Bakının ən böyük, ən zəngin rayonu olan, Qaradağ rayonunun Ələt qəsəbəsində sakinlər pandemiyanın tüğyan etdiyi bir vaxtda daha bir bəladan əziyyət çəkirlər. Sakinlər ciddi bir problemlə üz-üzə qalıblar. Bütün bunlara baxmayaraq, sakinlərin hələ də səsinə, səs verəcək bir qurum tapılmır ki, tapılmır.
Baş Ələt qəsəbəsində, gördüyünüz bu küçədə sakinlər isti yay aylarında orada hərəkət edən avtomobillərin ətraf mühitə vurduğu ziyandan ciddi narahat olublar.
Sakinlərin Arazmedia.az-ın əməkdaşına verdiyi məlumata görə, həmin bu ərazidə hərəkət edən avtomobillər insanları loru dildə desək toz-duman altında yaşamağa məcbur edir. Sakinlər sözügedən problem barədə danışırdı ki, çox çəkmədi əməkdaşımız həmin mənzərənin şahidi oldu. Bir neçə dəqiqə sakinlərlə ərazidə söhbət edib əməkdaşımız. Ərazidə hərəkət edən avtomobillərin yaratdığı tozdan çox ciddi narahatlıqlar yaşandığını əyani şəkildə müşahidə edib jurnalist.
Gözümüzü açmağa imkan tapmadıq, ərazidə tozun yaratdığı “qum fırtınasından”. Təsəvvür edin ki, biz cəmi bir-neçə dəqiqə ərzində bütün bunların şahidi olduq. Orada yaşayan sakinlərin indi hansı çətinliklərlə üz-üzə qaldığını yəqin ki, təsəvvür etmək o qədər də çətin olmaz.
“Bir-neçə il öncə ölkə başçısı Cənab İlham Əliyev həmin bu ərazidən keçərkən tələsik yolu asfaltladılar. Sevindik ki, yollarımız düzəldi, daha bu problemlə üz-üzə qalmarıq”.
“Görünür belə deyilmiş, gördüklərimiz fikirləşdiklərimizin tam əksi imiş”.
“Çox çəkmədi ki, ərazidə hərəkət edən yük maşınları yenə asfaltı əvvəlki vəziyyətə saldı, indi də həmin problemlə üz-üzəyik deyə, sakinlər bildirib”.
Sözügedən bu küçədə, bir-neçə zavod fəaliyyət göstərir. Şpal zavodu, asfalt zavodu və bitum zavodu. Əldə etdiyimiz məlumata görə, həmin asfalt zavodu bu gün də, asfalt örtüyü salmaqla məşğuldur. Bir çox küçə və əraziləri asfaltlamaqla məşğuldur. Adı asfalt zavodu olan bir küçənin yollarının bu gündə olması kimin günahıdır? Yəqin ki, cavab hamımıza bəllidir.
Küçənin bu vəziyyətə salınmasına səbəb sözügedən zavodlarda hərəkət edən ağır yüklü avtomobillərin həmin küçədən zavodlara tez-tez hərəkət etməsidir. Bunu deməyə əsas var.
Sakinlər ilə söhbət edən zaman şahidi olduq ki, həmin ağır yük maşınları dayanmadan zavodlara hərəkət edir və sonda belə problemlərlə insanları üz-üzə qoyaraq, həm ətraf mühitə ziyan vurur, həm də ki, dövlətin xərc çəkib saldığı asfaltı bərbad vəziyyətə salır. Nəticədə, ərazidə böyük tozlu dumanı yaranır. Yaranan bu mənzərə isə insanların yaşamasına ciddi problemlər yaşadır.
Ümid edirik ki, aid qurumlar hərəkətə keçəcək və sakinlərin haqlı narazılıqlarına səbəb olan problemi ən qısa zamanda həll edəcəklər.
Tərəflərin mövqeyi olarsa, jurnalistika prinsiplərinə uyğun olaraq, dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?