Bu gün bəzi media nümayəndələrinə və “jurnalistlərə” verilən mənzillərlə bağlı ümumi siyahı açıqlandı və siyahı üzrə 255 mənzilin olduğu da bildirildi. Maraq kəsb edən hal o oldu ki, mənzillə təmin olunan jurnalistlərdən 130-nun adı öncədən açıqlansa da, 125-nin adı hansısa səbəblər üzündən, bu gün də ictimaiyyətdən gizlədilməkdədir.
22 iyul Milli Mətbuat günü ərəfəsində 22 milyon manat büdcə vəsaiti hesabına tikilən mənzillərin bölgüsü zamanı “şəffaflığın” hansı formada təmin edilməsi, bir daha əsl həqiqətləri ortaya qoymuş oldu. Düzdür, 22 iyul günü ilə 22 milyon vəsaitin birbinə müəyyən mənada oxşarlığı olsa da, birbirinə oxşar olmayan cəhəti isə, həmin tarixi gün ərəfəsində həmin vəsaitin yaratmış olduğu qalmaqallar oldu. Digər tərəfdən onu da vurğulamaq yerinə düşər ki, bölgü prinsipinin hansısa maraqlar, hansısa razılaşmalar əsasında baş tutduğu da iddia olunur. Çünki, 255 nəfərin içərisində elə “jurnalistlər”, hətta söylənilənlərə görə media aləmindən kənar olan elə şəxslər var ki, həmin şəxslərin digər ünvanlarda mənzillərinin olmasına baxmayaraq, bu gün onlar da belə bir təminolunmadan yararlanmağı bacardılar. Amma, “Gündəm Xəbər” qəzetinin əməkdaşı olan Şirin Cəfərinin lazımi sənədlərini, heç aidiyyəti üzrə komissiyaya vermək belə mümkün olmadı. Baxmayaraq ki, o, üstüstə 20 ildən bir qədər çox müddət ərzində Azərbaycan mətbuatında çalışmış və hər zaman məhsuldar fəaliyyəti ilə dərin iz də buraxmışdır. Bu gün isə o, ailə üzvləri ilə birlikdə Azərbaycan Texniki Universitetinin balansında olan bir otaqlı yataqxanada yaşayırlar. Onun sənədlərini komissiyaya verə bilməməsinə səbəb olan amillərdən biri də, barəsində çıxarılmış ədalətsiz məhkəmə qərarının varlığı oldu. Çünki, guya Şirin Cəfəri vergidən yayınıb və belə bir ad altında da, onunla bağlı çıxarılmış qondarma məhkəmə qərarı, atılacaq bütün addımların yolunu kəsdi.
Mənzillərin bölgüsünün həyata keçirilməsi zamanı atılan addımların əksəriyyəti, bu gün də daha böyük çevrənin müzakirə etdiyi mövzulardandır. Məhz, ona görə ki, tam əksəriyyət bölgü öncəsi şəffaflıq axtarsa da, son anda eşitdiklərimiz onu söyləməyə əsas verir ki, bir neçə nəfər şəxsin “fırlatdığı” oyunlar, çıxartdıqları qərarlar peşəkarları narazı, qeyri-peşəkarları isə razı sala bildi. Arzumuz budur ki, Allah-Təala peşəkar jurnalistləri sonrakı bölgülərdən, ələlxüsus həbsxanalardakı “mənzillər”dən uzaq etsin! Amma, bu cür bölgülərin varlığına baxmayaraq heç də ümidimizi üzməmişik. Çünki, o hala da inanırıq ki, ölkə rəhbərimiz cənab İlham Əliyev olub-keçənlərdən gec də olsa xəbərdar olacaq və gələcəkdə ədalətli bölgülərin keçirilməsi üçün, bəzi şəxslərə lazımi tapşırıqlarını da verəcək. Məhz, ona görə belə qənaətdəyik ki, cənab İlham Əliyev KİV nümayəndələri ilə görüşündə daim vurğulayır ki, “Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, məmurlar hansısa qüsurlar buraxsınlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?