Bəzi vəzifə sahiblərinin şəxsi maraqlarının təmin olunması məqsədilə daşıdıqları vəzifələrindən sui-istifadə etmələri, əksər hallarda vətəndaş qarşıdurmasına, şəxslərin bir-birini qarşılıqlı ittiham etmələrinə, məhkəmə müstəvisinə qədər gedib çıxmalarına və s. səbəb olur.
Sözsüz ki, belə bir halların varlığı ciddi qanun pozuntusu olmaqla bərabər, heç də xoşagələn hal deyil. Son vaxtlar adı media qurumlarında daha çox hallanan vəzifə sahiblərindən biri də, Ədliyyə naziri cənab Fikrət Məmmədovun işçisi və adı çəkilən nazirliyin Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyevdir. Belə ki, bu şəxsin adı ilə bağlı olan qalmaqallı məsələlər haqda bəzi media qurumlarında silsilə məqalələr dərc olunduğundan, hal-hazırda idarə rəisinin adı ətrafında dolaşan söz-söhbətlər səngimək bilmir və medianın gündəmini zəbt edən mövzulardan birinə də çevrilir. “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə Adil Əliyev “Avesta” Konserninin tərkibində fəaliyyət göstərən “Tərəqqi” MTK-dan övladı Əliyev Anar Adil oğluna və özünə yaxın bildiyi digər şəxslərə güzəştli şərtlər əsasında mənzillər alır, həmçinin aldığı mənzillərin layihələrində dəyişikliklər də etdirir. Bununla bağlı ekspertiza komissiyasının rəy verməsinə baxmayaraq, idarə rəisi daşıdığı vəzifə səlahiyyətindən sui-istifadə edib “Tərəqqi” MTK-nı hədələyir. Yəni, Adil Əliyev qarşı tərəfə “Siz mənə 100.000 dollar və əlavə 60.000 manat pul verməlisiniz. Əgər verməsəniz, o halda bunu məhkəmə qaydasında sizdən alacağam” deyir. Onu da bildirək ki, adı çəkilən vəzifə sahibinin əməlləri ilə bağlı bəzi media qurumlarında dərc olunan açıqlamalara görə, bu şəxs vaxtilə Badamdar ərazisində başqa bir şəxsə məxsus torpaq sahəsini də, müxtəlif yollarla həmin şəxsin əlindən ala bilib. Hətta, həmin vaxtlarda baş verən olayla bağlı ayrı-ayrı mətbu orqanlarda silsilə açıqlamalar da dərc olunub. Bu şəxsin əməlləri ilə bağlı vaxtilə Bakı şəhər sakinləri Aqil Qurbanəliyev və Məhərrəm Məmmədov tərəfindən redaksiyamıza da müraciət daxil olmuşdu. Müraciət müəlliflərindən biri olan Aqil Qurbanəliyev yazırdı ki, “mənim Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaq sahəm var. 2015-ci ilin əvvəlində bildim ki, həmin sahədə inşa etdiyim hasarı sökürlər. Ləngimədən hadisə yerinə getdim və söküntü işləri ilə məşğul olan fəhlələrin rəhbərindən özbaşınalığın kim tərəfindən həyata keçirildiyini soruşdum. O halda o, “Söküntü işləri Ədliyyə Nazirliyi, Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyevin göstərişi əsasında aparılır” deyə cavab verdi. Belə olan halda məcbur olub Adil Əliyevlə görüşdüm və o, mənə “Sən torpaq sahəsinə qanunsuz sahiblik edirsən” dedi. Hətta, o, qeyd olunan torpaq sahəsini Müqamət Əliyev adlı şəxsdən aldığını bildirdi və 12 sotluq torpaq sahəsinin şəxsi mülkiyyətinə keçməsi barədə 28 saylı notarial kontoru tərəfindən ona verilmiş şəhadətnaməni də mənə göstərdi. Belə bir şəhadətnamənin varlığına baxmayaraq, həmin sənəddə torpaq sahəsinin Adil Əliyevin mülkiyyətinə keçməsi və torpaq sahəsinin harada yerləşməsi haqda heç bir məlumat yox idi”.
