Elçin Əliyev: “Bununla bağlı kimə, hansı vəzifə sahibinə sual verirəm dinməz dururlar, hansı dövlət qurumuna müraciət ünvanlayıram cavab vermirlər”
O da hər kəsə bəllidir ki, bütün müharibələr və münaqişələr zamanı əsas məsuliyyət yükü, məhz silahlı qüvvələrin şəxsi heyyətinin üzərinə düşür. Belə bir səbəblər üzündən də, davam edən müharibələrin, münaqişələrin, qarşıdurmaların qanlı-qadalı anlarında yaralananlar da, dünyasını dəyişənlər də, bu və ya digər səbəblər üzündən əsir düşənlər də, olmazın məhrumiyyətlərlə üz-üzə qalanlar da, çox zaman döyüşkən ordunun hərbçiləri olurlar. Buna görə də, aidiyyəti dövlət qurumları tərəfindən hərbçilərə verilən bir çox təminolunmalar və imtiyazlar, digər şəxslərə verilən təminolunmalardan və imtiyazlardan hər zaman xeyli fərqlənib. Adicə bir missal çəkək. Bu gün qardaş Türkiyə Respublikasında silahlı qüvvələrə yanaşma olduqca yetərincədir, qonşu İran İslam Respublikasında şəhid ailə üzvlərinə göstərilən diqqət və qayğının bənzəri yoxdur. Ümumiyyətlə, bu yöndə misalları çox çəkə bilərik. Bəli, indiyə kimi Azərbaycan Respublikasında da silahlı qüvvələrlə, ordudan təxris olunanlara, DQ müharibəsi ilə bağlı əlil olanlarla, itgin düşənlərlə, şəhid ailəsi üzvləri ilə və s. aid mükəmməl qanunların qəbul edilməsinə baxmayaraq, bu gün qəbul olunmuş qanunların icrası zamanı müəyyən qanunsuzluqlara yol verilməsi səbəbindən, əksər hallarda imtiyaz sahibi olanlar xoşagəlməz olaylarla üz-üzə qalırlar. Dağlıq Qarabağ müharibəsinin odu-alovu içərisindən keçən və Kəlbəcərin müdafiəsi zamanı ayağından, bud nahiyəsindən və çiyinindən ağır güllə yaraları alan, bir sözlə olmazın iztirablarla üz-üzə qalan Əliyev Elçin Əli oğlunun danışdıqlarını dinlədikcə sanki şoka düşürük, bir anlığa olsa belə gələcəyə bəslədiyimiz ümidimizi itiririk.
Elçin Əliyev uzun müddətdən bəri üz-üzə qaldığı problemlərlə bağlı “Gündəm Xəbər”ə müraciətini ünvanlayıb. O, yazdığı müraciətində qeyd edir ki, “mən 1971-ci ildə Füzuli rayonunun Qaraməmmədli kəndində anadan olmuşam və 1991-ci ildə həqiqi-hərbi xidmətimi başa vuraraq geri dönmüşəm. Elə ki, DQ müharibəsi ilə bağlı respublikamızda ümumi vəziyyət dəyişdi, o halda Vətənini, torpağını sevən oğullar ilə birlikdə mən də silaha sarıldım və torpaqlarımızın müdafiəsinə qalxdım. Yəni, 1991-1992-ci illərdə rayonumuzdakı könüllü hərbi hissənin tərkibində hərbi xidmətdə oldum. Düzdür, ötən iki il ərzində könüllü hərbi xidmətdə olsam da, 1993-ci ildə Bakı şəhərinə gəldim. Həmin vaxtlarda qardaşım Əliyev Elşən Əli oğlu da, könüllü milli ordunun tərkibində xidməti borcunu yerinə yetirirdi. Bakı şəhərində olduğum zaman xəbər tuta bildim ki, şəhərdə Kəlbəcərin müdafiəsi ilə bağlı könüllülərdən ibarət ordu yaradılır. Çox keçmədi ki, mən də həmin ordu sıralarına qoşuldum və bir neçə gündən sonra bizi Kəlbəcərin Toğana ərazisinə yola saldılar. Elə ki, Hacıkənddəki “N” saylı hərbi