Rusiya xarici işlər naziri Sergey Lavrov Malayziyanın paytaxtı Kuala Lumpurda ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşüb.
Gundemxeber.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Görüşdə Ukrayna ətrafında nizamlanma, İran və Suriya ətrafında vəziyyətlə bağlı substantiv, səmimi fikir mübadiləsi aparılıb.
"Rusiya və ABŞ xarici siyasət idarələri arasında konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirəcəklər", - Rusiya XİN-in bəyanatında deyilir.
Görüşdən dərhal sonra ABŞ-nin dövlət katibi Marko Rubio açıqlama ilə çıxış edib.
O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynada münaqişənin nizamlanmasına dair yeni təklifləri müzakirə etdiyini və onların tezliklə Ağ Evin rəhbəri Donald Trampa çatdıracağını bildirib.
Diplomat vurğulayıb ki, ABŞ Ukrayna danışıqlarında irəliləyişin olmamasından məyusdur, lakin bütün tərəflərlə təmasları davam etdirmək niyyətindədir.
Dövlət katibi deyib ki, o, S.Lavrovla münaqişəyə son qoymaq üçün "Yol xəritəsi"nin necə ola biləcəyi ilə bağlı bəzi təşəbbüsləri müzakirə edib.
Eyni zamanda, Marko Rubio bəyan edib ki, Vaşinqton Kiyevə silah tədarükünün dayandırılması ilə bağlı siyasi qərar qəbul etməyib, sadəcə olaraq sursat ehtiyatlarına baxış keçirib və müvəqqəti pauza verib
Sorğu
Yeni dizaynımız necədir?