Ali və Nino” kitab mağazaları şəbəkəsi internetdən götürdüyü seksual görünüşlü bir müəllimənin üzərindən reklam kampaniyası aparmasaydı, bu sətirlərin heç birinə də ehtiyac qalmayacaqdı. Biz onsuz da dəvəsi ölmüş ərəb kimiyik.
Sentyabr başlayandan məvacibimizin yarıdan çoxunu uşaqların repetitorlarına quzu-quzu ayırırıq. Səsimiz də çıxmır. Hər ayın 2-də ailəcə silkələnir, olan-qalanımızı repetirorların ovcuna qoyuruq. Təhsil Nazirliyi yalan olub, biz gerçək – ilin 9 ayı müəllimləri dolandırmaq missiyasını üzərimizə götürmüşük. Düşünün, dövlət müəllimin bir dərs saatına 2 manat ayırır, bizsə həftədə iki dəfə, 1 saatlıq məşğələ üçün 60-70 manat ödəyirik. Üstəlik, individual məşğələdən də söhbət getmir, 6-7 nəfərlik qruplarla keçilən dərsdən danışırıq. Amma çarəsizik: təki övladlarımız elementar bilgilərə yiyələnsin, normal təhsil ala bilsin. O baxımdan da bir budağa çıxıb, min budağı silkələməyə zatən macalımız yox idi.
Amma bu dəfə yaramıza duz basmağı “Ali və Nino” öz üzərinə götürdü. “Əynində elə əyni olan” müəllimə obrazını stolun üstünə dırmaşdırıb, altına da belə elan yazdı ki, bəs müəllimlər günündə müəllimlərə kitab hədiyyə edin, bir kitab alana ikinci kitab.... bla, bla, bla... Onsuz da qıcıq olan əsəblər bir daha yay kimi gərildi. Birincisi və ən əsası, adına müəllimlər günü deyilən bu bayramda ölkə əhalisinin standartı, hədiyyə seçimi bəllidir: hər sinifdə adambaşına 20-50...(Allah nə verdiysə) manatdan pul yığılır, paketlər halında müəlliməyə verilir. İnsaf naminə, bunu çox vaxt heç müəllimlər tələb də eləmirlər. Bu vəziyyəti valideynlərin yersiz təlaşı, Roma papasından artıq katolik olmaları yaradır.
Şəxsən özümün başıma gəlib. Uşağın sinif müəlliməsi əvvəldən elan verdi ki, pula-hədiyyəyə gərək yoxdur. Ağbirçək bir valideyn (nənə) hamımızı yığıb tapşırıq verdi ki, pulu yığırıq, müəllimə məktəbdən çıxanda üzük qaşı kimi onu dövrəyə alıb, pulu basırıq çantasına, dərhal da uzaqlaşırıq. Strategiyanın dəqiqliyindən heyrətə gəldim, əsəblə soruşdum ki, “nə baş verib? Qarabağı alırıq?” Odu, budu valideynlər mənimlə çox şeyi paylaşmırlar, hətta valideynlərdən ibarət Vatsap qrupunu da bağlayıb, sonra yenisini açıblar. Təbii ki, mən yoxam.
Amma bu gün mediadakı sorğuları oxudum. Məlum oldu ki, hətta hər şeyi tənqid edən jurnalistlərimiz də bayramla bağlı pul yığımında iştirak ediblər. Səbəb: sosial basqı. Halbuki öz nümunəmdə gördüyüm odur ki, istəməyəndə, öz prinsipinin üstündə dayananda yığımdan imtina edə bilirsən. Heç kim də uşağa qarşı basqı tətbiq edə bilməz. Əgər sən öz uşağına sahib çıxıb, bu basqının qarşısını alırsansa... Qayıdaq “Ali və Nino”nun direktorunun “kreativliyinə”. Əslində normal ölkədə yaşasaq, bu reklam kampaniyasına görə mağazalar şəbəkəsini məhkəməyə vermək, yüksək məbləğdə təzminat tələb etmək olardı. Çünki bu, müəllim obrazının təhqir olunmasıdır. Çünki bu, Azərbaycan müəllimini əxlaqsız qadın kimi təqdim etməkdir. Çünki Azərbaycan müəllimi heç vaxt o cür geyinmir, o formada davranmır və şüurlarda belə obraz yaratmaq ən azı haqsızlıqdır.
gundemxeber.az musavat.com-a istinadən bildirir ki, kampaniya səs-küy gətirdi, müzakirələrə, lağ-lağıya, etiraza... səbəb oldu. Bəs nəticə? Hamı gedib “Ali və Nino”nun qiyməti “ceyran belində” olan kitablarını aldımı? Olmaya bütün məktəblilər həmin kitabların üstünə bir də 50 manatlıq paket qoyub, müəllimlərinə verdi? Alınmır, xanımlar və cənablar! Kitabı belə sevdirməzlər. Belə təbliğat olmaz. Seçki zamanı bülletenləri ətəyinin altına dolduran müəllim obrazı hələ beyinlərdən silinməmiş, sırf kitab satdırmaq üçün onlara dil uzatmayın. Bu formada reklam, ölüsü Rusiya kimi ölkələrdə müsbət emosiya doğura bilər. Bizdə isə gərilmiş əsəbləri daha da gərginləşdirməyə, müəllimlərlə bağlı olan bəzi neqativləri alovlandırmağa xidmət edəcək. Kitab satılmırsa, onun arxasındakı qiymətlərə baxın. Müəllimələrin ətəyini qısaldıb, stola dırmaşdırmaqla kitab sevgisi aşılanmaz.
Sorğu
Yeni dizaynımız necədir?