Bu günlərdə GundemXeber.Az saytının redaksiyasına Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Nuriyev Emin Rafiq oğlu tərəfindən şikayət ərizəsi daxil olub.
Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində qeyd edir ki, “Mən neçə illərdir ki, dogma əmim Adil Nuriyevin “toruna düşmüşəm”. Belə ki, 2004-cü ildən əmimlə müəyyən işlər görməyə başlasam da, son anda o, mənə külli miqdarda “pul atdı”. Məsələn, 2004-cü ildə dörd nəfər şərik olmaq şərtilə bir ədəd qeyri-yaşayış sahəsi aldıq və aldığımız qeyri-yaşayış sahəsini əmim öz adına sənədləşdirdi. Bir qədər vaxt keçdikdən sonra o, həmin obyekti satdı və mənə düşən 112 min dollar pulu vermədi. 2008-ci ildə Xətai rayonu ərazisində 142 kvm sahəsi olan obyektim var idi. Əmim Adil Nuriyev obyektimi “Azəriqaz Bank”a girov qoymağa vadar etdi və Milli Məclisin deputatı Musa Quliyevin dəstəyi ilə, adı çəkilən bankdan 400 min manat kreditə pul götürdü. Həmin vaxtlarda o, mənə “Bankdan götürdüyüm 400 min pulun 70 min manatını Musa Quliyevə verdim” dedi. Başqa bir faktı qeyd edim. Əmim Adil Nuriyevin həyat yoldaşının “Kapital Bank”a kredit borcu var idi. Günlərin birində o, mənə dedi ki, “birtəhər et, sən bizim banka olan borcumuzu ödə, mən səninlə sonra hesablaşaram”. Düzdür, ilk əvvəl əmimin belə bir vədinə inandım və az sonra onların əvəzindən “Kapital Bank”a təqribən 10 min manata yaxın məbləğdə pul ödədim. Ödəniş etdiyim pullarla bağlı, bu gün məndə ödəniş qəbzləri də var. Mənim əmimlə olan problemlərimdən biri də, kənar bir şəxsdən 32 min manat pulu alıb ona verməyim oldu. Bəli, o, ilk əvvəl vəd verdi ki, kafemi satıb aldığım pulları özünə qaytaracağam desə də, son anda o, verdiyi vədinə xilaf çıxdı. Bu azmış kimi, mən onun başqa bir “yağlı vəd”inə də inanıb tanıdığım bir şəxsdən də 60 min manat pul alıb ona verdim. Ötən illər ərzində əmim Adil Nuriyev, məndən aldığı pulların bir qəpiyini də özümə qaytarmadı. Təqribən dörd il bundan əvvəl isə, əmim bir daha məndən 15 min manat pul aldı və bildirdi ki, “oğlum Tural Nuriyev BDU-nun hüquq fakültəsinin rus sektorunda təhsil alır. Onun bir neçə “kəsr”i var, ona görə də diplomunu əldə edə bilmir. Mən bu pulla onun problemini qaydaya salım, sonra pullarını özünə qaytararam” dedi. Qardaşoğlu olaraq onun belə bir danışıqlarına da inandım və həmin vaxtlarda 15 min manat pulu ona verdim. Bu gün də həmin pulu Adil Nuriyevdən ala bilmirəm. Başqa bir faktı da qeyd edim ki, biz 2013-cü ildə də şərikli bir kafe aldıq və kafeni həmin ildə 540 min manata satdıq. Kafenin satışından əldə olunan puldan mənə pay düşsə də, təəssüf ki, əmim Adil Nuriyev mənə bir qəpik də pul vermədi. Bu gün o, Bakı şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Bir il bundan öncə əmimlə aramızda əmələ gələn problemləri qaydaya salmaq üçün, anamla birlikdə onların yaşadıqları evə getdik. Əmimlə etdiyimiz söhbət zamanı o, anama dedi ki, “Aramızda olan problemləri kimlərəsə deməyin. Mən Eminlə hansı işləri görmüşəmsə, ona nə qədər pul verəcəyim varsa, hamısını onun özünə qaytaracağam” deyə vəd versə