Hələ bir müddət bundan əvvəl “Gündəm Xəbər” qəzetinin ayrı-ayrı saylarında “Dadaşevlərin işi” mövzusunda bir neçə dəfə məqalələr dərc etmişdik ki, həmin açıqlamalarda daha çox ailə-məişət məsələlərindən, tərəflər arasında yaşanan problemlərin varlığından və digər olaylardan bəhs olunurdu. Sözsüz ki, müxtəlif başlıqlar altında dərc olunan açıqlamalar redaksiyamıza ünvanlanan müraciətlər əsasında işıq üzü görürdü. Bu da KİV haqqında qəbul olunmuş Qanun əsasında atdığımız addımlar idi. Çoxsaylı oxucularımızın diqqətinə onu da çatdıraq ki, “Gündəm Xəbər” qəzetinin 21 avqust 2017-ci il tarixli sayında “Ölkəni silkəliyən yarım milyonluq “Dadaşev işi” haqda polisə sensasion-Faktlar”, 28 avqust 2017-ci il tarixli sayında “Ruslan Məmmədovun “kassa cihadı”, Araz Dadaşevin isə açıqlamaları”, 13 sentyabr 2017-ci il tarixli sayında isə “Hafiz Məhmudovun yoxluğu hansı faciələrə yollar açır?” başlıqlar altında məqalələr yayımlanmışdır. Belə bir məqalələr işıq üzü gördükdən sonra, adı dərc olunan məqalələrdə daha çox hallanan Ruslan Məmmədov redaksiyamıza təşrif buyurdu və yaşanan olaylarla bağlı onun da mövqeyini dərc etməyimizi xahiş etdi. O, bildirdi ki, “Araz Dadaşevin törətdiyi qanunsuz əməllərin nəticəsi olaraq, Azərbaycan Respublikası CM-nin 178.3.2. maddəsi ilə başlanmış cinayət işi üzrə, adı çəkilən şəxs tərəfindən mənə külli miqdada maddi zərər vurulduğu üçün, bu gün zərərçəkmiş şəxs qismində tanınmışam”.
Ruslan Məmmədovun belə bir açıqlamasından sonra “Gündəm Xəbər”in redaksiyasına dəvət olunan Araz Dadaşev, qarşı tərəfin bu cür açıqlamasını cəfəngiyyat adlandırdı və onu da bildirdi ki, “adı çəkilən şəxsin zərərçəkən şəxs qismində tanınması üçün, ortada hər hansı sübut yoxdur. Çünki, hal-hazırda bu işlə bağlı Bakı şəhər Baş Polis İdarəsində müəyyən araşdırmalar aparılır və toplanmış iş materialları adı çəkilən qurumun müstəntiqi Rauf Məmmədovun icraatındadır. Onu da bildirim ki, vaxtilə Ruslan Məmmədovun və onun bacısı Lalə Dadaşevanın nümayəndəsi olmuş İlqar Əliyev, hər iki şəxsin bir çox cinayət tərkibli əməlləri ilə bağlı müraciətini, adı çəkilən quruma təqdim etmişdir. Təqdim olunan materialların araşdırılması və işin icra olunması üçün, Bakı şəhər Baş Polis İdarəsindən də materiallar Xəzər rayon Polis İdarəsinə göndərilmişdir. Belə bir səbəblər üzündən də, mən şahid qismində polis idarəsində dindirilmişəm və az sonra hər iki şəxs barəsində istintaq araşdırmalarının aparılmasına da başlanılıb. Xəzər rayon Polis İdarəsində şahid qismində dindirildikdən sonra, mən ərizə ilə bu idarəyə müraciət edib onların cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişəm. Həmin vaxtdan bir neçə ay keçsə də, nə İlqar Əliyevin müraciətinə, nə də mənim yazıb təqdim etdiyim ərizəmə heç bir hüquqi qiymət verilməyib. Çox keçmədi ki, hansısa