“Adil Əliyev məni də “həsir-yesir” edib” Başqa bir şikayətçi Məhərrəm Məmmədov isə bildirirdi ki, “Ədliyyə Nazirliyi, Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyev, mənə məxsus torpaq sahəsinə gedən yolu ələ keçirib. Hansı ki, 2013-ci ildə orada ev tikdirmişəm. Belə bir səbəb üzündən də, həmin evə köçə bilmirəm və düz iki ildir ki, kirayələrdə yaşamağa məcbur olmuşam. Bu şəxs zəbt etdiyi torpaq sahəsi ilə bağlı heç bir izah verə bilmir. Onun yalnız bir sözü var, “Mən kimdən istəsəm şikayət edə bilərəm, bu ölkədə heç kim mənə qarşı çıxa bilməz. Ona görə də, mən sənə gücümü göstərərəm!” deməklə, açıq-aşkar şəkildə məni hədələyir. Mən ədliyyə naziri Fikrət Məmmədova Adil Əliyevin əməlləri ilə bağlı şikayət vermişəm. Cənab Nazir mənə “Sizin probleminiz tam şəkildə ədalətli həllini tapacaq” deyə cavab verib. Biz Daxili İşlər nazirliyinə, Səbail rayon İcra Hakimiyyətinə və Badamdar qəsəbə bələdiyyəsinə müraciətlərimizi ünvanlamışıq. Bütün qurumlar mülkiyyət hüququmuzu təsdiq edən sənədləri yoxlayıblar və onların hər birinin qanuni oluğunu da təsdiqləyiblər. Adil Əliyev isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qeyri-qanuni yolla ələ keçirdiyi 12 sotluq torpaq sahəsinin, məhz onun mülkiyyət hüququna qeydə alınması xahişi ilə müraciət edib. Əmlak Məsələləri Dövlət Komitəsi də, adı çəkilən vəzifə sahibinin xahişini “yerə salıb” və torpaq sahəsinin onun mülkiyyət hüququna qeydə alınmasından imtina edib. Belə olan təqdirdə o, adı çəkilən qurumu məhkəməyə verir”. Aqil Qurbanəliyev onu da bildirirdi ki, “İlyarımdır belə bir iddia tələbi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində məhkəmə prosesi gedir”. Bu şəxsin sözlərinə görə Adil Əliyev ona “Sən torpaq sahəsinə qanunsuz sahiblik edirsən, torpağın əsl sahibi Müqamət Əliyevdir” deyir. Belə olan halda qərara gəldik ki, bu şəxsin dediklərini araşdıraq, görək doğrudanmı mübahisəli torpaq sahəsinin sahibi Müqamət Əliyev olub?
“İdarə rəisinin bildirdiyi fikir təsdiqini tapmadı”
İlk olaraq Badamdar qəsəbə bələdiyyəsinin müavini Həbib adlı şəxsə (Təəssüf ki, o, öz soyadını açıqlamadı) müraciət etdik. Araşdırmamız əsasında bizə cavab verdilər ki, bələdiyyə tərəfindən heç zaman Müqamət Əliyev adlı şəxsə torpaq sahəsi ayrılmayıb. Bundan əlavə, biz Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinə də müraciət etdik. Qəsəbə icra nümayəndəliyinin əməkdaşı Elçin Əliyev isə, “Torpaq sahələri 1992-ci ildən 2000-ci ilədək mülkiyyətə keçirilirdi və bizdə torpaq sahələrinin paylanması ilə bağlı məlumat bazası yoxdur” deyə cavab verdi. O, bununla bağlı icra hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə sabiq nümayəndəsi Həsən Qasımzadəyə müraciət etməyimizi təklif etdi və “Həsən Qasımzadə torpaqlar paylanarkən o, qəsəbə üzrə nümayəndəsi vəzifəsini daşıyırdı. Ona görə də, o, belə bir araşdırmanıza daha dəqiq cavab verə bilər” dedi. Biz Elçin Əliyevin təklifinə nəzərə alıb Həsən Qasımzadəyə müraciət etməli olduq. O da, bizə “Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində Müqamət Əliyev adlı şəxs torpaq mülkiyyətinə sahib olmayıb” cavabını verdi. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, başqa bir media qurumunun nümayəndəsi obyektivliyin qorunması, əsl həqiqətlərin aşkara çıxarılması məqsədilə Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyevə müraciət edir və adı çəkilən vəzifə sahibindən Aqil Qurbanəliyevin, Məhərrəm Məmmədovun açıqlamalarına münasibət bildirməsini də xahiş edir. Ünvanlanan suallara o, “Mən hər iki şəxsin açıqlamaları haqda nəsə demək istəmirəm. Deyəcəyim yalnız o olacaq ki, Müqamət Əliyevdən torpağı aldığım zaman onda, neçə il bundan öncə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və mülkiyyət hüququnu təsdiqləyən sənəd var idi. Alqı-satqı notarial qaydada həyata keçirilən zaman, Müqamət Əliyevin mülkiyyət hüququ təsdiq olunmuşdu” deyə cavab verir. Elə ki, media nümayəndələri tərəfindən ona “Torpaq sahəsinin mülkiyyətinizə keçməsi haqda şəhadətnamədə, torpaq sahəsinin Müqamət Əliyevin mülkiyyətində olması ilə bağlı heçnə qeyd olunmayıb” deyə sual ünvanlanır, o halda o, “Artıq ilyarımdır bu məsələ ilə bağlı məhkəmədə araşdırma işləri aparılır. Ona görə də araşdırmanın hansı sonluqla başa çatacağını gözləmək lazımdır” deyə cavab verir”.
P.S. Məqalə Aqil Qurbanəliyevin və Məhərrəm Məmmədovun vaxtilə redaksiyamıza təqdim etdikləri müraciətləri əsasında hazırlansa da, “Avesta” Konserninin tərkibində fəaliyyət göstərən “Tərəqqi” MTK-nın adı ətrafında yaşananlar isə, bugünkü olaylardır. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?