də, bugünə kimi o, bu yöndə heç bir addımını atmayıb. Hal-hazırda əmim Adil Nuriyevin üstüstə mənə 587 min manat pul borcu var. Ötən illər ərzində əmim Adil Nuriyevdən pullarımı istəsəm də, o, minbir bəhanələrlə pullarımı qaytarmaqdan imtina etdi. Belə bir səbəb üzündən də, onunla aramızda ciddi narazılıqlar əmələ gəldi. Artıq aramızdakı narazılıq o həddə gəlib çatdı ki, əmimdən aidiyyatı dövlət qurumlarına şikayət etmək məcburiyyətində qaldım. Çünki, artıq dərk edirdim ki, o, mənim etibarımdan sui-istifadə edir. Bu gün isə, məni narahat edən və düşündürən hal odur ki, aidiyyatı orqanlara yazdığım ərizələrim ilk əvvəl Bakı şəhər Baş Polis İdarəsində araşdırılsa da, bir qədər vaxt keçdikdən sonra, toplanmış iş materiallarının bir hissəsi Xətai RPİ-nin 36-cı polis bölməsinə, bir hissəsi isə Nərimanov rayon Prokurorluğuna göndərilir. Baxmayaraq ki, belə bir işlərdə mənim nə Xətai, nə də ki, Nərimanov rayonuna heç bir bağlılığım yoxdur.
Onu da vurğulayım ki, yazmış olduğum şikayət ərizələrimdə Musa Quliyevin də adını hallandırırdım. Günlərin birində Musa Quliyev mənə zəng edib “hansı səbəbdən şikayət ərizələrində mənim adımı hallandırırsan? Axı, mənim Adil Nuriyevlə heç bir əlaqəm yoxdur. O, mənim adımdan sui-istifadə edib, ona görə də onu məhkəməyə verəcəyəm. Sən də onunla bağlı aidiyyati orqanlara şikayətini göndər” dedi. Hətta, Musa Quliyev onu da vurğuladı ki, “sən əminin həbs olunmasını istəyirsənmi?”. Cavabında bildirdim ki, bəli, mən onun həm həbs olunmasını, həm də pullarımı geri qaytarmasını istəyirəm. Təəssüf doğuran hal o oldu ki, vaxt keçsə də Musa Quliyev onunla bağlı məhkəməyə müraciət etmədi. Bir qədər vaxt keçdikdən sonra isə o, Biləsuvar rayonunda qeydiyyatda olduğum ünvana məktub göndərir və yazmış olduğu məktubunda qeyd edir ki, “mənim Adil Nuriyevlə heç bir əlaqəm yoxdur”. Belə bir məktubdan sonra Musa Quliyevə zəng edib bildirdim ki, necə olur sən onun oğlunun toy məclisində yaxından iştirak edirsən, bankdan pul götürərkən ona lazımi köməklikləri göstərirsən, sonra da belə bir cavab yazırsan. Bu cür suallarımın qarşılığında o, mənə heç bir cavabı verə bilmədi. Onu da bildirim ki, əvvəllər şikayətlərimi Milli Məclisə də göndərirdim. Yəni, həmin vaxtlarda Musa Quliyev yazmış olduğum şikayətlərlə bağlı heç bir reaksiya vermirdi. Elə ki, bu yaxınlarda Milli Məclis buraxıldı, o halda Musa Quliyev mənə zəng edib bildirmək istədiyi fikirlərini çatdırdı. Eşitdiyimə görə Musa Quliyev təkrar millət vəkili olmaq üçün, bu gün seçkilərə qatılıb. O halda sual oluna bilər ki, millət vəkili olan hər kəs millətin övladlarının pozulmuş hüquqlarının müdafiəsi ilə məşğul olmalı olduğu halda, bəs səbəb nədir ki, o, əmim Adil Nuriyevə bir növ arxa-dayaq olaraq, mənim hüquqlarımın pozulmasına dəstək verir? Mən üz-üzə qaldığım problemlər səbəbindən, indiyə kimi evimi, avtomobilimi və digər əmlaklarımı satıb borc ödəmişəm. Hansı ki, borc ödədiyim şəxslərdən pulu alıb əmimə vermişdim.” Mövzunu diqqətdə saxlamağa çalışacağıq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?