Suraxanı rayon şefi İlqar Abbasovun bioqrafiyası barədə inanılmaz faktlar faş olub; onun Sabunçu başçısı olan qudası ilə şərikli biznesi üzə çıxıb
Suraxanı rəhbərinin 11 ildir ki, rayondakı şıdırğı torpaq alverində kimlərlə əlbir olmasının şok siyahısı “Gündəm-xəbər”də...
Bakının diqqətdən kənarda qalan Suraxanı rayon icra hakimiyyəti daşı daş üstündə qoymayıb. Şəhərin mərkəzdən aralıda yerləşən bu rayonda məmurların əməlləri asanlıqla ört-basdır edilir.
Suraxanıda məmur özbaşınalığı o dərəcədə adi vərdişə çevrilib ki, insanlar bir növ adətkarda olublar. Çünki onlar rayon rəhbərliyindəki şəxslərin hərəkətlərinə öyrəşiblər.
Suraxanı icra başçısının vaxtilə qeyri-rəsmi məclislərn birində söylədiyi kimi: “Guya bilmirlər ki biz burda nə işlə məşğuluq, sökürük, dağıdırıq, satırıq...”
Torpaq satanların siyahısı
Bir müddət sonra icra başçısı İlqar Abbasovun bu sözünün mediaya sızmasına görə ona töhmət verildiyi də bildirilirdi. Fakt isə ondan ibarətdir ki, Bakının digər rayonları ilə müqayisədə Suraxanıdakı satmaq və sökmək əməliyyatı daha geniş vüsət alıb.
Belə demək mümkün olarsa, İ.Abbasov açıq bazar elan edib. Onun yan-yörəsindəki icra nümayəndələri, müavinləri də bazarın əsas aparıcı qüvvələridir.
Söhbət Suraxanı rayonunda gedən şıdırğı torpaq alverindən gedir. Rayon sakinlərinin sözlərinə görə, bu məsələlərdə müavinlər Rəşad Hacıyev, Etibar Yolçiyevin adları da hallanır.
“Gündəm-xəbər”in məlumatına görə, rayonun Yeni Suraxanı qəsəbəsinin icra başçısı və komandasının gəlir mənbəyinə çevrildiyi aşkar olunub.
Araşdırma zamanı o nəticəyə gəlinib ki, qəsəbə tikinti meydançasına və torpaq dəllalarının bazarına çevrilib. Qəsəbənin Yuxarı Mədən, 6-cı Köndələn və başqa küçələrində şıdırğı torpaq alveri gedir.
Bakının bu qəsəbəsi sanki torpaq satışı üçün salınıb. Suraxanı rayon icra başçısı İlqar Abbasov artıq Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi qoymayıb, indi də Yeni Suraxanını satışa çıxarıb.
İ.Abbasov Suraxanı rayon İcra Hakimiyyətində torpaq alverini bir neçə şəxsə həvalə edib. Suraxanıda tikinti üçün verilən sərəncamlara görə qeyri-rəsmi ödənişlər 5000 manatdan yuxarıdır.
Bundan başqa Hövsan qəsəbəsində "koneçni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək hazırda 2500-3000 manata satılır. Amma Hövsanda icra başçısının əsas gəlirli biznesi dəniz yaxınlığında torpaqlarda 30 yaxın villa tipli evlərin tikilərək satılmasıdır.
Bu biznesə icra başçısının ən yaxın adamı nəzarət edir. Son 5 ildə Hövsan qəsəbəsində dənizə yaxın ərazidə 80-dən çox ev tikilərək satılıb.
Media üzərindən aparılan araşdırmalar zamanı da məlum olur ki, Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov, Əmircan bələdiyyəsinin sədri Rəfael Cəfərov, Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov, Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev və Zığ bələdiyyəsinin sədri Kənan Nəsrullayevin adı torpaq alverində hallanır.
Qaraçuxurda yol pulunu kim yeyib?
“Gündəm-xəbər”in məlumatına görə, İ.Abbasovun əməlləri torpaq alveri ilə məhdudlaşmır. Suraxanı rayon icra başçısı Qaraçuxur qəsəbəsini viran qoyub. İlqar Abbasov Qaraçuxurun çala-çuxur yollarının nə vəziyyətdə olması ilə maraqlanmır... İcra hakiminin vecinə deyil ki, bu yollarda insanlar nə gəzir. Qaraçuxurun “Ərəblinski” adlanan massivində yollar fəlakət içindədir.
Qaraçuxurun yollar da baxımsızlıqdan məhv olub. Yay-qış bu yollarda biabırçılıq yaşanır. İ.Abbasov isə heç bir tədbir görmür. Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovdur.
Vətəndaşlar nə vaxt şikayət etməyə gəlsələr, sədri yerində tapa bilmirlər. Bu səbəbdən də vətəndaşlar problemlərini həll etməyə adam tapmırlar. Ondan əvvəlki sədr də eyni fəaliyyəti göstərib.
Qaraçuxur bələdiyyəsinə də hər il dövlət büdcəsindən dotasiya ayrılır. Lakin görünən budur ki, Qaraçuxur bələdiyyə sədri dövlətin büdcəsini şəxsi büdcəsi kimi istifadə edir.
Bakı şəhərinin digər ətraf qəsəbələri kimi Qaraçuxur, Bülbülə qəsəbələrində də bütün məhəllədaxili yolların abadlaşdırılması "Bakı və ətraf qəsəbələrin inkişafına dair” III Dövlət Proqramına daxil edilib. Amma İ.Abbasov bu proqramı dəfn edərək maliyyəni qəhətə çıxarıb.