bir “sehrli əl”in vasitəsilə həmin iş Bakı şəhər Baş Polis İdarəsindən tələb olundu və bu günə qədər də işin gedişatı ilə bağlı heç bir məlumat yoxdur. Təqdim olunan müraciətin və yazmış olduğum ərizənin qanuni əsaslarla araşdırılması əvəzinə, hər iki şəxsin uydurma əsaslarla, hansı ki, Ruslan Məmmədovun iddia etdiyi torpaq sahəsi ilə bağlı Ali Məhkəmədə torpaq sahibinin xeyrinə qərar çıxarılsa da, hal-hazırda Bakı şəhər Baş Polis İdarəsində təkrar araşdırmalar aparılmağa başlanılıb. Bu işlə bağlı artıq RF-nın ölkəmizdəki səfirliyinə və aidiyyəti üzrə istintaq nəzarət orqanlarına da müraciətlər olunub. Ali Məhkəmənin elan olunmamış qərarını öncədən hansısa yollarla bilib və élan olunacağını bayram edən, eyni zamanda bu gün özünü hər kəsə zərərçəkmiş şəxs qismində təqdim edən Ruslan Məmmədovla bağlı və bu işlərin sifarişli hal olması bizdə şübhələr əmələ gətirdiyindən Baş Prokurorluğa, Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciətlər hazırlamışıq. -Ruslan Məmmədov “Gündəm Xəbər”in ayrı-ayrı saylarında “Dadaşevlərin işi” mövzusuna aid olan, amma ayrı-ayrı başlıqlar altında hazırlanan açıqlamalarla bağlı da yanaşmasını ortaya qoyur. Belə ki, o, bildirir ki, “əslində məqalələri hazırlayan əməkdaş mənim və adları çəkilən digər şəxslərin də, məqalələrdə sadalanan faktlarla bağlı münasibətimizi öyrənməli idi. Belə bir addımın atılmaması səbəbindən, adı çəkilən mətbu orqanda qeyri obyektiv, birtərəfli və qərəzli məlumatların yayımlanmasına şərait yaranmışdır”. - Bəli, Ruslan Məmmədovun iradı haqlı iraddır. Amma, onu da unutmaq olmaz ki, qarşı tərəflə heç bir təmasımız olmadığından ötən müddət ərzində biz onlarla nə kənar ərazilərdə, nə də redaksiyamızda görüşüb münasibətlərini öyrənə bilməmişdik. Bundan əlavə, redaksiya rəhbərliyinin əməkdaşlara vermiş olduğu tapşırıqlardan biri də, dərc olunan məqalələrdə adı hallanan və Araz Dadaşev tərəfindən ittiham olunan şəxslərin yaşadıqları ünvanlarını, yaxud da iş yerlərini müəyyən etməklə, onların da mövqeyini öyrənib dərc etmək idi. Təəssüflər olsun ki, bu yöndə etdiyimiz cəhdlərin heç biri baş tutmamışdır. Onu da vurğulayaq ki, məqalələrin dərcindən sonra adı çəkilən hər bir şəxsin məsələlərə münasibət bildirmək hüququ var. Onların da belə bir hüquqlarından istifadə etmələrinə redaksiyamız tərəfindən lazımi şərait də yaradılır. Ruslan Məmmədov Araz Dadaşevi daha çox dörd övladına qarşı ögey münasibət bəsləməkdə, onları yaşadıqları evdən çölə atmaqda və verəcəyi alimenti gecikdirməkdə də ittiham edir. Yəni, o, bildirir ki, “Araz Dadaşev Lalə Dadaşeva ilə rəsmi nigahda olduğu zaman 08 avqust 2016-cı il tarixdə onu, birgə nigahdan anadan olmuş və yetkinlik yaşına çatmayan 29 mart 2000-ci il təvəllüdlü Məhəmmədəli Dadaşevi, 06 iyul 2002-ci il təvəllüdlü Əmirəli Dadaşevi, 24 