirib ki, "artıq varlığımız tanınıb, indi demokratik siyasi proses başlamalıdır".
Öcalan, Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılması nəzərdə tutulan komissiyanın və silahların təhvil verilməsi prosesinin əhəmiyyətinə toxunaraq, bunu "tarixi nailiyyət" adlandırıb.
O, DEM Partiyası və digər siyasi qurumların da bu prosesə dəstək verməli olduğunu deyib:
"Sülhə və demokratik cəmiyyətə yalnız birlikdə nail olmaq mümkündür. Mən silahın deyil, siyasətin və ictimai barışın gücünə inanıram. Sizi də bu prinsipi həyata keçirməyə çağırıram. Son günlər regionda baş verən hadisələr atdığımız bu tarixi addımın nə qədər vacib və təcili olduğunu bir daha göstərdi", - deyə o bəyan edib.
Xatırladaq ki, Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan ilk dəfə fevralın 27-də tərəfdarlarına müraciət edərək, onları silahı yerə qoymağa və sivil yolla qurultay keçirərək, siyasi mübarizəyə qoşulmağa çağırıb. O bəyan edib ki, PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir. Mediada yayılan məlumata görə, 11 iyulda PKK-nın ilk döyüşçü qrupunun İraqın şimalında tərksilah prosesinə başlanacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?