Gundemxeber.az » GündəmXəbər » Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... –Araşdırma (II hissə)
Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... –Araşdırma (II hissə)
Gözlədiklərimiz və gözləmədiklərimiz baş verir. İlk məqaləmizdən sonra Qafar Əliyevin və onun “qızğın” tərəfdarlarının narahatlıq keçirəcəklərini gözləyirdik. Amma narahatlıqlarını açıq formada birüzə verəcəklərini, hətta bir az da uzağa gedərək bizə qarşı təhdid, təhqir və şantaja əl atacaqlarını gözləmirdik.
Gundemxeber.Az stimulxeber.az-a istinadla bildirir ki, müxtəlif mənbələrdən sifarişlərin göndərilməsi, redaksiyamıza açılan telefon zəngləri və baş verənlərlə bağlı məsləhətləşmələrin aparılması daxil olan məlumatlar sırasındadır. Bir daha əmin olduq ki, ölkədə həyata keçirilən inqilabi islahatlar, mövcud ictimai-siyasi şərait “feodal təfəkkürlü” insanları qəflət yuxusundan oyatmayıb. Beləliklə...
Azad Azərbaycan radiosunun və qəzetinin redaksiyasında əməkdaşlara maaş verilməsi prosesi, üzərində möhürü və digər rekvizitləri olmayan adi kağız parçası vasitəsilə həyata keçirilirdi. Əməkdaşlar sadəcə həmin kağız parçasına imza atmaqla işlərini bitmiş hesab edirdilər. Daha sonralar anlamağa başladıq ki, bu boyda radioda və qəzetdə qanunsuz olaraq fəaliyyət göstəririk. Yəni, əməkdaşların sosial müdafiə hüquqları, vergi ödəmələri barədə heç bir qeydiyyat aparılmırdı. Deməli, onlarla əməkdaşa gündəlik tələbatlarını belə ödəməyəcək qədər vəsaitlər verilirdi ki, jurnalistlər haqlı olaraq narazılıqlarını ifadə edirdilər. Təsəvvür edin ki, 2000-ci illərdə bəşəriyyət qloballaşmağa doğru gedir, beynəlxalq tələblərə uyğun media sisteminin yaradılması zərurəti ortaya çıxır, ölkəmizə Qarabağ boyda probleminin mövcudluğu və haqq səsimizin dünyaya çatdırılması istiqamətində yeni yanaşmaların tələb olunduğu bir zamanda, iqtidarı təmsil edən media qurumu Sovet dövründən qalma, köhnəlmiş və heç nəyə yaramayan primitiv siyasətlə idarə olunurdu. Beləliklə, bir müddətdən sonra Azad Azərbaycan radiosu fəaliyyətini dayandırdı. Bu o demək idi ki, orada çalışan əməkdaşlar iş yerlərini itirmək təhlükəsilə üzləşdilər. Yuxarıdan ayrılan pul vəsaitlərinin, aşağılarda çalışan sıravi əməkdaşlara qəpik-quruş şəklində çatdırılması bir çoxlarının illərdir fəaliyyət göstərdikləri iş yerlərini tərk etmələrilə nəticələndi. Təcrübəli, savadlı, perspektivli və ən əsası əqidələri saf olan bir çox jurnalistlər başqa qəzetlərdə və televiziyalarda iş yerləri taparaq, Azad Azərbaycan qəzetindən uzaqlaşdılar. Adıçəkilən qəzetin ictimai rəydə nüfuzunun aşağı olması, qəzetə rəhbərlik edən şəxslər barədə cəmiyyətdə mövcud olan mənfi imic artıq öz sözünü deməkdə idi. Azad Azərbaycan radiosundan gələn gəlirlərin kəsilməsi, eyni adlı qəzetdə pul və nüfuz uğrunda mübarizəni daha da kəskinləşdirirdi. Dövlətin ideoloji təbliğatından başqa, bu qəzetdə demək olar ki, hər şeylə məşğul olurdular. Təki pul olsun... Ötən məqaləmizdə qeyd etdiyimiz abunə kampaniyası adı altında “pul toplanılması” siyasəti özünün yeni mərhələsinə qədəm qoyurdu. Əslində, hər bir media orqanının abunə və reklamdan gəlir əldə etməsi normal və qanunidir. “Azad Azərbaycan”da isə ...
İllik bir nüsxə üçün 100 manat dəyərində abunənin neçə faizi əməkdaşa çatırdı , ümumiyyətlə abunə olunan qəzetlər ünvana yetişirdimi?... Abunə edən şəxslər özlərinə çatacaq vəsaiti niyə ala bilmirdilər?...