oktyabr 2003-cü il təvəllüdlü Orucəli Dadaşevi və 11 aprel 2008-ci il təvəllüdlü Şahzadə Dadaşevanı hədələməklə yaşadıqları evdən çölə atmışdır. Doğma övladlarına qarşı belə bir hərəkətlər edən Araz Dadaşev, bunlarla kifayətlənməyərək Xəzər rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, dörd övladına görə ödəyəcəyi alimenti ödəmək əvəzinə, birinci instansiya məhkəməsinin çıxarmış olduğu qətnamədən əsassız olaraq apellyasiya şikayəti vermişdir. Onun əsassız şikayəti Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmadıqda, Araz Dadaşev bununla da kifayətlənməyərək Ali Məhkəməyə kassasiya şikayət vermiş və uzun müddət ərzində alimentin ödənilməsini qəsdən gecikdirmişdir. Bütün bunlara baxmayaraq, Ali Məhkəmə Xəzər rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir.
Ruslan Məmmədovun redaksiyamıza təqdim etdiyi müraciətində səsləndirdiyi aliment ittihamı ilə bağlı Araz Dadaşev bunları da bildirdi: “Evimdən aparılan pul övladlarımın neçə illər ərzində bütün təminatlarını ödəyərdi. Eyni zamanda Xəzər RPİ, 1-ci polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevin 02 aprel 2017-ci il tarixdə vermiş olduğu qərardan da görünür ki, Ruslan Məmmədov 2016-cı ilin avqust ayında sinif yoldaşının köməkliyi ilə, mənə məxsus qızıl toxuma bilərziyi ikiqat aşağı qiymətə satmışdır. Bundan əlavə, əvvəllər mənimlə birgə biznes fəaliyyəti ilə məşğul olan Rövşən Mehdiyevdən, daim onların durumunu xəbər alırdım. Mənə bildirilirdi ki, Ruslan Məmmədovgilin dolanışıq vəziyyəti, hətta əvvəlki illərdən də daha yaşıdır. Mülki işlərdə iki vəkil tutmaları da onu söyləməyə əsas verir ki, onların maddi durumları həmişə yaxşı olub. Mən övladlarımla görüşmək üçün polisə, digər orqanlara yazılı müraciətlər etsəm də, hər zaman Ruslangil məni övladlarımla görüşümək hüququmdan məhrum ediblər. Hətta, övladlarımı məndən imtina etməyə də təhrik etmişlər. Qarşı tərəfin atdığı iyrənc addımlarından biri də, guya övladlarımı Suriyaya aparıram deyə, onları məhkəmə prosesində mənim üzümə şahid qismində qoymaları oldu. Hakimin proses zamanı onların təklifini rədd etməsi, məhz qarşı tərəfin belə bir addımını həyata keçirməyə imkan vermədi. Bizim ailənin dağılmasına əsas səbəb isə, birbaşa Ruslan Məmmədovun müdaxiləsi və onun mənə məxsus var-dövlətə göz dikməsi oldu. Bundan əlavə, Ruslan Məmmədovun qızılımı satması, qismən mənə aid olan torpaq sahəsini hansı yolla olursa-olsun ələ keçirmək istəyi, övladlarımı mənə həsrət qoyması, 2013-cü ildə qurduğum yeni ailəmi və himayəmizdə olan üç körpə övladımızı himayəmdən məhrum etmək planının varlığı və s. bu gün onun əsas istəyidir. Belə olan halda deyin görüm mən övladlarımla necə əlaqə saxlayıb təmas qura bilərəm? Hansı ki, hər ay onlara görə 468 manat aliment ödəmişəm. Azyaşlı övladlarını evdən qovması, onlara