Problem təkcə artıq pulların alınmasında deyil, avtodayanacağa nəzarət edən Bakı şəhər İH-i əməkdaşlarının sürücülərə qarşı kobud davranmaları da, müəyyən problemlər yaradır
Bir neçə il bundan əvvəl Bakı şəhərinin ən böyük problemlərindən biri də, sərnişindaşınmada əmələ gələn çatışmazlıqlar və nəqliyyat vasitələrinin hərəkətini iflic edən tıxac probleminin varlığı idi. Düzdür, illər keçdikcə aidiyyəti qurumlar problemlərin aradan qaldırılması yöndə müəyyən addımlarını atdı və demək olar ki, bu gün arzusunda olduğumuz ab-hava müəyyən mənada həllini tapıb. Hazırda isə həllini tapmayan problemlərdən biri, nəqliyyat vasitələrinin saxlanması üçün nəzərdə tutulan bəzi avtodayanacaqlarda yaşananlar özbaşınalıqların varlığıdır. Məsələn, bir neçə gün bundan əvvəl, üz-üzə qaldıqları olaylarla bağlı “Gündəm Xəbər”ə şikayət ərizələrini təqdim edən şəhər sakinlərindən bir neçəsi bildirir ki, “paytaxtın “28 May” Metrostansiyasına yaxın ərazidə yerləşən Dəmir Yolu Xəstəxanasının qarşısındakı avtodayanacaq, sanki özbaşınalıqlar diyarıdır. Baxmayaraq ki, həmin ərazidə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılmış “parkovka” aparatı var və hər nəqliyyat vasitəsini 1 saat müddətində saxlamağa görə, qeyd olunan aparatda 50 qəpik yazılır. Amma, həmin dayanacağa nəzarət edən şəxslər sürücülərdən 1 saata görə 1 AZN tələb edirlər. Problem təkcə artıq pulların alınmasında deyil, eyni zamanda avtodayanacağa nəzarət edən şəxslərin sürücülərə qarşı kobud davranmaları da, müəyyən problemlərin əmələ gəlməsinə səbəb olan amillərdir. Şikayətçilərin iddialarına görə, hətta elə hallar da olur ki, nəzarətçilər sürücüləri “parkovka” aparatına yaxınlaşmağa belə qoymurlar. Əksər hallarda nəzarətçilər sürücülərdən 1 manat pul alırlar və 50 qəpiklik qəbzi, həmin şəxslərə məxsus avtomobillərin şüşəsinə qoyurlar, 50 qəpiyini isə “çörəkpulu” edirlər. Əgər sürücülər avtomobillərini dayanacaqda 1 saatdan çox müddət ərzində saxlayarsa, o halda 2-3 manat pul ödəməli olurlar”. Şikayətçi sakinlər onu da bildirirlər ki, “elə ki, qeyd olunan avtodayanacaqda nəqliyyat vasitəsini saxlayan sürücülər “parkovka” aparatına yaxınlaşıb qəbz götürmək istəyirlər, o halda nəzarətçilər onlardan tez yaxınlaşaraq “biz burada elə-belə dayanmamışıq, bizə də çörəkpulu verməlisən” deyirlər. Baş verən problemlərlə bağlı üz-üzə qalan sakinlər “Gündəm Xəbər” vasitəsilə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müraciətlərini çatdırıb, həmin avtodayanacaqdakı haqsızlığa, çoxsaylı qanunsuzluqlara son qoyulmasını istəyirlər”. Şikayətçilər onu da iddia edirlər ki, avtodayanacağa nəzarət edən şəxslərin atdıqları addımlara görə cəzalandırılmamaları, onları kefləri necə istəyirsə o cür də addımlar atmağa vadar edir. Hətta elə hallar da olur ki, sürücülər “parkovka” aparatına yaxınlaşıb qəbz götürmək istədikdə, nəzarətçilər onlara ara-sıra atmacalı sözlər atırlar ki, bu da heç cür yolverilməz haldar. Deməli, Bakı şəhər İcra Hakimiyyətinin rəsmi şəxsləri, yəni baş alıb gedən qanunsuzluqların qarşısını almağa məsul olan şəxslər, həmin avtodayanacağa “əl qoymalıdırlar” ki, sürücülərin narazılığı “pik nöqtə”yə çatmasın. Araşdırmamız davam edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?