Əlinə qələm alan bir kimsə görüb-bildiyi, yaxud da könül açdığı, gözoxşadığı nələrdənsə yazmaq istədiyi halda, son zamanlar hansısa şərəfsizin, axmağın sözünü eşidib elə onun özündən yazmalı olur. Məlum məsələdir, bütün dönəmlərdə iş olan yerdə işsiz qalıb dilini farağat qoymayan, iş görəni isə gözü götürmədiyindən boşboğazlıq edərək tanımayanlar da tapılır. Belələri bəlkə heç dədələrini də tanımırlar, odur ki, meşə çaqqalsız olmur.
Bəli, Azərbaycan təbiəti adı "Qırmızı kitab"a düşən ceyran yetirdiyi kimi, çaqqal da yetirir. Qəribə bir zamanda yaşayırıq. Bu gün demək istədiyim söz, məhz media aləmində çalışanlara aiddir. Yəni, bir az da özümüzdən danışaq .Özümüzü içəridən didib dağıdanlardan söz açsaq, zənnimcə yerinə düşər. Təəssüf hissi ilə deyək ki, bu gün sözümüzün başı-ayağı tənqiddir. Nəsə, tənqiddən olduqca çox danışırıq, olduqca çox yazırıq. Bəli etiraf etməliyik ki, bu gün məmur özbaşınalığı tez-tez rast gəldiyimiz bir hala çevrilib. Baxmayaraq ki, ölkə başçısı dönə-dönə belə bir problemlə bağlı haqlı iradlarını bildirir. Təəssüflər olsun ki, elə məmurlar da var ki, qohumlarının bu gün səlahiyyətli olmasından sui-istifadə edib, onun adından danışırlar. Yəni, həmin şəxs sanki özünü vəzifəli qohumu kimi səlahiyyətli sayır. Bir məmurun çiynindən neçə-neçə qohum-əqrəba sallaşır desək, heç də yanılmarıq. Bəzi vəzifə sahibi olan məmurlar dövlətin ona verdiyi kürsüdə bərk-bərk otururlar, amma ilk gündən xalqı yaxınlarının çirkin, özbaşına əməllərdən çəkinmələri üçün cəhd göstərmirlər. Belə halları həm tənqidi nöqteyi-nəzərdən, həm də hansısa təminatlar baxımından işıqlandıran media nümayəndələri də tapılır. Elə KİV nümayəndəsi var ki, neqativ halları tənqid edir, əslində bu cür addımlar sağlam addımlardır. İş olan yerdə əyri- əskik görüb, öz xeyirlərinə bəhrələnməyə çalışan media nümayəndələri də var ki, onlar media aləminin reketləridir. Elələri də var ki, heç bir sərbəst fikir yürütmədən, müəyyən qurumların, hansısa vəzifəli şəxslərin “əl-ətəyindən yapışanlar”, onlar isə muzdlulardırar. Jurnalist adına xələl gətirməklə mövcud vəziyyətdən öz xeyrinə istifadə edən həm məmur, həm jurnalist sonda bilməlidir ki, bu oyun uzun sürməyəcək, az keçməmiş ifşa da olunacaq. Bu gün hər kəsi ayaqda saxlayan, onların dövlətə, vətənə, xalqa, Prezidentə olan inamıdır. Bütün hallarda haqqın-ədalətin zəfəri danılmazdır. Ümumiyyətlə, dünya yaxşılardan hali deyil. Etiraf etməliyik ki, elə vicdanlı məmurlarımız da var ki, sağlamlığı, canı-qanı bahasına gecələr yuxusuz qalıb tikir, qurub-yaradır, işinin öhdəsindən layiqincə gəlməklə ölkə başçısının tapşırıqlarını yerinə yetirib, millətin gələcəyi naminə Fərhad kimi əlinə sözün əsl mənasında külüng götürüb çalışır. Həmin məmurun xalqına can yandırması, bir çox nadanların canını da təbii ki, yandırır. Oxucu yəqin təəccüblə soruşar ki, harda görmüsən ki, belə məmurlardan da yazırsan? Bu gün yazdıqlarımın ərsəyə gəldiyi məkan Gəncə şəhəridir. Regionun mərkəzi Gəncə şəhəri olduğundan, bu şəhərdə deyərdim ki, Avropa standartlarına uyğun abadlaşma, tikinti işləri artıq neçə illərdir ki, davam etdirilir. Etiraf edim ki, hansısa qələm sahibi, elə mənim özüm də olmaqla, bu gün şəhərdə həyata keçirilən çoxsaylı tikinti işlərindən, Dövlət Filarmoniyasında aparılan son tikinti işlərindən, orta təhsil müəssisələrinin, uşaq baxçalıarının əsaslı təmir olunmasından, yaxud da yaxın zamanlarda istifadəyə veriləcək və Qafqazın ən böyük ticarət obyekti hesab olunacaq obyektlərindən, hansı