ögey münasibət bəsləməsi və s. haqda Ruslan Məmmədovun söylədiyi ittihamlarla bağlı, Araz Dadaşevdə olan səsyazmaya qulaq asarkən, bütün həqiqətlər aşkar olunur. Yəni, Araz Dadaşevə məxsus mobil telefonda olan danışıqlara qulaq asarkən o da məlum olur ki, bu şəxs evinə qayıdıb yaşayacağını bildirdikdə Lalə Dadaşeva “mən səninlə yaşamayacağam, kim mənimlə getmək istəyirsə veşlərini yığıb gəlsin, kim də ata ilə qalmaq istəyirsə qalsın” deyir. 08 avqust 2016-cı il tarixdə, saat təxminən 17-dən sonra mənim evdə olmamağımdan istifadə edərək, Lalə Dadaşeva evdə olan qızıl-zinət əşyalarımı, 50 min dollardan çox xarici valyutamı götürmüş və uşaqlarla birlikdə qardaşı Ruslan Məmmədova məxsus avtomobilə minərək getmişdir. Təqribən 15 gündən sonra Lalə Dadaşeva uşaqları mənimlə əlaqəni tam kəsməyə məcbur edir və hətta, canlı video danışıqları zamanı məni ələ də saldırır. Biz həyata keçirilmiş video çəklişə və yazılmış danışıqlara diqqət yetirərkən görürük ki, 08 sentyabr 2016-cı il tarixdə Lalə Dadaşevanın yaxın qohumunun iştirakı ilə uşaqlar əvvəl yaşadıqları evə gəlirlər və təqribən 7-8 sumka dolu, hansı ki, böyük insanların götürə bilməyicəyi sumkalarla dolu pal-paltarlarını aparırlar. Ümumi çəkilişə diqqət yetirdikdə o da aydın olur ki, həmin vaxta qədər uşaqların həyat tərzi olduqca firəvan keçib. Araz Dadaşevin sonrakı günlərdə Lalə Dadaşevanın yaxın qohumları ilə danışdığı telefon danışıqlarına qulaq asdıqda isə o da məlum olur ki, dəfələrlə o, onlara yeni beş və yaxud da altı otaqlı ev alıb vermək təklifini etsə də, qarşı tərəf edilmiş təkliflərin hər birindən imtina edir. Bundan başqa Araz Dadaşev evindən aparılmış pulların, qızıl-zinət əşyalarının geri qaytarılmasını Lalə Dadaşevanın yaxın qohumlarından xahiş etməsini, telefon danışıqlarından da sübuta yetirmək olur. Redaksiyamızda olan Araz Dadaşev, həyata keçirilmiş bütün səsyazmaları istənilən vaxt hüquq-mühafizə orqanlarına təqdim etməyə hazır olduğunu da bildirdi. Biz bir redaksiya olaraq onu da bildiririk ki, əgər İlqar Əliyev təkrar olaraq bizə müraciət edərsə və aidiyyəti qurumlar baş verənlərə diqqətlə yanaşmazlarsa, o halda Araz Dadaşevin redaksiyamıza təqdim edəcəyi, hansı ki, Ruslan Məmmədovun, Lalə Dadaşevin, Fəxri Hacıyevin və dövlət qurumunda çalışan Mahmudova Ofelya Əbilhəsən qızının əməllərini sübut edən səsyazmaları həm ictimailəşdirməyə, həm də səlahiyyətli qurumların rəhbərliyində duran vəzifə sahiblərinə çatdırmağa çalışacağıq. -Araz Dadaşev 10 ay müddətində bir dəfə də olusun yetikinlik yaşına çatmayan dörd övladı ilə maraqlanmamış, onların bu günə kimi harada, hansı şəraitdə yaşamaları və dolanışıqları barədə xəbər belə tutmamışdır. Ruslan Məmmədovun Araz Dadaşevlə bağlı səsləndirdiyi ittihamlar içərisində, bu ittiham daha çox diqqəti cəlb