Samir Cəfərov: “Problemin qaydaya salınması üçün yol polisi əməkdaşına 500 manat pul vermişəm, get haqqını ondan tələb et və bir daha məni narahat etmə”
Bu da bir həqiqətdir ki, ictimai həyatımızda siyasi sabitliyin qorunub bərpa olunmasında, vətəndaş təhlükəsizliyinin və hüquqlarının qorunmasında, həmçinin digər addımların atılmasında hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə daim böyük məsuliyyət yükü düşüb. Düzdür, çox zaman adı çəkilən qurum əməkdaşları tərəfindən bir çox məsələ və problemlərlə bağlı elə addımlar atılıb ki, atılan addımlar hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Amma elə hallar da olub ki, hüquq-mühafizə orqanı əməkdaşları üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirmək əvəzinə, şəxsi maraqlarının həlli naminə bir çox qanunsuzluqlara imza atıblar ki, bu da sonda sakinlərin haqlı narazılığının əmələ gəlməsi ilə nəticələnib. Belə sakinlərdən biri də, Bakı şəhəri, gen.A.Abbasov küç., ev-14, mənzil-37 ünvanda yaşayan Eminov Ramiz Əhməd oğludur. Bü şəxs özünün bildirdiyinə görə üz-üzə qaldığı problemlərlə bağlı hüquq-mühafizə orqanı əməkdaşlarına davamlı müraciətlərini ünvanlasa da, nədənsə hər bir cəhdi hər dəfə uğursuzluğa düçar olur və sonda problemlərinin ictimailəşdirilməsinə qərar verir. Odur ki, adı çəkilən şəxs bir neçə gün bundan əvvəl “Gündəm Xəbər”ə ərizə ilə müraciət edib və üz-üzə qaldıqları problemlərin varlığını tam təfsilatı ilə də vurğulayıb. Ramiz Eminov ünvanladığı müraciətində qeyd edir ki, “ölkə rəhbəri cənab İlham Əliyevin fədakar əməyi sayəsində respublikamız günü-gündən inkişaf etdiyindən, ölkəmiz inkişaf etmiş ölkələr sırasına daxil olur. DİN cənab Ramil Usubovun rəhbərliyi altında kriminogen durum ən aşağı həddə çatıb ki, belə bir hal bu gün də davam etməkdədir. Bütün bunlara baxmayaraq, təəssüf hissi ilə qeyd edim ki, hal-hazırda DİN-nin bəzi idarə rəhbərləri və yüksək çinli vəzifə sahibləri xalqa xidmət etmək əvəzinə, daha çox şəxsi mənafelərini düşünürlər, daşıdıqları vəzifələrindən sui-istifadə edirlər. Belə bir səbəblər üzündən də, artıq tam əksəriyyətdə belə bir fıkir formalaşıb ki, DİN əməkdaşları ictimai asayişi qorumaq, dələduzluq edən şəxsləri axtarıb məsuliyyətə cəlb etmək, qəza törədərək qaçıb gizlənən sürücüləri cəzalandırmaq əvəzinə, onların axırıncı pullarını əllərindən alaraq məsuliyyətdən yayındırırlar. Hətta, həmin şəxslərə məsuliyyətdən yayınmağın yollarını elə göstərirlər ki, qanunsuzluqlara qol qoymuş şəxsləri peşəkar polis əməkdaşları illərlə tuta bilmirlər. Onu da bildirim ki, bunları danışmağa mənim də haqqım çatır. Çünki, belə bir hallarla mənimlə bərabər, yaxınlarım da dəfələrlə üz-üzə qalmışıq. Hətta, polis əməkdaşlarının fəaliyyətsizliyi və ya ədalətsizliyi səbəbindən, bizə on minlərlə manat məbləğində ziyan da dəyib. Amma bütün bunlara baxmayaraq, biz bu günə kimi heç bir epizodla bağlı dəymiş zərərin ödənilməsinə nail ola bilməmişik. Bunların da əsas səbəblərindən biri, baş polis idarələrində çoxsaylı şöbələrin varlığıdır. Məhz, onların hər birinə müraciət etməyə məcbur olan şikayətçilərə, sanki bir ömür də bəs etmir. Şöbə müdirləri “bizim işimiz deyil” deməklə şikayətçiləri başqa-başqa şöbələrə yönləndirlər, sonda da məlum olur ki, bu işi qəbuluna on illərlə düşmək mümkün olmayan baş idarənin rəisi və ya nazir həll edə bilər. Belə olan halda bu qədər söbələrin və baş idarələrin varlığı nəyə lazımdır? Çox güman ki, atılan addımların məqsədi şikayətçiləri get-gələ salıb incitmək və bununla da onların sayını kəskin şəkildə