Milli Şura noyabrın 2-nə təyin etdiyi mitinqini təxirə salıb.
Gundemxeber.Az x'b'r verir ki, bu barədə Amerikanın Səsinə Milli Şuranın Koordinasiya Mərkəzindən bildiriblər.
Qurum Milli Şuranın sədrinin müraciətini müzakirə edərək belə qərar veriblər.
Milli Şuranın sədri Cəmil Həsənli hazırda ABŞ-dadır. O, oktyabrın 31-də gündüz saatlarında quruma müraciət edərək aksiyanı təxirə salmağı təklif etmişdi. Cəmil Həsənli bunları yazmışdı:
“... Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi ) birgə bəyanat yayıb, Milli Şuranı, xüsusilə də AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham edib. Mitinqdə təxribat hazırlanacağı haqda məlumatlar hətta gəlib mənə də çatıb. Təbii ki, hamısı qurama və yalandır. Milli Şura yalnız və yalnız dinc, konstitusion mübarizə aparır və həmişə də belə olacaq...”
Oktyabrın 30-da verilən xəbərlərdə deyilirdi ki, Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
BŞİH mitinqin noyabrın 2-də Lökbatan qəsəbəsində keçirilməsini lazım bilib.
Milli Şura noyabrın 2-si aksiya keçirmək məqsədilə BŞİH-ə ötən həftə müraciət göndərmişdi. Onlar aksiyanın keçirilməsindən ötrü Bakıda iki yer təklif etmişdilər.
Qurumdan bəyan etmişdilər ki, BŞİH bu dəfə də təklif etdikləri yerləri münasib saymayaraq, onları paytaxtın mərkəzindən kənar Lökbatan qəsəbəsinə göndərmək istəsə, yenə istədikləri yerdə aksiya keçirməyə üstünlük verəcəklər.
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Milli Şuranın noyabrın 2-nə təyin etdiyi mitinqlə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, Milli Şuranın mitinq müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti baxıb və onlara “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazası təklif edilib.
Habelə bildirilir ki, lakin təşkilatçılar həmin gün başqa yerdə razılaşdırılmamış aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar:
"Bütün bunlar bir daha göstərir ki,…radikal müxalif qüvvələr məhz qanunla qadağan olunan yerlərdə küçə yürüşləri, mitinqlər, piketlər keçirməyə çağırışlar etməklə insanları dövlət orqanlarının qanuni tələblərinə tabe olmamağa, qarşıdurma yaratmağa, faktiki olaraq zorakılıqlar törətməyə, asayişi və sabitliyi pozmağa təhrik edirlər”.
Qurumlar əlavə edib ki, istənilən qanunazidd əməllərinin qarşısı alınacaq.
Milli Şura rəhbərliyi isə bəyan edib ki, onlar zorakılığın, iğtişaşların əleyihinədirlər, dinc şəkildə Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığından istifadə etmək niyyətindədirlər.
Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Polis Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayan aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb.
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) həmin aksiyada 60 nəfərin saxlandığını, onlardan 18 nəfərinin işinin məhkəməyə göndərildiyini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?