edir. Yəni, Ruslan Məmmədov bildirir ki, Araz Dadaşev yetkinlik yaşına çatmayan dörd uşaq anası Lalə Dadaşeva barəsində, həmçinin mənim barəmdə birtərəfli, qeyri obyektiv, qərzli və həqiqətə uyğun olmayan, hansı ki, şərəf və ləyaqətmizi alçaldan məlumatları mətbu orqanda dərc etdirməklə nüfuzumuza xələl gətirmişdir. Bunu etmək üçün Araz Dadaşevin heç cür mənəvi haqqı yoxdur. Bir halda ki, Araz Dadaşev doğma övladlarına bu cür münasibət bəsləyir, övladarı ilə maraqlanmır, onlardan heç xəbəri yoxdur, görəsən o halda necə olur ki, uzaq Moskvada itkin düşmüş kənar bir şəxsin övladlarının hüquqlarını bərpa etməklə məşğul olur, onlara maddi dəstək olur? Bunlar nə dərəcədə həqiqətə uyğundur, özünüz qiymətinizi verin. Araz Dadaşevin verdiyi bu məlumatlar özünü gülünc vəziyyətə salmaqdan başqa bir şey deyil. Digər tərəfdən dörd övladının talehinə gəlincə, bu çox acınacıqlı və ağlamalı bir haldır”. -Ruslan Məmmədovun səsləndirdiyi belə bir ittihamlara qarşı Araz Dadaşev onu da bildirdi ki, “övladlarım evdən getdikdən sonra mən onları heç vaxt unutmamışam”. Onun söylədiklərinin nə qədər həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün, Araz Dadaşevin xahişi əsasında Mərdəkan qəsəbə sakinlərindən bir neçəsi ilə əlaqə saxladıq. Sakinlərdən hər biri vurğuladı ki, “biz Araz Dadaşevi uzun illərdir tanıyırıq. O, ailəsinə qarşı olduqca həssas və qayğıkeş bir şəxsdir. Baxmayaraq ki, müəyyən səbəblər üzündən ailələri ayrılıb və onun dörd övladı Lalə Dadaşeva ilə yaşayır. Amma bütün bunlara baxmayaraq, Araz Dadaşev heç vaxt övladlarını unutmur. Onun haqqında kim nə deyir desin, kim nə danışır danışsın, bilin ki, hər biri şərdir, böhtandır. Çünki bu şəxsin xarakterik xüsusiyyəti, insani keyfiyyəti kiməsə qarşı qərəzli olmağa heç cür imkan vermir. O ki, qaldı doğma övladlarına ögey münasibət bəsləsin, bütün bunlar tamam ağ-yalandır”. Sakinlər onu da bildirdilər ki, “Ruslan Mərdəkanda “Arazın qaynı Ruslan” ləqəbi ilə tanınır ki, bu da Araz Dadaşevin kənddə olan nüfuzuna görə ona bəslənilən hörmətin əlaməti idi. Bundan əlavə, Araz Dadaşev hər zaman onların xeyr-şər işlərində böyüklük etmiş, onlara maddi və mənəvi dəstək də olmuşdur. Bir sözlə, vaxtilə Ruslan Məmmədovgilin ailə üzvləri Araz Dadaşevin imkanlarından yararlanaraq, dolanışıqlarını təmin etmişlər”. -Ruslan Məmmədovun əsas ittihamlarından və irəli sürdüyü tələblərdən biri də, Araz Dadaşevin müraciəti əsasında açıqlamaların hazırlanması istiqamətində atılan addımların varlığıdır. O, bildirir ki, “jurnalist araşdırmasını aparan şəxs haqq-ədalət naminə, heç bir tərəfin hüquqlarını pozmadan ictimayətə obyektiv məlumatların çatdırılmasını təmin etmək üçün, qarşı tərəfin bildirdiyi mövqe və münasibət jurnalist üçün olduqca önəm daşıyır. Təsüfllər olsun ki, məqalələri hazırlayan şəxs bunları