Qafar Əliyev qəzetin rəhbəri kimi hər əməkdaşın qarşısına il ərzində yüzə yaxın abunə etdirmək kimi absurd bir tələb qoyurdu. Bu da on min manata yaxın vəsait demək idi. Hər iclasda ölkədəki ictimai-siyasi vəziyyəti analiz edib, şəraitə uyğun yazıların ictimaiyyətə təqdim olunması əvəzinə abunə işinin təşkili aparıcı mövzuya çevrilirdi. Qəzet mətbu orqan kimi öz imicini tamamilə itirmişdi. Savadlı jurnalistlərin baş verənlərə etiraz əlaməti olaraq, redaksiyanı tərk etməsi anormal bir vəziyyət yaratmışdı. Əsasən, pul vəsaitlərinin hesaba köçürülməsi zamanı ciddi narazılıqlar baş qaldırırdı. Idarə, müəssisə və təşkilatların qapılarlnda boyun bükərək abunə elətdirən əməkdaşlar özlərinə çatacaq 40 faiz pulu almaq üçün aylarla Qafar Əliyevin çalışdığı Prezident Administrasiyasının qarşısındakı parkda onu gözləməli olurdular. Hər dəfə müxtəlif bəhanələrlə əməkdaşları yola verir, onların son ümidlərini puç edirdilər. Bütün bunlar azmış kimi abunə olunmuş qəzetlər ünvanlarına çatmadığı üçün ciddi narazılıqlar yaranırdı. Əməkdaşlar idarə, müəssisə və təşkilatlarda nüfuzdan düşür, onlara “dələduzlar” kimi baxırdılar. Məlumat üçün bidirək ki, bu günə qədər həmin qəzetə köçürdükləri vəsaitlərdən özlərinə çatacaq pulu ala bilməyən əməkdaşlar var və Qafar Əliyevin mərhəmət hissinin haçan oyanacağını səbirsizliklə gözləyirlər. Məntiqi sual meydana çıxır - əgər əməkdaş abunə edibsə və həmin vəsait qəzetin hesabına köçürülübsə, nəyə görə əməkdaşın haqqı ödənilmir və qəzetlər ünvanlara çatmır? Baş verənlər maliyyə maxinasiyalarından xəbər vermirmi? Növbəti yazılarımızda haqqı mənimsənilən bir neçə əməkdaşın mövqeyi ilə ətraflı tanış olacağıq.
İctimai-siyasi şöbənin üzərindən ictimaiyyətə vurulan siyasi zərbələrin ideoloji fəsadları...
Bütün bunlar mövcud hakimiyyətin ideoloji ruporlarından biri olan iqtidaryönlü mətbuat orqanında baş verirdi. Zaman-zaman hiss edirdik ki, maddi maraqlar və vəzifə hərisliyi dövlət və milli mənafeləri üstələməklə onları ayaqlar altına atır. Həm də, baş verənlər hakimiyyətin yuxarı eşalonları tərəfindən idarə olunaraq, qarşısıalınmaz prosesə çevrilirdi. Proseslər elə ustalıqla idarə olunurdu ki, ən ülvi hisslərlə və sədaqətlə hakimiyyətə xidmət göstərməyə hazır olan insanlar qısa müddət ərzində pərişan olmaqla bərabər, mövcud hakimiyyətə qarşı olan inamlarını zaman-zaman itirməyə başlayırdılar. Əgər prezidentin yaxın ətrafında olan şəxslər insanları incidərək, onları dövlətdən narazı salırlarsa, göz görə-görə, qulaq eşidə-eşidə ədalətsiz və qanunsuz əməllərə yol verirlərsə, bu, cəmiyyət tərəfindən ikrahla və nifrətlə qarşılanmalı idi. Böyük ümidlərlə və inamla Ulu Öndərin ideyalarına sadiq olan insanlar baş verənləri seyr etməklə dərin məyusluq hissi keçirirdilər. Hakimiyyətin ictimai-siyasi sferasına cavabdeh olan şəxslər yavaş-yavaş tutduqları vəzifəyə biznes obyekti kimi baxmaqla oliqarxlara çevrilirdilər. Pul və nüfuz uğrunda ölüm-dirim mübarizəsinə başlayanlar insanları narazı salaraq hakimiyyətə qarşı qaldırdıqlarını nəinki görmürdülər, hətta onları ələ salırdılar. Sadə insanlara yuxarıdan aşağı baxmaqla ləyaqətlərini alçaldır, şikayətlərini qulaqardına vurur, haqqın tərəfində olmaq əvəzinə nahaqqın müdafiəsinə qoşulur, vəzifə və pul əldə etmək üçün əxlaqi, mənəvi və mental dəyərləri tapdalamaqdan çəkinmirdilər. Bu, açıq-aşkar Şərin Xeyr üzərində "qələbəsi" idi.İnsanlar yavaş-yavaş mövcud hakimiyyətdən soyuyur, dövlətdən narazı salınırdılar. Məmur özbaşınalıqları, rüşvət və korrupsiya, vətəndaşların haqq səslərinə biganə münasibət, bu azmış kimi insanlara göz dağı verərək haram yolla topladıqları pullar hesabına dəbdəbəli həyat tərzi keçirmələri ölkədəki ictimai-siyasi şəraiti gərginləşdirməyə yönələn siyasət idi. Prezidentin etimad göstərərək vəzifələrə təyin etdiyi insanlar sanki, Onu nüfuzdan salmaq üçün yarışa girişmişdilər. Bütün baş verənləri ürək ağrısı ilə seyr etməkdən başqa çarəmiz qalmamışdı. Cəmiyyəti narahat edən problemləri araşdırıb, tənqidi və yaxud analitik məqalə hazırlamaq müşkülə çevrilmişdi. Palaz-palaz, reallığı əks etdirməyən mənasız yazılar, yaltaqlığı və simasızlığı təbliğ edən məqalələr nəinki ictimaiyyət tərəfindən qəbul olunmur, hətta ikrah hissi oyadırdı. Bu, Prezident Administrasiyasında əyləşən Əli Həsənovun və ətrafının ölkədə yaratdığı dözülməz vəziyyətin acı mənzərəsi idi... Məqalədə adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Ardı var...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?