Dostlar, bir-iki gün bundan öncə üz-üzə qaldığım olayla bağlı yaşanan problemi, sizlərlə bölüşməyi özümə borc bildim. Belə ki, 10 sentyabr 2019-cu il tarixdə, axşam saatlarında şəxsi işimlə əlaqədar Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin əvvəlki binasının yerləşdiyi əraziyə yaxın yerə getmişdim.
Elə ki, həmin gün saat 19:30 radələrində şəxsi avtomobilimə minib hazırlıq kursunda təhsil alan qız övladımı götürüb evimə aparmaq istəyirdim, o halda tanımadığım üç nəfər məxs mənə yaxınlaşdı və “Şirin bir dəqiqə gözlə, avtomobili işə salma, sən bizimlə getməlisən” dedilər. Siz kimsiniz, nəyə görə mən sinizlə harasa getməliyəm deyə sual etdim və ilk əvvəl həmin şəxslərin dediklərinə əməl etmədim. O halda onlar mənə müqavimət göstərməyə başladılar. Bu minvalla aramızda bir qədər mübahisə davam etdi və çox keçmədi ki, əlavə dörd nəfər də yaxınlaşdı. Həmin şəxslərdən biri “Sən bir dəfə “banditizm”də olmusan, yəqin ki, sən məni tanıdın, mən səni yaxşı tanıyıram. Biz “banditizm”in işçiləriyik” deyib, xidməti vəsiqəsini mənə göstərdi. Mən həmin şəxsin təqdim etdiyi vəsiqəni diqqətlə oxudum, ondan sonra onların dediklərinə əməl etdim və həmin şəxslərə məxsus nəqliyyat vasitəsinə əyləşərək “banditizm”ə getdik.
Onu da bildirim ki, bir müddət bundan öncə bacanağım avtomobil qəzası səbəbindən dünyasını dəyişmişdi. Həyat yoldaşım qırx mərasimində iştirak etmək üçün Goranboy rayonuna getmişdi. Belə bir səbəb üzündən də, hazırlıq kursunda təhsil alan övladımı mən evə aparmalı idim. Elə ki, adı çəkilən qurumun ikinci mərtəbəsinə qalxdıq və məni qəbul edəcək şöbə rəisini gözləməli oldum, həmin vaxtlarda, yəni saat 20:02 –də məni “banditizm”ə aparan şəxslərdən birinə dedim ki, bu dəqiqə övladım məni gözləyir, imkan yaradın ona zəng edim, heç olmazsa yaxın qohum-əqrəbamdan birinin evinə getsin. Belə bir fikirimi bildirsəm də, həmin şəxs mənə heç cür imkan vermədi və telefonumu alıb “Qizim sen get eve, mənim işim var” deyə mesaj yazdı. Onu da bildirim ki, övladımı hər gün hazırlıq kursundan evə mən aparırdım və heç vaxt ona mesaj yazmamışdım. Qızım həmin mesajı oxuyur və olduqca stress keçirir. Çünki, o, hər gün məni gözləyirdi və yazlımış mesajın hansısa problemin baş verməsi səbəbindən yazıldığını düşünür. Elə ki, məni şöbə rəisinin iş otağına apardılar, o halda “Şirin sən çaşmısan, o vaxtkı yadından çıxıb, sənə dərs olmadı. Sən hələ çox çaşacaqsan?” deyib, o, məndən jurnalist vəsiqəmi istədi. Şöbə müdiri mənə qarşı bu cür aşağılayıcı mövqe qoyub, jurnalist vəsiqəmi iki barbağı arasında o yana, bu yana çevirərək kənara tulladı. Hətta, o, “Ə, nə jurnalist, bəh jurnalisdi ee! Jurnalistlərin hamısı cındırdır, buradan çox jurnalistlərin boynunu əyib yola salmışıq. O, Nəşriyyat var ha, onların hamısı cındırdır. Biz bilirik sən hara gedirsən, kiminlə oturub durursan, nə yeyirsən, necə yatıb durursan” dedi. Mən isə şöbə müdirinə bildirdim ki, bu cür yanaşma ortaya qoymayın, hər kəsin öz adı, öz şəxsiyyəti var. Hər yerin pisi də, yaxşısı da var. İnsanların ünvanına ağır ifadələr işlətmək düzgün deyil. Bir sözlə, meşə çaqqalsız olmur. Hətta, etika naminə həmin şəxsin jurnalistlərin ünvanına səsləndirdiyi bəzi fikirləri açıq şəkildə ifadə edə bilmirəm.
Şöbə rəisinin mənə xatırlatlatması “Şirin sən çaşmısan, o vaxtkı yadından çıxıb, sənə dərs olmadı. Sən hələ çox çaşacaqsan?” deməsi, 7 oktyabr 2016-cı ildə səhər saat 9:00-da baş verən olayla bağlı idi. Belə ki, həmin günün səhər saatlarında “banditizm”in əməkdaşları məni Yasamal rayonu ərazisində yaşadığım yataqxanadan aparıb, çalışdıqları idarədə bərk döymüşdülər.
Növbəti dəfə DİN, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi əməkdaşlarının atdıqları addımları, şəxsən mən şərəf və ləyaqətimin alçaldılması, işgüzar nüfuzumun tapdaqlar altına atılması, həyatımın təhlükə qarşısında qalması, təhdid olunmağım, zorakılıq əməlləri ilə üz-üzə qalmağım kimi qəbul edirəm. Bir anlığa fikir verək ki, əgər şöbə müdiri vəzifəsini daşıyan bu şəxs jurnalistə qarşı belə bir addımını atırsa, görün sadə sakinlərə qarşı necə davranır. Ona görə də belə bir problemlə bağlı Azərbayca Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova rəsmi müraciət də ünvanlamışam.
Şirin Cəfəri, ''Gündəm Xəbər'' qəzetinin təsisçi və baş redaktoru
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?