nəzərə almadan birtərəfli, qeyri obyektiv və qərəzli məlumatları yaymaqla, mətbu nəşrin reytinq və imicinin aşağı düşməsinə xidmət etmişdir. Hətta, 28 avqust 2017-ci il tarixdə barəmdə dərc olunmuş “Ruslan Məmmədovun “kassa cihadı”, Araz Dadaşevin isə açıqlamaları” başlığı altında işıq üzü görən məqalə dərc olunmazdan öncə mövqeyim öyrənilməli olduğu halda, həqiqəti ifadə etməyən məlumatlar əsasında dərc olunan məqalə Vergilər Nazirliyinə də göndərilmişdir. Onu da vurğulayım ki, məqalədə göstərilən məlumat və faktlar, Vergilər Nazirliyinin əməkdaşları tərəfindən araşdırlmış və haqqımda göstərilən məlumat və faktlar öz təsdiqini tapmamışdır”. Biz bir redaksiya olaraq bildiririk ki, Ruslan Məmmədovun redaksiya əməkdaşının iş fəaliyyəti ilə bağlı iradlarına, dərc olunan açıqlamanın yuxarı hissəsində müəyyən qədər aydınlıq gətirilib. Bir daha onu vurğulayaq ki, adı çəkilən şəxslərdən münasibətlərini öyrənmək üçün etdiyimiz cəhdlərin heç biri baş tutmamışdır. 28 avqust 2017-ci il tarixdə dərc olunan “Ruslan Məmmədovun “kassa cihadı”, Araz Dadaşevin isə açıqlamaları” başlıqlı məqalədə sadalananlara münasibət bildirən Araz Dadaşev onu da vurğuladı ki, “bəli, mən də Vergilər Nazirliyinə dəvət olunmuşdum. Nazirlik əməkdaşlarının ünvanladıqları suallara cavab verdim ki, mən bu fikiri vaxtilə Ruslan Məmmədovun dedikləri əsasında yazdırmışdım. Hətta, mənə nazirlikdə “niyə zərərçəkmişlərin özləri müraciət etmirlər” deyə sual da verdilər. Cavab olaraq onu da bildirdim ki, hazırda baş verənlərlə və digər olaylarla bağlı istintaq araşdırmaları aparılır. Düzdür, nazirlik əməkdaşları məndən dəqiq faktlar istədilər, mən isə istənilən faktları bu gün əldə etməklə məşğulam və onları yaxın vaxtlarda aidiyyəti üzrə təqdim edəcəyəm deyə cavab verdim. Ruslan Məmmədovun qısa zaman kəsiyində 100-dən çox obyekti əhatə edən fəaliyyətinin yoxlanmasının inanılmaz olduğunu da bildirdim”. Bütün bunlardan sonra Araz Dadaşev onu da vurğuladı ki, “mən onları “Allah-Təalanın məhkəməsi”nə dəvət edirəm və bu gün bir ağsaqqalın meydana çıxmasını da istəyirəm. Çünki, istəyirəm ki, həmin ağsaqqal çıxsın meydana, mən də açıq-aydın ona fikirimi çatdırım. Yəni, ona bildirim ki, ilk öncə fikrim övladlarımı yerbəyer etmək və sonra da vətəndaşı olduğum ölkəyə çıxıb getməkdir. Siz diqqət yetirin ki, hətta həmin şəxslərin mülki məhkəmə prosesində iştirak edən Fəxriyyə Hacıyeva “mən onların cavabdehlik məsuliyyətini heç bir halda üzərimə götürə bilmərəm” deyir. Bax, budur məsələlərin görünən tərəfləri”. Biz bir redaksiya olaraq bəzi məqamlara münasibət bildirərək onu vurğulamaq istəyirik ki, “Araz Dadaşev” işi ilə bağlı aidiyyəti qurumlar tərəfindən lazımi araşdırmalar aparılmalı və əsl həqiqətlər də üzə çıxarılmalıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?