“İranın Qarabağla bağlı irəli sürdüyü həll variantında sistematik yanaşma yoxdur. Bu həll variantı Moskva ilə razılaşdırılaraq yeni bir danışıqlar formatının yaradılmasına hesablanıb. Burada işğalçı qoşunların ərazilərdən çıxarılması qeyd edilsə də, Ermənistanın da maraqları burada nəzərə alınıb. Həmçinin burada sülhməramlı qüvvələrin olmasına aydınlıq gətirilməyib. Ona görə də İran Ermənistanın maraqlarının nədən ibarət olduğunu açıqlamalıdır”.
Bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, artiq Azərbaycan Qarabağda ciddi uğurlar əldə edib və hər hansı həll variantı hərbçiləri Qarabağın dağlıq hissəsindən çıxara bilməz:
“İran prezidentinin xüsusi elçisi Abbas Əraqçı Bakı, Moskva, Yerevan və Türkiyəyə səfər edərək, təklif olunan həll variantını müzakirə edib və edəcək. Burada Moskva Tehranın irəli sürdüyü plandan razıdır. Azərbaycan hələ qəti mövqeyini bildirməyib və belə bir həll variantlarına artıq ehtiyac duymur. İranın həll variantları Ermənistanda razılıqla qarşılansa, deməli, burada Yerevanın tam maraqları əks olunub. Bu da Qarabağa yüksək status yaxud müstəqilliyə aparılan yoldur. İran bundan artıq Azərbaycanın tam mənafeyinə və BMT -nın qətnamələrinə əsaslanan bir həll variantı hazırlaya bilməz. İran Ermənistan əlaqələri yüksək səviyyədədir və Azərbaycan-Turkiyə bir varianta razılıq verməyəcək. Deməli, İran Qarabağla bağlı sülh planı irəli sürməsinə baxmayaraq, Azərbaycanın cənub -Qərb sərhədinə Zəngilan-Cəbrayil istiqamətinə ordu yığır. Azərbaycan tərəfi sərhəddə sərhəd qoşunlarının postlarını quraraq İran üçün heç bir təhlükə olmadığını bəyan edib. Rəsmi Tehran isə durmadan sərhəddə zirehli texnikasını cəmləşdirməklə, irəli sürdüyü sülh planını kölgədə qoymuş olur”.
Politoloq hesab edir ki, İranın Qarabağ məsələsində kənar qalması və bu prosesdə yer almaması Azərbaycan üçün xüsusi bir cizgidir:
“İranın qonşuluq prinsiplərinə sadiqliyi, tarixi -dini və oradakı soydaşlarımızın yaşadığını nəzərə alaraq Azərbaycanın bu məsələdə mövqeyini siyasi ritorikada deyil, əməldə dəstəkləməsi vacibdir. Bir tərəfdən, sülh planı, bir tərəfdən də silahli qüvvələrlə sərhəddə dayanmaq dostluq və vasitəçiliyə şübhə yaratmış olur. İranın əsas narahatlığı Azərbaycanla Naxçıvanı birləsdirə bilən "Mehri" dəhlizi ilə bağlıdır. Azərbaycan hələ bu məsələdə maraqlı deyil. Hazırda Türkiyənin güc nazirlərinin Bakıda olması, üçüncü ölkələrin təzyiqlərinin neytrallaşdırmasına gətirib çıxarır”./cebhe.info/
Sorğu
Yeni dizaynımız necədir?