Xalidə Ramazanova qayınlarını hansı əməllərinə görə ittiham edir?
Bir neçə gün bundan əvvəl “Gündəm Xəbər”in redaksiyasına Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Çərçiboğan kəndində qeydiyyatda olan, hal-hazırda Abşeron rayonu, Saray qəsəbəsi İ.Hüseynov küçəsi ev-53 ünvanda yaşayan Ramazanova Xalidə Məmməd qızı tərəfindən ünvanlanan və sanki hər kəsi dəhşətə gətirə biləcək şikayət ərizəsini oxuduqca dəhşətə gəldik. Xanım şikayətçi ünvanladığı ərizəsində qeyd edir ki, “üz-üzə qaldığım problemlərlə bağlı bu günə kimi aidiyyəti qurumlara yazdığım şikayətlərimin heç bir nəticəsi olmadığından, son anda onların ictimailəşdirilməsinə də qərar verdim. Onu da vurğulayım ki, mən iki övlad anasıyam və ailəmiz vaxtilə nümunəvi ailələrdən biri hesab olunurdu. Hər iki övladımı böyüdüb müəyyən yaş həddinə çatdırdım. İlk xoşbəxtliyim onda oldu ki, qız övladımı lazımınca tərbiyə etdim və onun ailə qurmasına da səbəb oldum. Bu gün bir ana olaraq onun xoşbəxtliyini gördükcə sevinirəm, sanki qürur hissi də keçirirəm. Oğlum Vəli Ramazanovun taleyi isə, ilk gündən məni sızıldatmaqdadır. Çünki, o, hələ azyaşlı vaxtlarında ikən olmazın xəstəliyə düçar oldu. Belə ki, onun ödündə şiş (palip) xəstəliyi əmələ gəldi. Oğlumun belə bir xəstəliyə düçar olması səbəbindən aidiyyəti qurumlara davamlı müraciətlərimizi ünvanlasaq da, çox təəssüflər olsun ki, bir kimsə bizə diqqət ayırmadı. Yəni, övladım dövlət tərəfindən hər hansı müavinətlə təmin olunmadı. Bütün bunlar mənim üçün hansısa formada keçici olsa da, ən ağrılı anım isə, vaxtilə hər kəsə nümunə olan ailəmin dağılması oldu. Belə ki, doğma qayınlarım Mübariz və Qabil Ramazanov qardaşları, hələ bir neçə il bundan əvvəldən başlayaraq mənə qarşı aqressiv mövqedə dayandılar və birbaşa ailəmin dağılmasına da səbəb oldular. Onlar həyat yoldaşım olan Habili və oğlum Vəli Ramazanovu hiylə işlədərək evimdən apardılar və özlərinə məxsus Bakı-Sumqayıt yolunun üstündə fəaliyyət göstərən “Pəhləvanların obyekti” adı ilə tanınan obyektdə işlətməyə başladılar. Bu gün adı çəkilən ünvan ən böyük əxlaqsızlıq ünvanlarından biri hesab olunsa da, təəssüflər olsun ki, hüquq-mühafizə orqanı əməkdaşları Ramazanov qardaşlarına hansısa maraqlar səbəbindən “qaşın üstə qara var” demirlər. Bu cür yanaşmanın varlığı nəinki məni, hətta tam əksəriyyəti də düşündürməkdədir”.
P.S. Hörmətli oxucular! Növbəti sayımızda Xalidə Ramazanovanın qayınlarının əməlləri barədə səsləndirdiyi ittihamlardan, onun ölümlə üz-üzə qalma təhlükəsindən və digər olaylardan bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
Sorğu
Yeni dizaynımız necədir?