ki, sonda bu tikililərdə yeni iş yerləri açılacaq ki, həmin işlərdən yazdıqlarımız bu gün olduqca azdır. Artıq tikinti işləri başa çatmaq üzrədir, işlərin yekunlaşması şəhər sakinlərinə bir daha xoş əhval-ruhiyyə, şəhərə yeni ab-hava gətirəcək. Sakinlər uzun illərdir ki, artezian quyularından vurulan sulardan istifadə edirlər. Təsadüfi deyil ki, şəhərin əksər sakini öd, böyrək və s. kimi problemlərdən əziyyət çəkirlər. Demək olar ki, az müddətdən sonra sakinlər Göygöl suyu ilə təmin olunacaqlar. Necə ki, bu yay şəhər sakinlərinin əksəriyyətinin üz tutduqları Heydər Əliyev parkı, Park-Bulvar, uşaqlar üçün hər yaşayış yerinə yaxın salınmış kicik parklar, idman meydançaları, eləcə də yenidən inşa olunmuş filarmoniyanın açılışı Gəncənin ictimai, siyasi-mədəni həyatında yeni bir səhifə də olacaq. Dediklərimizi, yazdıqlarımızı görməyən kor, anlamayanlar isə, sağlamlıq durumu yerində olmayanlardır. Təəsüflər olsun ki, bu gün bütün bunlarla bərabər nəinki Gəncədə, hətta ölkəmizin digər regionlarında gözügötürməməzlikdən düşmən dəyirmanına su atanlar da var. Artıq uzun illərdir ki, Gəncədə fəaliyyət göstərən "şər-böhtan" mafiyasının iç üzü açılıb ifşa olunmaqdadır. Bəli, bu dünyada heç nə sirr olaraq qalmır. Demək olar ki, bu gün şəhərdə müzakirə obyektinə çevrilmiş mövzu, hələlik mafiyanın başı deyil, quyruğudur ki, o da ələ kecib. Yəqin ki, Gəncə təhsili ilə bağlı məqalələri izləyirsinizsə, o halda bilərsiniz ki, ağacı qurd icindən yeyir. Qurd demişkən, qurda yem tapılmayanda yan-yörəsindəki qurdu da yeyir, onu da biləsiniz. Əslində Azərbaycan lüğətində qurd sözünün iki mənası var. Bir var qurd, yəni canavar, bir də qurd-parazit. Bu gün sözüm qurd-parazitə aiddir. Qələmimi əlimə alıb qurd-parazitlərdən yazdıqca, sanki qələmimi onlara bulayıram. Bu gün kiminsə taleyinə xalqa su çəkmək, ayrı-ayrı parklar salmaq, yeni iş yerləri açmaq, bir sözlə xalqına, millətinə, dövlətinə qulluq etmək düşürsə, parazit -qurdlara isə xalqın, dövlətin verdiyi çörəyi yeyib, düşmən ətəyindən yapışıb ayaq yalamaqla yararlanmaq düşür. Əgər buna yaşamaq demək olarsa!... Neynək, yazıya pozu yoxdur deyiblər! Bəli, qismətində nədirsə o da nəsibin olacaq. Atalar yaxşı deyib ki, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Əgər bu gün "şər-böhtan" mafiyasının qismətinə təzə çəkilən kanalizasiya quyusuna düşmək düşübsə, bu da onun qismətidir. Son vaxtlar nağıllara çox inandığımdan, nədənsə tez-tez "Balıqçı ilə balığın nağılı" yadıma düşür. Yaman sentimental olmusan son zamanlar (oxucu iradı) Görəsən düşmən dəyirmanına su tökənlər heç fikirləşirlərmi ki, düşmən dəyirmanına kənardan nə qədər su töksən tök, heç bir xeyri olmayacaq. Anlamaq lazımdir ki, quyunun dibində su olmadısa, o halda quyu dolmayacaq. Nə isə, indi keçək əsas mətləbə. Məlum məsələdir ki, bu gün Azərbaycan bir çox maraqların kəsişdiyi ərazidə yerləşir. Bütün zamanlarda Azərbaycan dünya arenasında güclərin maraq dairəsində olub, hal-hazırda da belə bir olaylarda yaşamaqda davam edir. Dövlətimizi kənardan istəməyən qüvvələr, artıq içimizdə də yer almaqdadırlar. Bu belə olmasaydı, indi içimizdə pula-vara susayub millətə,dövlətə qənim kəsilənlər də olmazdı. Nə isə, heç də çox yuxarıdan getməyək, hələ gücümüz daxilində kiçik məsələlərin həlli ilə qənaətlənsək, yəqin ki, yaxşı olar. Bu günlərdə Gəncədə şagirdlərin ümümi forma geyinməsi ilə bağlı bir açıqlamaya gözüm sataşdı. Açıqlamada orta nəsilin yaşadığı, bəyəndiyi sovet təhsil sistemindəki praktikadan