Karantin dövründə xarici ölkələrə uçuş olmadığından daha ciddi müayinələr üçün xaricə gedən vəzifəli məmurlarımızın adları son vaxtlar “Gömrük xəstəxanası”ndan gəlir.
Əcəba, bu xəstəxana o qədərmi yüksək səviyyəlidir ki, canını hər şeydən çox sevən oliqarxlarımız da oraya üz tutmağa başlayıblar?
Məlumat üçün bildirək ki, “Gömrük xəstəxanası” “Kaspar” kimi tanınan məşhur xəstəxananın yaxınlığında yerləşir. Hospital 2007-ci ilin dekabrında fəaliyyətə başlayıb. Bu hospital DGK-nın strukturlarına əlavə edilib. Prezidentin 2004-cü ildə imzaladığı fərmana uyğun olaraq gömrük orqanlarına xidmətə qəbul olunan əməkdaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi, gömrük əməkdaşlarının tibbi xidmətə ehtiyaclarının ödənilməsi və tibbi təminatının yaxşılaşdırılması məqsədilə inşa edilib. O, ən müasir sağlamlıq ocaqlarından biri hesab olunur. Hospitalda quraşdırılmış avadanlıq əsasən Almaniyanın və digər Avropa ölkələrinin istehsalıdır. Ancaq burdakı qiymətlər aşağı təbəqə üçün əlçatmazdır. İstər Kəmalədin Heydərovun, istərsə də Səfər Mehdiyevin vaxtında fərq etmir- bahalıq və korrupsiya bu hospitalın vizit kartıdır.
Hospitalda pulsuz heç nə etmək istəmirlər. Xatırlayırsınızsa bir dəfə qalmaqal da qopmuşdu. İcbari Tibbi Sığortanın göndərişi ilə gələn xəstəni müalicə etməkdən boyun qaçırmışdılar. “İcbari Tibbi Sığortanın göndərişi ölüm ayağında gətirdiyimiz bacım Ülviyyəni Mərkəzi Gömrük Hospitalı qəbul etmədən geri qaytardı”. Bunu Bizimyol.info saytına açıqlamasında Yevlax rayon sakini Telman Sadıqov demişdi. O bildirirdi ki, 2014-cü ildə ondan bacısına orqan transpalnasiyası yolu ilə qaraciyər köçürülüb. “Bacım Ülviyyə Sadıqovanın əməliyyatına 100 min dollarədək xərc çəkilib. Nə qədər bankdan kredit götürdük. Xeyirxah insanların da maddi yardımı ilə orqan köçürməsi baş tutdu. Buna görə də bacısıma I qrup əlillik dərəcəsi verilib. Bundan sonra həm əməliyyatı edən həkim tərəfindən, həm də Yevlax Mərkəzi Xəstəxanası tərəfindən nəzarətdə olub. Ancaq bu qədər ciddi əməliyyat kerçirən xəstəyə qarşı Yevlax xəstəxanasında etinasız yanaşırdılar. Vəziyyəti kəskin pisləşdikdən sonra digər xəstəxanalara göndərişlər verildi. Amma artıq gecdir və məlum olur ki, vəziyyət həddindən artıq pisdir, qarnına su yığılmağa başlayıb”. T.Sadıov bildirir ki, bu gün ( 2019-cu il-red) İcbari Tibbi Sığorta tərəfindən Mərkəzi Gömrük Hospitalına göndəriş verilib və səhər saat 9-dan təcili yardım maşını ilə onu Gömrük Hospitalına çatdırıblar. “Ölüm ayağında olan xəstə saatlarla gözlədikdən sonra hospital qəbul etmədi və onu yenidən təcili yardım maşını ilə rayona qaytardılar. Bildirdilər ki, onun problemi hospitala aid deyil. Amma orqan köçürən həkim Mircəlal Kazımi də burada işləyir və ondan başqa heç kim müalicə etmir. Ancaq buna baxmayaraq, xəstəni geri qaytardılar”. Gundelik-baku.com bildirir ki, 2018-ci ildə isə hospitalın iranlı cərrahı Cahani Mohammad həbs edilmişdi.Onun evindən axtarış zamanı çoxlu sayda qeydiyyatdan keçməmiş dərman və kosmetik preparatlar aşkarlanıb götürülmüşdü. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev,Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclaslarında da maraqlı faktlar üzə çıxmışdı. Prosesdə Gömrük Hospitalının Planlama və marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verərkən demişdi ki, aylıq məvacibinin 170 manatını kartla, 1000 manatını isə nağd şəkildə alıb: "Hospitalda həkimlər aylıq 10 min, 20 min, 60 min, 90 min maaş alırlar. Orada ən çox cərrahlara maaş verilir". Azərbaycanda bu məbləğdə maaşları təsəvvür edirsiz? O pula öyrəşmiş cərrah kasıbı əməliyyat edərmi? Ona görə bu hospitalda qiymətlər əl yandırır.
P.S. Arada hospitalın girişindəki lövhəyə əl gəzdirin, hərflər düşüb. Onlar da bu bahalığa etiraz edir deyəsən.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?