hissənin tərkibində hərbi xidmətə başladıq, o halda hərbi hissə komandiri Ə.Qənizadə, bizim Murovdağ yüksəkliyinə qalxmağımızla bağlı tapşırığını verdi. Düzdür, həmin vaxt Murovdağ yüksəkliyinə qalxmaqla bağlı hərbçilər arasında fikir ayrılığı var idi. Bəzi hərbçilər adı çəkilən yüksəkliyin ermənilərin əlində olduğunu bildirsələr də, nədənsə Ə.Qənizadə israrla “kəşfiyyatımız lazımınca iş görüb və tam dəqiqləşdirə biliblər ki, Murovdağ yüksəkliyi heç də ermənilərin əlində deyil” desə də, sonrakı hadisələr birbaşa təxribatın varlığından xəbər verdi. Son anda bizi “KAMAZ”a dolduraraq Murovdağ yüksəkliyinə yola saldılar. Çox keçmədi ki, erməni silahlı dəstələri bizi “Güzgü yüksəkliyi” adlanan ərazidə qəflətən gülləboran etdilər. Baş verən atışma zamanı bir neçə nəfər girov düşdü, bir neçə nəfər ağır yaralandı, mən isə ayağımdan, bud nahiyəmdən və çiyinimdən ağır güllə yaraları aldım. Atışmanın şiddətli vaxtında mühasirəyə düşdük və çox çətinliklə olsa belə, atışa-atışa düşmənin xeyli sayda canlı qüvvəsini qətlə yetirərək mühasirədən çıxa bildim. Həmin vaxt məni həyata qaytaran, məhz ermənilərlə atışdığımız əraziyə yaxın yerdə olan hərbçilərimiz oldular. Çünki, onların köməkliyi sayəsində ilk əvvəl Hacıkəndə, az sonra isə huşsuz vəziyyətdə Gəncədəki hospitala çatdırıldım. Həmin günlərdə ölüm xəbərim valideyinlərimə çatdırıldığından, mənimlə bağlı yas mərasimi də təşkil edilir. Elə ki, yaxın qohum-əqrəbam cəsədimi aparmaq məqsədilə Gəncə şəhərinə gəlirlər və təsadüf nəticəsində məni hospitalda tapırlar, o halda ab-hava tamamilə dəyişir. Düzdür, hospitalda xeyli müddət müalicə olundum və səhhətim az-çox qaydaya da düşdü.
Hal-hazırda 2-ci qrup Qarabağ müharibəsi əliliyəm və dövlətdən cəmi 180 manat pensiya, 143 manai isə Prezident təqaüdü alıram. Bu da dolanışığımı heç cür təmin etmir. Çünki, səhhətimdə ciddi problemlərim var və davamlı müalicə olunmağıma ehtiyac duyulur. Pensiyamın artırılması ilə bağlı aidiyyəti qurumlara, bir çox vəzifə sahiblərinə ünvanladığım müraciətlərim, sanki “daşa dəyib sifətimə qayıdır”. Başa düşə bilmirəm ki, belə bir münasibət haradan və kim tərəfindən qaynaqlanır? Axı, günahım nə olub, bu gün mən onu başa düşə bilmirəm. Mən sağlamlığımı torpaqlarımızın bütövlüyü uğurunda itirmişəm. Hazırda səhhətimdə elə ciddi problemlərim var ki, həmin problemlər heç bir əmək fəaliyyəti ilə məşğul olmağıma imkan vermir. Bundan əlavə, mənə məxsus hərbi biletdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli, Dövlət müstəqilliyi günü münasibətilə Gəncə Qarnuzonu Hərbi Prokurorluğunun Amnistiya haqqında qərarı ilə əhv olunmağım da qeyd olunub. Başa düşə bilmirəm ki, bu əhv qərarı hansı addımıma görə mənə şamil olunub. Bununla bağlı kimə, hansı vəzifə sahibinə sual verirəm dinməz dururlar, hansı dövlət qurumuna müraciət ünvanlayıram cavab vermirlər. Bax budur faciəm, bax budur məni yandıran hal!
