Son illər bir çox məhkəmə hakimlərinin atdıqları addımlarla bağlı ictimai fikirdə fərqli yanaşmalar ortaya qoyulmaqdadır. Belə bir yanaşmaların əmələ gəlməsinə müxtəlif amillərin varlığı səbəb olur. Bəzi hakimlərin hansısa maraqlar çərçivəsində ədalətsiz hökmlər çıxarmaları, açıq-aşkar şəkildə məhkəmələr və onların hakimləri ilə bağlı formalaşan ədalət anlayışını heçə endirir.
Vaxtilə toxunduğumuz və bu gün də toxunmağa qərar verdiyimiz mövzu mahiyyət etibarı ilə oxşar motivlərlə bağlı olduğundan, biz yaşanan problemlərin varlığını bir daha ictimailəşdirmək qərarına gəldik. Çünki, bir neçə gün bundan öncə təkrar ərizəsini redaksiyamıza təqdim edən Tərtər rayonu, Yenikənd kənd sakini Abbasov Əbülfət Sevindik oğlu qeyd edir ki, “mən gənclik illərimdə Xarkov şəhərindəki İqtisad Mühəndislər İnstitunda ali təhsil almışam. Səhhətimdə əmələ gələn epillepsiya xəstəliyi səbəbindən, uzun illərdir ki, heç cür əmək fəaliyyəti ilə məşğul ola bilmirəm. Hətta, iki dəfə ağır cərrahiyyə əməliyyatı da olunmuşam. Bütün bunlar, bu gün də həyat şəraitimizin ağır duruma düşməsinə səbəb olan amillərdir.
Bütün bunlar qalsın bir yana, 2017-ci ildən üz-üzə qaldığımız problemin varlığı, bizim ailə üzvlərini daha ağır və çıxılmaz duruma salıb. Belə ki, 10 iyun 2017-ci il tarixdə axşamçağı saat təqribən 20:00 radələrində böyük övladım Abbaszadə Nurmurad Əbülfət oğlu ilə, Beyləqan rayon sakini Əsədov Hikmət Əli oğlu arasında göyərçin quşu üstündə dava-dalaş baş verir. Həmin vaxt Hikmət Əsədov hədsiz dərəcədə sərxoş vəziyyətdə olur və belə bir səbəb üzündən də, o, qəflətən oğlum Nurmuradın bel nahiyəsindən ağır zərbə vurub onu yerə yıxır. Hadisənin necə baş verdiyini yaxınlıqda yaşayan qonşular Şahnaz xanım və onun oğlu Elman da görürlər. Hər iki şəxs baş verən hadisə ilə bağlı canlı şahid olsalar belə, təəssüflər olsun ki, onların istintaq orqanlarına, məhkəmədə verdikləri ifadələr heç bir halda nəzərə alınmadı. Həmin vaxtlarda oğlum Nurmuradın yaxın dostları Azad və Ruslan, öz tanışları olan Heydər adlı şəxslə birlikdə ərazidən keçirmişlər. Onların hər üçü oğlumun vəziyyətini görürlər və ləngimədən onu Heydərgilin şəhərdəki evlərinə aparıb, səhərə qədər Nurmuradı həmin evdə saxlayırlar. Bunu Heydərin atası Nəsib Əmrahov və onların ailə üzvləri də təsdiq edirlər. Hadisə baş verən gün, yəni saat təxminən 22-23 radələrində kiçik oğlum Fuad Abbaszadə şəhərdən evə qayıdarkən eşidir ki, Hikmət Əsədovla qardaşı Nurmuradın arasında dava-dalaş baş verib. Ona görə də o, Hikmətə mobil telefonla zəng edir və problemin başvermə səbəblərini soruşub dəqiqləşdirmək qərarına gəlir. Çox keçmir ki, hər iki şəxs arasında da dava-dalaş baş verir və mübahisə zamanı Hikmət Əsədov yerə yıxıldığından, onun başı yerdəki mişar daşına dəyir. Belə bir səbəb üzündən də, Hikmət göz nahiyəsinin üst hissəsindən bir qədər zədə alır. Onu da bildirim ki, baş verən dava-dalaş zamanı hadisə yerində başqa bir kimsə olmur. Hikmət gözünün üst hissəsindən zədə aldığından, çox keçmir ki, onu yaxınları Beyləqan rayonunda həkimə aparırlar və bir qədər də vaxt keçməsinə nail olmaq istəyirlər ki, o, sərxoşluqdan ayıla bilsin. Səhəri gün yaxınları Hikməti Bakı şəhərinə, Z.Əliyeva adına Göz Xəstəlikləri İnstituna gətirirlər.
Adı çəkilən səhiyyə müəssisəsində onu ixtisasca göz həkimi İlham Zərgərli müalicə edir. Onu da qeyd edim ki, baş verən dava-dalaş zamanı o, göz nahiyəsinin üst hissəsindən yalnız bir yerdən zədə alır. Bu şəxsin müalicə olunması ilə bağlı lazım olan dərmanları mən aldım və digər xərclərini də ödədim. Hikmət baş verən hadisə ilə bağlı xəstəxanada “Yıxılmışam, belə bir səbəb üzündən də zədə almışam və heç bir şikayətim yoxdur” deyə, bir neçə dəfə fikirini açıq-aşkar şəkildə bəyan etdi.