azaltmaqdır. Mənə elə gəlir ki, nazirlikdə və baş idarələrdə bir çox işlərə yaramayan şöbələrin sayı ən azından 70% azaldılarsa, o halda dövlət büdcəsi xeyli artar və hökümət müəllimlərin əmək haqlarını, pensiyalarını ən azından 30% artıra bilər. Bunlara nail olmaq üçün “əli əyri” olan polis əməkdaşlarının sayı və DYP əməkdaşlarının təyin etdikləri cərimələrin miqdarı 2-3 dəfə azaldılmalı, həmçinin yol polisi əməkdaşlarına protokol tərtib etmək qadağan olunmalıdır. Qaydanı pozanlar cərimənin yarısı qədər olan məbləği onlara deyil, onun dəyərinin təqribən 25-30%-ni dövlət büdcəsinə köçürmələri yəqin ki, sərfəli olar. Əgər bu gün əhali arasında sorğu keçirilərsə o halda çox güman ki, əhalinin 70%-i polisin fəaliyyətindən heç bir xeyir görə bilmədik, hətta 10%-i zərər çəkdiyini də bildirəcək. Belə olan halda, bu gün dövlət büdcəsinə faydasız və ağır yük olan çoxsaylı şöbələr lazımdırmı? Polis əməkdaşlarının həm yüksək əmək haqqı, həm də yüksək məbləğdə pensiya almaları, dövlətə və xalqa daha çox fayda verən müəllimlərlə müqayisədə artıq olması nə dərəcədə ədalətlidir? Özümlə bağlı polisin fəaliyyətsizliyini sübuta yetirən bir neçə epizodları diqqətinizə çatdırmağı, özüm üçün bir borc bildim. I.10 sentyabr 2009-cu il tarixdə duracaqdakı “Ford Focus” avtomobilimi “VAZ-2107” markalı avtomobilin sürücüsü Cəfərov Samir Eldar oğlu arxadan vurdu və hadisə yerindən də qaçıb gizlənib. Hadisə yerinə gələn Bakı şəhər DYP əməkdaşı sürücünün tapılması üçün, məndən vurulmuş zərərin yarısı qədər “haqq-hesab” istədi. Mən yol polisi əməkdaşına 200 manat vermək imkanım olduğunu bildirdikdə, o, mənə yaxında gizlədilmiş avtomobilin yerini göstərdi və yaxınlıqda olan kafenin ağbirçək sahibəsi olan Gülxar xanımı sürücü kimi də təqdim etdi. Sürücünün orada olmamasını onun xəstəxanada yerləşdirilməsi ilə izah etdi. Onlar avtomobilimi təmir etməyə razılaşdıqdan sonra, onu evakuatorla avtoservisə apardılar. Həmin vaxt DYP-nin əməkdaşı söz verdi ki, “sona qədər bütün işlərə özüm nəzarət edəcəyəm və avtomobilin bir həftə ərzində təmir olunacaq”. Ancaq verilən vədlərin hər biri yalan çıxdı, yəni yol polisi əməkdaşı verdiyi vədlərdən boyun qaçırdı. Dörd ay avtomobilim açıq havada təmirsiz qaldı və lap pis hala da düşdü. Sonda məcburiyyət qarşısında qalıb onu evakuatorla başqa avtoservisə apardım və tələb olunandan iki dəfə az məbləğdə (1750 manata) onu bir aya təmir etdirdm və təmir xərclərini isə beş ay ərzində hissə-hissə ödədim. Bir qədər vaxt keçdikdən sonra isə, həmin avtomobili dəyərindən 6-7 min manat aşağı qiymətə satası oldum. DYP əməkdaşı müxtəlif bəhanələri səbəb gətirərək, uzun müddət ərzində mənimlə görüşməkdən yayındı və sürücü haqda heç bir məlumat vermədi. Bir qədər vaxt keçdikdən sonra sürücünün mobil telefonunu tapıb zəng etdim, o isə, aqresiv formada “Problemin qaydaya salınması üçün yol polisi əməkdaşına 500 manat pul vermişəm, get haqqını ondan tələb et və bir daha məni narahat etmə” dedi. Həmin danışıqdan sonra o telefon nömrəsini dəyişdi və bir daha görünməz oldu. Baş verənlərlə bağlı polis əməkdaşlarına və DYP-də səlahiyyət sahibi olan şəxslərə mtiraciətlər etsəm də, sonda nəyəsə nail ola bilmədim. Yəni, hər kəs bu məsələnin həllindən boyun qaçırdı. Problemin kökündə sürücü haqda lazımi məlumatları toplayıb onu 3-4 il ərzində məhkəməyə verə bilməməyim dururdu. Elə ki, onu məhkəməyə verdim, o halda bu qurumda da bir çox haqsızlıqlarla üz-üzə qalmalı oldum. Bu günə kimı də axtarışda olan bu şəxsi bir kimsə axtarıb tapmağa cəhd göstərmir. Mən indi