Hələ bunlar azmış kimi, 1993-cü ildən indiyə kimi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə-1 ünvanda yerləşən və AzTU-a məxsus yataqxananın 4-cü korpusunda, ümumi sahəsi təqribən 20-22 kvm olan 416-cı otaqda, 1-ci qrup Qarabağ müharibəsi əlili qardaşım Əliyev Elşən Əli oğlu ilə birlikdə yaşayıram. Onu da bildirim ki, yaşadığımız otaqda lazımi şərait yoxdur. Dəfələrlə başqa bir otaqla təmin olunmağımızla bağlı yataqxananın rəhbərliyinə müraciət etsəm də, sanki müraciətim elə müraciət olaraq qalıb. Hər dəfə də “otaq yoxdur olanda təşkil edərik” deyə cavablar eşitmişəm. Amma, biz yaşayan korpusada neçə-neçə kənar şəxslər kirayədə qalırlar, neçə-neçə şəxslər “Dövlət Proqramı”na uyğun yeni mənzil aldıqlarından köçüb gediblər. Mənzil şəraitimizin yaxşılaşdırılması ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənova və digər dövlət qurumlarının rəhbərlərinə ünvanladığımız müraciətlərimiz də, sanki “daşa dəyib sifətimizə yapışıb”. Baxmayaraq ki, əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunub və həmin qanunun 43-cü maddəsində qeyd olunur: “Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I və II qrup əlillərə yaşadıqları dövlət və ictimai mənzil fonduna məxsus mənzilləri pulsuz şəxsi mülkiyyətə keçirmək hüququ verilir. Mənzil bölgüsü zamanı yerli hakimiyyət orqanları, müəssisələr, idarə və təşkilatlar əlillərin iş yerlərinin, qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar. Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil verilir (və ya dəyişdirilir). Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir”. Bütün bunlardan əlavə, 1996-cı ildə imzalanmış “Torpaq İslahatı Haqqında” Qanunun 14-cü maddəsində də qeyd olunur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri də bir dəfə pulsuz verilir. 1993-ci ildə müharibənin ağrılı-acılı çağlarında güllə yarası aldığından, bu gün Elçin Əliyevin səhhəti günü-gündən ağırlaşır. Mütəmadi olaraq müalicə olunsa da, bədənindəki yaralar sağalmır. O, bu gün nə edəcəyini müəyyən edə bilmir. Bildiyi həqiqət isə ondan ibarətdir ki, əgər ona qarşı haqsızlıq edən vəzifəli şəxslər öz bürokratik əməllərindən əl çəkərlərsə, o halda onun da haqqı-hüququ tapdanmaz. Axı, o, nə günah edib? Zamanında Vətən torpaqlarının bütövlüyü uğrunda vuruşub, soyuq səngərlərdə yatıb, bəzən az-susuz qalıb, bədəninin müxtəlif hissələrindən ağır güllə yaraları alıb. Bəlkə də, bu gün ona qarşı haqsızlıq edən vəzifə sahiblərinin əksəriyyəti, DQ müharibəsinin davam etdiyi bir zamanda bu ölkədə olmayıblar. İndi isə vəzifə başındadırlar. Bəli, bu gün atəşkəs dövründə yaşayırıq, amma DQ müharibəsi tam başa çatmayıb. Belə bir səbəb üzündən də, hələ bundan sonra Azərbaycan Silahlı Qüvvələrinin atacağı addımlar çox olacaq. Ona görə də bu gün “isti kreslo”larında əyləşən vəzifə sahibləri 1992-1993-cü illərin qanlı-qadalı anlarında iştirak edən hər bir əlilə, veterana, şəhid ailəsinə və s. diqqətlə yanaşmalıdır ki, sonrakı nəsllərdə ruh düşkünlüyü yaranmasın, inamsızlıq hissi formalaşmasın. O halda sual oluna bilər ki, sağlamlığını torpaqlarımızın bütövlüyü uğrunda qurban verən, əlil olan, DQ müharibəsi veteranı adını daşıyan Əliyev Elçin Əli oğluna bəslənilən ögey münasibətin, sayğısızlığın kökündə nələr dayanır? Bəlkə bu şəxs bu Vətənin övladı olmayıb, torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığından keçməyib? Odur ki, gəlin birlikdə düşünək, yaşananlara birlikdə münasibətimizi bildirək. Bəlkə, o zaman haqq-ədalət öz yerini tapa bildi. Mövzu diqqətimizdədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?