Təxminən 4-5 ay öncə mətbuat vasitəsilə Təhsil nazirimiz hörmətli Mikayıl Cabbarova qarşılaşdığım və təhsilimizin ümumi vacib problemlərindən bəhs edən “Açıq məktub” yazdım və cavab gözlədim. Təəssüf ki, hələ də cavab gəlmir. Ondan sonra da, hətta bir neçə gün öncə də, yenə müraciət xarakterli yazılar yazdım, yenə cavab verən yoxdur. Onsuz da mətbuat vasitəsilə Təhsil Nazirliyinə müraciətlər o qədər çox deyil ki, nazirimiz və ya başqa yetkililər cavab verməyə çətinlik çəksinlər. Hərdənbir kimsə canı boğazına yığılanda müraciət edir, amma təəssüf ki, cavab verən yoxdur, həmçinin cəmiyyətdən, müəllimlərdən və mütəxəssislərdən belə səs çıxmır. Heç kim cavab vermək nəzakətində bulunmaq istəmir. Görünən budur ki, Təhsil Nazirliyinin müəllimləri vecinə almaması cəmiyyəti də əməlli-başlı reflekslərdən məhrum edib. Amma mən heç də bu susqunluqla barışa bilmirəm. Əgər qarşılaşdığımız problemlərin həllində nə Təhsil Şöbələri, nə də Təhsil Nazirliyi maraqlı deyilsə, onda onlar hansı problemlərin həllində maraqlı olduqlarını bizə də izah etsinlər.
Çünki vaxt keçir, problemlər həll olunmadıqca yenilərini də özü ilə gətirir, ömrümüz isə bu problem bataqlığında çabalamaqla keçir. Axı biz də insan kimi yaşamaq istəyirik, özü də başqalarının hesabına yox, öz bacarığımız sayəsində. Bunun üçünsə bizə də öz yaradıcılığımızı, bacarıqlarımızı həyata keçirmək imkanları yaradılmalıdır. Müəllimlərə həmişə irad tuturlar ki, uşaqların bacarıqlarını üzə çıxarmaq, onları şəxsiyyət kimi formalaşdırmaq lazımdır, amma müəllimin bunları həyata keçirməsi üçün ehtiyacı olduğu yaradıcı mühitin ona verilməsi isə unudulur. Neçə illərdir ki, müəllimlərin problemləri həll olunmamış qalır. Müəllimin problemi təkcə maaş deyil. Müəllimin problemi eyni zamanda, keyfiyyətsiz dərslikdir, təmirsiz məktəbdir, işini bacarmayan direktordur, həddindən artıq yüklənmiş dərs proqramlarıdır, korlanmış uşaqlardır, bütün bunlara susan nazirlik və cəmiyyətdir. Neçə illərdir ki, bütün bu problemlərə göz yumulur. Təhsil Nazirliyinin təhsilimizdəki problemlərə yanaşması isə daha fərqlidir, bu isə xarici təhsilin müəyyən nümunələrini təhsilimizə tətbiq etmək cəhdləridir. Məgər bütün yuxarıda sadaladığım problemləri həll etmədən, kənar nümunələrlə hər şeyi birdən-birə necə həll etmək olar? Axı niyə təhsil nazirimiz biz müəllimləri dinləmək istəmir? Problemlərin həllində bizim fikirlərimizi də bilsə, bizə də güvənsə daha yaxşı olmazmı? Məgər ingilislər, yaxud finlər öz təhsillərinin problemlərini beləmi həll ediblər? Həmişə bu hallar baş verəndə, yəni başqa ölkələrin təhsil nümunələrinin tətbiqi haqqında söhbət düşəndə, mənim də yadıma rəhmətlik Cəlil Məmmədquluzadənin uçtel Həsəni düşür. Hər dəfə bir müddət yoxa çıxan uçtel Həsən qayıdanda uşaqlara deyir ki, sizə dərs gətirməyə getmişdim...Məncə avropa ölkələrinin təhsilini tətbiq etməyə çalışanlar, ilk öncə onların öz təhsillərindəki problemləri necə həll etmələrini araşdırsınlar, görsünlər onlar öz problemlərini necə həll edirmişlər. Ondan sonra tətbiq barədə düşünsünlər. Məntiqlə düşünsək, öz müəlliminin nə düşündüyünü bilmədən, ona güvənmədən, məktəbdəki problemin nə olduğunu bilmədən, onların həllini müəllimlə birgə müzakirə etmədən, xarici təcrübəni həmin müəllim vasitəsilə necə həyata keçirmək olar???
Mən, bir müəllim kimi öz təhsil nazirimə güvənmək istəyirəm, onun biz müəllimlərin problemlərinə diqqətli olmasına, bizə qarşı qayğıkeş olmasına və bizə güvənməsinə inanmaq istəyirəm. Çünki başqa cür mümkün deyil, necə ki, ailədə, onun problemlərini bir-birinə güvənmədən həll etmək mümükün deyil, eləcə də təhsil sistemi. Bu sistem də böyük bir ailədir və bu ailənin problemlərini də bir-birinə güvənmədən , bir-birinin dərdindən anlamadan həll etmək mümkün deyil. Sonda onu demək istəyirəm ki, iyul və avqust ayları biz müəllimlər üçün sadəcə tətil günləri deyil, məktəb problemlərindən bir müddət uzaq olmaqdır, amma unutmayaq ki, keçən ildən qalan problemlər həll olunmamış şəkildə yenə də müəllimləri gözləyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?