Əgər Azərbaycanda qanun və Baş Prokuror varsa, rektor-deputat cinayət məsuliyyətinə alınmalıdır
İki gün öncə Azərbaycanda isə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev KİV-lərə açıqlama verərək detib: “2012-ci ilin sentyabr ayından bəri təxminən 12 müəllim işdən çıxarılıb. Buna səbəb rüşvətxorluq faktlarıdır. Onu da bildirim ki, indi bizim universitetdə tələbə-müəllim arasında hər hansı xoşagəlməz hadisə baş verərsə, o zaman ciddi ölçü götürülür”. Rektorun bu fikirlərinə tanınmış vəkil Aslan İsmayılovun münasibəti çoc sərt olub. Vəkil facebook səhifəsində yazıb: "Bunun adı rəzalətdir! Mənim bildiyimdən rüşvətalma ağır cinayətdir və buna görə günahkar şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu cinayəti bilib xəbər verməmə də cinayətdir. Həmin şəxs də cinayət məsuliyyətinə alınmalıdır.” Vəkil Şəmsəddin Hacıyevin məlum açıqlaması ilə bağlı daha sonra yazır: "Əgər Azərbaycanda qanun və Baş Prokuror varsa, Ş.Hacıyev cinayət məsuliyyətinə alınmalıdır, çünki özü etiraf edir ki, rüşvətxorluq faktlarını bilib və gizlədib. Əminəm ki, çoxları mənə sadəlöhv deyəcək. Sadəcə, mən qanunun tələblərini açıqladım" Elə bu ərəfədə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayevin ölkə rəhbərinə müraciəti yayılıb Redaksiyamıza daxil olan müraciəti bəzi ixtisarla dərc edirik: «Ölkəmizdə, xüsusiylə məhkəmə sistemimizdə qanunların aliliyi qorunsaydı, əminəm ki, Sizi narahat etmək məcburiyyətində qalmayacaqdım. Məlumat üçün diqqətinizə çatdırıram ki, ötən ilin noyabr ayının əvvəllərinə qədər İqtisad Universitetində rektorun müşaviri və kafedra müdiri vəzifələrində işləmişəm. Vəzifə borcumdan irəli gələn öhdəliyə uyğun olaraq universitetdə baş alıb gedən cinayət xarakterli əməllərin aradan qaldırılması üçün rektora təkliflərimi təqdim etməyim, hətta həyatıma qəsd edilməsinə səbəb oldu. Çünki həm rektora, həm Sizə yazdığım müraciətlər cibində mandat gəzdirən və onun üstünlüklərindən gen-boluna yararlanan Şəmsəddin Hacıyevə xoş gəlmədi və bundan sonra mənə qarşı heç bir əxlaq normalarına və qanunlara uyğun olmayan hücum planı işə salındı. Məcbur qalıb, təkrar Sizə - cənab prezidentə müraciət etdim. Ş.Hacıyev bundan bir həftə sonra məni “İqtisadi Kibernetika” kafedrasının müdiri və rektorun müşaviri vəzifələrindən azad etməklə yetmədi, hətta prezidentə müraciətimdən sonra 60 il can qoyduğum Universitet binasına daxil olub, həmkarlarımla görüşməyi də qadağan etdi. O, bir ildən çoxdur ki, millət vəkili toxunulmazlığından istifadə edərək, məni həbsxana şəraitində yaşamağa məcbur edib, vəzifəsinə, millət vəkilliyinə uyğun olmayan şəkildə əl-altıları vasitəsi ilə məni təhqir və təhdid də etdirir. Şəmsəddin Hacıyevin universitetin simasında yol verdiyi qanunsuzluqlar, rüşvət və korrupsiya halları ilə bərabər, kollektiv arasında sağalmaz münasibətlər yaratması çox ciddi narazılıq mənbəyi formalaşdırıb. Çox təəssüf ki, bəzi məmurların və xüsusi ilə məhkəmə sistemindəki ədalətsizliklər də Şəmsəddin Hacıyevin qanunsuz əməllərinə «çiçəklənməsi»nə zəmin yaradır. Universitetin saflığı uğrunda mübarizəmə görə, illər əvvəl 20 yaşlı oğlumu evimdə qətlə yetiriblər, həyat yoldaşım mənə verilən əzab və iztirablara tab gətirməyib vəfat etmişdir, bununla kifayətlənməyən universiteti dələduzlar yuvasına çevirənlər elmlər doktoru, 4 xarici dil bilən, İngiltərənin Notengem Universitetini bitirən qızıma da təzyiqlər etməyə cəhd göstərirlər. Mənə maddi və mənəvi təsir göstərib, Allah verən ömrü vaxtından əvvəl tərk etməyə sövq edirlər. Belə bir mənəviyyatın sahibi sənədləri saxtalaşdırmaq yolu ilə məni məhkəməyə vermiş və Ali Məhkəmənin sədr müavini Hikmət Mirzəyevin (Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevin qardaşı-redak.) vasitəsilə məni 400 - 500 manat cərimə etdirmiş, haqlı və qanuni iddialarımı rədd olunmasına nail olmaqdadır. Artıq cəriməyə görə pensiyamın yarısını da tuturlar. Mən heç kəsin köməyi və yardımı ilə yaşamağı özümə rəva bilməmişəm. Ş. Hacıyev və Hikmət Mirzəyev bu yaşımda, özü də sadaladığım elmi titullarıma rəğmən, məni dəhşətli xəta törətməyə sövq edirlər. Bunumu istəyirlər? Bir professorun kimlərisə qətlə yetirməsi və yaxud da kiminsə məni qətlə yetirməsini gözləmək kimin marağındadır? Nədir hakim dairələrin susqunluğunun səbəbi? Bəlkə Şəmsəddin Hacıyev çox məmurun, vəzifəli şəxsin gözünü kölgəli edib? Mən nə etməliyəm? Titullarımı boynuma bağlayıb küçələrdə dilənçilikmi etməliyəm? Xarici ölkə səfirləri və ya dövlət başçılarından mənə yardım etmələrinimi xahiş etməliyəm?” Şamil P.S. Yazıda adları çəkilən Şəmsəddin Hacıyevlə Hikmət Mirzəyevin mövqeyini də dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?