bilmirəm ki, DYP-nimi, Rayon Polis İdarəsinimi və ya təqaüdə çıxmış yol polisi əməkdaşınımı məhkəməyə verim?. II. 2015-ci ilin fevral ayında Bakı şəhəri, 4-cü mkr-n Mircəlal küçəsi, ev-8, mənzil-15 ünvanda yaşayan, qeydiyyatda isə Göyçay rayonunda olan 1976-cı il təvəllüdlü Mirzəliyev Rövşən Əzim oğlundan, Dərnəgüldəki inşaat materialları bazarında 650 manat dəyərində laminat döşəmə aldım və onun vurulması üçün, ona 150 manat pul da ödədim. Adı çəkilən şəxs malı ünvan üzrə çatdırsa da, bir aydan çox müddət ərzində işi görməkdən müxtəlif bəhanələrlə yayındı. Belə olan halda Rövşən Mirzəyevlə bağlı Nərimanov RPİ-nin 17-ci polis bölməsinə ərizə ilə müraciət etdim və dəfələrlə bölməyə getməyimə baxmayaraq, “ora bizim obyekt və ərazi deyil” deməklə birlikdə mənimlə qeyd olunan ünvana getmədilər və xeyli müddət ərzində məsələni uzatdılar. Bir qədər vaxt keçdikdən sonra R. Mirzəliyev (055-227-18-28; 077-327-18-28) nömrəli mobil telefonla mənimlə əlaqə saxlayaraq polisə müraciət etdiyimə görə gileyini bildirdi və mənə verməli olduğu 350 manat pulu bölmənin əməkdaşlarına verdiyini bildirdi, sonra da yoxa çıxdı. Bir neçə dəfə Cavad adlı sahə müvəkkili ilə görüşdüm və hər görüşümüz zamanı o, mənə “ərazim olmadığı üçün ora gedə bilmərəm” dedi. Hətta o, onu da qeyd etdi ki, “bu polisin işi deyil, yaxşı olar ki, məhkəməyə müraciət edəsən”. Bu da mümkün deyil, çünki Rövşən Mirzəyevin yaşayış yerindən arayış əldə edə bilmirəm və yaşadığı yeri də tapa bilmirəm. Hər dəfə bölmə rəisinin qəbulunda olmaq istəsəm də, onu iş başında tapa bilməmişəm. Belə bir səbəblər üzündən də problem iki ildir ki, həllini tapmır. III. 16 fevral 2017-ci il tarixdə qızım Sevinc Məmmədova 99-HH-818 “Land Rover” avtomobili ilə Yasamal rayonu ərazisində A.Sultanova küçəsi ilə hərəkətdə olan zaman, Apellyasiya Məhkəməsinin qarşısında Zahid Xəlilov küçəsi istiqamətindən qəflətən çıxan 90-NL-409 “Nissaıf” markalı avtomobillə toqquşur. Protokol səhv tərtib olunduğundan və qarşı tərəf haqlı çıxarıldığından, biz siğortadan faydalana bilmədik və hətta bizə cərimə də tətbiq olundu. Bu minvalla təqribən 4-5 min manat məbləğində ziyana da düşdük. Sabunçu rayon Məhkəməsi qərarı ləğv etsə də, məsələ DYP tərəfindən hələ də uzadılmaqda davam edir. Çox güman ki, sonda Apellyasiya Məhkəməsinə də müraciət olunacaq. Ümumiyyətlə, yol polisi əməkdaşlarının fəaliyyəti ilə bağlı bir çox ərizələrdə irad və təkliflər verib, nəqliyyat vasitələrinin idarə olunmasında baş verən ciddi çatışmazlıqların aradan qaldırılmasına dair təkliflər göstərsəm də, hələ ki, onların cüzi bir hissəsi aradan qaldırılıb. Digərləri isə çox güman ki, növbəti qəzalar baş verdikdən sonra aradan qaldırılacaq. Mənə elə gəlir ki, çatışmazlıqların qısa zaman kəsiyində aradan qaldırılması yol polisi əməkdaşlarının marağında deyil, çünki onlar bu cür vəziyyətlərdən daha çox faydalanırlar. 4) 4 fevral 2017-ci il tarixdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki (Məmmədhəsən Hacinski, 74A ünvanında) mənzilimiz bir neçə şəxs tərəfindən qarət olundu və nəticədə 5000 $ məbləğində əmanətimiz oğurlandı. Oğurluq edən şəxslər iki aydan çoxdur ki, həbs olunublar, amma istintaqın gedişindən bizim məlumatımız yoxdur. Çox güman ki, bu dəfə də pulumuz geri qaytarılmayacaq və heç bir kompensasiya da olmayacaq. İstərdim ki, qeyd etdiyim bütün bu olaylarla bağlı ciddi araşdırmalar aparılsm və bizə dəymiş ziyanlıqların ödənilməsi üçün lazımi tədbirlər də görülsün. Mövzu diqqətimizdədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?