Adı çəkilən şəxs müalicə olunub sağaldıqdan bir neçə gün sonra isə, onun atası Əli adlı şəxs “Oğlumun göz nahiyyəsinin üst hissəsinə xəsarət yetirilib, xəsarəti yetirən şəxslə bağlı lazımi tədbir görülməlidir” deməklə, yazılı ərizə ilə RPŞ-nə müraciət etdi. Onu da qeyd edim ki, Hikmət Əsədov xəstəxanaya aparılarkən dəfələrlə yıxıldığını və belə bir səbəb üzündən də, xəsarət aldığını, heç bir halda şikayətçi olmadığını vurğulamışdı. Bütün bunlara baxmayaraq, az sonra atası Əli adlı şəxs “Əgər 5500 manat pul verməsən, o halda hər iki oğlunu şərləyib həbs etdirəcəyik” deyə, bizə belə bir xəbər çatdırdı. Bəli, bu belə də oldu. Çox keçmədi ki, RPŞ-nə verilmiş şikakayətdən sonra istintaq araşdırmaları yekunlaşdı və toplanmış iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. O halda Hikmət əvvəlki mövqeyini tamamilə dəyişdi və keçirilən məhkəmə prosesi zamanı “Hər iki qardaş mənə xəsarət yetirdi, amma biri beşbarmaqla vurdu” deyib, hər iki oğlumun üzünə durdu. Hikmətin beşbarmaqla vurulması və belə bir səbəb üzündən də, hansısa xəsarət alması ilə bağlı nə hal şahidi, nə də ki, əsaslı sübutlar var idi. Yalnız zərərçəkənin şəxsin şahidi, hadisənin baş verdiyi gün Beyləqan rayonunda olan anası Gülər xanım və kürəkənləri Zamin Abbasov oldular. Yəni, hadisənin baş verdiyi anlarda hadisə yerində olmayan hər iki şəxsin yazılı izahatları alındı və verdikləri izahatlar da əsas götürüldü. Bir daha qeyd edim ki, zərərçəkən şəxs hadisənin baş verdiyi vaxt hədsiz dərəcədə sərxoş olub. Hikmət Əsədov akademik Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzində stasionar müalicə olunarkən, onun yalnız baş hissəsinin bir yerindən müəyyən qədər zədə aldığı aşkar olunur. Əgər o, başqa bir yerindən də hansısa formada zədə almış olsaydı, o halda onun da müalicəsi həyata keçirilərdi.
Bütün bunlara baxmayaraq, biz Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı təkrar ekspertizanın keçirilməsi ilə bağlı bir neçə dəfə vəsatət qaldırsaq da, hakim qaldırılan vəsatətlərin heç birini təmin etmədi. Hətta, şahid Şahnaz Usubovanın verdiyi ifadəyə heç bir halda əhəmiyyət də vermədi. Beləliklə, 28 may 2018-ci il tarixdə keçirilən məhkəmə prosesi zamanı hər iki oğlum Azərbaycan Respublikası CM-nin 126.2-ci maddəsi ilə təqsirli bilindilər və Fuad Abbaszadə 6 il, Nurmurad Abbasazadə isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildilər. Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış məhkəmə hökmündən qanuna müvafiq qaydada verdiyimiz apelliyasiya şikayətimiz də lazımınca araşdırılmadı və 29 avqust 2018-ci il tarixdə çıxarılmış məhkəmə hökmü, Bakı Apelliyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanıldı. Bu gün hər iki övladım heç bir əsaslı səbəb olmadan Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməkdədirlər. Atılmış belə bir addımlar heç bir hüquqa sığmayan, heç bir halda ədalət anlayışı ilə üstüstə düşməyən addımlar oldu ki, bu gün həmin addımların cəzasını həm övladlarım, həm də bir valideyin olaraq biz çəkməkdəyik. Baş verən belə bir olaylarla bağlı Ali Məhkəməyə etdiyimiz şikayətimizə 2 iyul 2019-cu il tarixdə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılacaq. Düşünürəm ki, keçirilən məhkəmə prosesi zamanı Nurmurad Abbaszadə ilə bağlı yeni bəraət hökmü, Fuad Abbaszadənin isə 27 noyabr 2014-cü il tarixdən 28 noyabr 2014-cü il tarixə kimi Azərbaycan Respublikası 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmasını, hərbi xidmət dövründə səhhətində əmələ gələn problemlərin varlığı səbəbindən vaxtından əvvəl təxris olunmasını və digər halların varlığını nəzərə alaraq, onunla bağlı ədalətli məhkəmə qərarı çıxarılacaq”.
Bir redaksiya olaraq, bizim baş verənlərlə bağlı gəldiyimiz qənaət ondan ibarətdir ki, 2 iyul 2019-cu il tarixdə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ədalət anlayışı əsas tutulacaq və Əbülfət Abbasovun, ailə üzvlərinin düçar olduqları problemin həlli yöndə əməli addımlar da atılacaq. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzu diqqətimizdədir.
Sorğu
Yeni dizaynımız necədir?