Qəsəbənin problemləri həddən artıq çoxalıb. Əhali bu durumdan artıq cana yığıldığını bildirir. Bundan başqa şikayətçilər qaz, su, işıq problemindən gileylənirlər. Qaz şam kimi gəlir, işıqlar arabir sönür. Ən əsası da qazın təzyiqinin aşağı olması əhalini bezdirib.
Xatırladaq ki, İ.Abbasov bunları demişdi: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?”. Bu çıxış həm də əhaliyə münasibətin nəticəsidir.
Politoloq sahibkarın dosyesi
Bəs icra başçısı kimdir? Onun haqqında vikipediyada maraqlı məlumat var Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə Abbasov İlqar Namaz oğlu təyin edilib.
Bundan əvvəl İ.N.Abbasov Nərimanov RİH-in başçısı vəzifəsində çalışıb. İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə "Sənaye və mülki tikinti" ixtisası üzrə, Bakı Sosial İdarə etmə və Politologiya institutunu isə 1993-cü ildə "politoloq" ixtisası üzrə bitirib. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.
Bu informasiya təsdiq edir ki, ixtisasca politoloq olan İ.Abbasov icra başçısı vəzifəsinə tikinti idarələrində işləməklə, sonra sahibkarlıq fəaliyyəti göstərməklə gəlib. Yəni, hər hansı ictimai xadim deyil. Biznesmen olan başçısının bu gün də ticari imkanları genişdir.
Medianın yazdığına görə, Sabunçu icra başçısı Adil Vəliyev Suraxanının icra başçısı İlqar Abbasovla quda olduqdan sonra şərikli tikinti biznesinə rəhbərlik etməyə başlayıblar. Onlar maşın biznesinə də nəzarət edir.
O da qeyd olunur ki, İlqar Abbasovla şərikli tikinti biznesi quran Adil Vəliyev hər iki rayonda həyata keçirilən abadlıq işlərini oğlunun nəzarəti altında olan şirkətlərə verir.
Bu zaman külli miqdarda dövlət vəsaiti qiymətlərin şişiridilməsi vasitəsi ilə mənimsənilir. Elə sökülməsi nəzərdə tutulan «Talkuçka» ərazində tikiləcək olan yeni «göydələn» binaları da nəzarətində olan şirkətlərin həyata keçirəcəyi bildirilir.
Araşdırmalar göstərir ki, ötən illər ərzində İlqar Abbasov Suraxanı rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir iş görməyib.
Daha dəqiq desək, buna cəhd belə göstərməyib. Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb.
Məsələn, rayonun Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxu başçıya məxsusdur. İlqar Abbasov Suraxanı rayonuna və onun qəsəbələrinə, rayonun yerli idarə və müəssisələrinə də biznes strukturu kimi baxır.
İcra başçısı çamadan əhvalında?
Onu da deyək ki, bəzi icra başçılarının yola salınacağı haqda xəbərlər yayılmaqdadır. 2016-cı ildə özünü yaxşı tərəfdən göstərə bilməyən, haqqında müxtəlif xəbərlər çıxan, sakinlərin ən çox şikayət etdiyi etdiyi regionların icra hakimlərinin statistikası hazırlanır. Prezident masasına qoyulacaq siyahıda ilkin olaraq bir neçə nəfərin adı keçir. Yayılan xəbərə görə, qovluqda Bakının Suraxanı rayon icra başçısının da adı var. Məlumatda deyilir ki, İlqar Abbasovun başı xeyli vaxtdır dərddədir. Onun bir neçə ay qabaq qeyri-rəsmi məclislərin birində söylədiyi sözə görə postunu itirmək təhlükəsi sovuşmayıb.
İcra başçısının dedikləri yuxarı dairələrdə qəzəblə qarşılanıb. Hətta deyilənə görə, Suraxanın RİH başçısı vəzifəsiz qalmayacaq, onu ucqar dağlar rayonlarının birinə icra başçısı göndərilə bilər.
Bu məqamda prezident İlham Əliyevin icra başçılarına xəbərdarlığını yada salmaq yerinə düşür: “Kim vəzifənin öhdəsindən gələ bilmirsə işdən kənarlaşdırılacaq.Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. "Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr bütün xərclərini bağlaya bilərlər.
Amma gözləyirlər ki, bunlara nə qədər vəsait ayrılacaq. Onsuz da vəsait ayrılır. Bax, dövlət hesabına yollar, qaz xətləri, su xətləri çəkilir, hətta sayğaclar da qoyulur. Hansı ölkədə dövlət hesabına sayğaclar qoyulur?".
Bundan əlavə, RİH-lərin ləğvi də aktualdır və 13 vilayətin yaradılması təklif olunur. İnsanlar RİH-lərinin ləğv edilərək səlahiyyətlərinin ASAN xidmətə verilməsini arzulayır. Bu bürokratiyanın, rüşvətin kökünün kəsilməsinə xidmət edəcək. Bəzi icra başçıları keçmiş həmkarlarının taleyini yadırğayıblar. Belə olmasaydı bu gün bəzi regionlarda əhalini dövlətin üstünə qaldırmaq üçün özbaşınalıq, harınlıq, dələduzluq etməzdilər.
Görünür ki, kiminin torpağını, kimini mülkünü əlindən alır, kiminə şikayət etdiyi üçün təzyiq göstərilir, kimisi sosial müavinət almaq üçün süründürülür. Artıq insanların canını boğaza yığan RİH-lərində çalışan məmurlar gestapo rejimi yaradıb, qışda isti, yayda sərin kabinetlərində oturub maxinasiya sənədlərinə qol çəkməklə, şikayətçiləri hədələməklə məşğuldurlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?