çıxmış və sinanılmış, hətta pedaqogikada öz təsdiqini tapan şagirdlərin ümümi məktəbli forması geyməsindən bəhs olunurdu. Belə ki, şagird ilk öncə məktəbə ümumi məktəbli formasında daxil olarkən, geyiminə görə digərlərindən seçilmir, bu da onun psixologiyasına müsbət təsir göstərir. Yəni, istənilən məktəbli özündə maddiyətdən irəli gələn kompleksiz təhsilə qədəm qoyur. Qaldı ki, formanın Azərbaycan istehsalı olması, bu tamam başqa bir söhbətin mövzudur. Görünür hansısa işbazlar təkcə Gəncədə deyil, ölkəmizin digər regionlarında istehsal olunan məhsulların qarşısını almağa cəhd göstərirlər. Yəni, Gəncədə yerli məhsulun deyil, hansısa bir dövlətin istehsal etdiyi məhsulların satışını təşkil edə bilmədiklərindən, heyfli qalmışlar və belə bir səbəblər üzündən də millətin hesabına pul qazana bilməyiblər. Belələrini iş yerlərində alın təri ilə çalışanların və ailələrini dolandırmaq istəyənlərin taleyi düşündürmür. Təəsüflər olsun ki, bu gün özünü "qələmim var" deyib, ortaya salanlar da var. Belələri hansısa iş adamının beş-üç manatına göz dikərək, halal zəhməti hesabına yaşayanı ac-yalavac qoymaqda maraqlıdır. Öz ölkəsinə xeyir verməyən, öz ölkəsində yaşamayan, hansısa dövlətin himayəsində yaşayıb Azərbaycan əleyhinə təbliğat aparanın işinə yaranmaqla yaşamaq, acınacaqlı yaşam tərzindən başqa bir zad deyil. Bir kimsə təhsil sistemində oyunbazlıq missiyasını sona qədər yetirə yetirmək haqqında öhdəliyi üzərinə götürsə də, bu dəfə deşifrə olundu. Araşdırmalarımızın nəticəsi isə hər iki halın mümkünlüyünü aşkar etdi və məlum oldu ki, yazı müəllifinin reket jurnalistliyin peşəkarlığına istinad etməsi, bu dəfə ifşa olunması ilə sonlandı. Baxmayaraq ki, bugünkü dava nə forma davası deyil, nə də hansısa məktəblə, məktəb direktorluğu ilə bağlı deyil, dava Molla Nəsrəddin demişkən “dava yorğan davasıdır”. Yəni, bu gün qəzet vasitəsilə oxucunu dezinformasiya edib, bu işlə məşğul olanların məqsədi, məramı hansısa maliyə dəstəyi aldığı təşkilatmı deyək, əclaf yığnağımı deyək, o halda bu lap əla olar, milləti uçuruma apararaq dövlətimizi götürməməzlikdir. O kəslər bəyənmədikləri dövlətin hesabına bu gün hamıdan yaxşı yaşadıqları halda, yenə də gözləri doymur, bütün zamanlarda gözləri əllərdə, əlləri isə yad ətəklərdədir. Bu hərhalda qeyri-normaldır. Bu cür ruhu xəstə olanlara dəstək verənlər, belələrinin kürəyinə sığal çəkib onları arxayın salanların işi, vəzifəsi, missiyası isə, onların belə bir addımından öz məqsədləri üçün istifadə etməkdir. Bu gün xalq öz cəfakeşini də, düşmənini də yaxşı görür. Artıq belələri bilməlidirlər ki, xalq reallığı görür. Bu xalq o xalqdır ki, bir neçə illər öncə boş vədlər hesabına işıqsız, qazsız, çörək növbələrində dururdularsa, bu gün əmin-amanlıq, bolluq içində rahat yaşayırlar. Artıq xalqı aldada bilməzsiniz, şirin pafoslu sözlərinizlə!. Haşiyə çıxaraq onu da bildirim ki, bəzi qələm sahiblərinə belələrinin əlindən dinclik olmasa da, hərhalda “haqq nazilər, amma üzülməz” deyərlər. Bu gün Gəncənin "şər- böhtan "mafiyası öz ampulasında fəaliyyət göstərsə də, etiraf edək ki, artıq onlar tanınırlar. Belələrinin kürəyinə əlini qoyan şərəfsizlərin çirkin oyunları məlum olsa da, hələlik buna susulur.
P.S. Deyirlər ki, şərəfsizin nə vətəni, nə də milləti olmur. Deyilənlərin ağırlığı elə ondadır ki, insan bütün halda ilk öncə vətənini, ailəsini, şərəf-ləyaqətini, millətini düşünüb yaşayır, müəyyən kəslərsə bunlardan məhrumdurlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?