KXCP və Gələcək Azərbaycan Partiyası Cümhuriyyətin yüz illiyi ilə bağlı AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər.
Tədbir Azərbaycanın dövlət himni ilə başlayıb.
İlk olaraq çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu hər kəsi bayram münasibətilə təbrik edib:" Bu gün ən şərəfli günümüzdür. Bir kərə yüksələn bayraq bir daha enməz deyən kişilərimizin ruhu şad olsun".
GAP sədri Ağasif Şakiroğlu bunları deyib:"Hər kəsin bayramı mübarək olsun. Təəssüflər olsun ki, bu günü layiqincə qeyd edə bilmirik. Bakının mərkəzində Cümhuriyyətin qurucularına aid bir abidə belə yoxdur. Biz Rəsulzadə sevgisini daim qəlbimizdə yaşadacağıq".
KXCP Ali Məclisinin sədri Bəybala Əbil çıxışında tarixdə ən şərəfli dövlətimizin AXC olduğunu söyləyib:"O dövrün şəraitinə baxanda inanmaq olmur ki, bu dövlət necə qurulub. Amma bizim babalar bu tarixi bizim üçün yazıblar. Cümhuriyyət 23 ay yaşasa da, Rəsulzadə deyib ki, bir kərə yüksələn bayraq bir daha enməz. Rəsulzadə bu sözləri biz nəsil və bundan sonrakı nəsillər üçün deyib. Bu günkü nəsil Rəsulzadə və onun silahdaşlarını unutmur. Bunun hər ilin bu günlərı bir daha şahidi oluruq. 70 il bu tarixi bizdən silmək istədilər, amma buna nail ola bilmədilər. Bizlər o üçrəngli bayrağı yenidən qaldırdıq".
Tədbir Rəsulzadənin məşhur kəlamlarının səsləndirilməsi və dövlət himnimizlə yekunlaşıb. Sonda M.Ə.Rəsulzadənin Novxanı qəbiristanlığında uyuyan yaxınlarının məzarları ziyarət edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?