Uzun müddətdir ki, şəhərdaxili və ətraf ərazilərdə ictimai nəqliyyatla bağlı yaşanan problemlər, daim əksəriyyəti narahat edən əsas sosial problemlərdən biri hesab olunur və çox zaman ölkə gündəmini də zəbt edir. Yəni, bu yöndə problemin varlığı ilə bağlı zaman-zaman sosial şəbəkə istifadəçilərinin paylaşımlarında, əksər media qurumlarının manşet yazılarında və s. sakinlərin etdikləri haqlı narazılıqların varlığına rast gəlmək mümkün olur. Məsələnin düşündürücü tərəfi odur ki, ölkəmizin sərnişindaşıma ilə məşğul olan nəqliyyat sahəsində nə qədər yenilənmə işləri həyata keçirilsə də, Bakı şəhərinin marşrut-avtobus problemini tamamilə həll etmək mümkün olmur ki, olmur. Məsələn, Nəsimi rayonunun mərkəzi ərazilərindən biri hesab olunan və uzun illər ərzində fəaliyyət göstərən “3-cü mkr-n Bazarı”nın qarşısında da, hal-hazırda belə bir problem yaşanmaqdadır. Diqqət yetirmək lazımdır ki, istər “3-cü mkr-n Bazarı”, istərsə də ona bitişik fəaliyyət göstərən “Kəndli Yarmarkası”, bu gün insanların daha çox alış-veriş etdikləri ticarət mərkəzlərindən biri hesab olunur. O halda sual oluna bilər ki, nəyə görə “3-cü mkr-n Dairəsi”ndən bu ticarət mərkəzlərinin qarşısına gedən yolda, bir ədəd olsun belə sərnişindaşıma ilə məşğul olan avtobus hərəkət etmir?.
Məgər, bu ticarət mərkəzlərindən alış-veriş edənlər paytaxt sakinləri deyillər? Yaxud da Bakı Nəqliyyat Agentliyi (BNA) onların belə bir problemlərini niyə həll etmir? Məsələnin maraqlı tərəfi odur ki, illər öncə büdcə vəsaitləri hesabına bu ticarət mərkəzlərinin qarşısında dayanacağın quraşdırılmasına baxmayaraq, həmin yolda heç bir sərnişindaşıma ilə məşğul olan avtobus hərəkət etmir. Belə bir halın varlığı, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Unutmaq olmaz ki, istər “3-cü mkr-n Bazarı”, istərsə də ona bitişik fəaliyyət göstərən “Kəndli Yarmarkası”, bölgələrdən gətirilən kənd təsərrüfatı məhsullarını daha çox qəbul edən ticarət mərkəzləri hesab olunurlar. Bundan əlavə, bu ticarət mərkəzlərində qiymətlər digər ticarət mərkəzlərinə nisbətən daha ucuz olur. Bu da onu söyləməyə əsas verir ki, Bakı Nəqliyyat Agentliyi qeyd olunan problemin varlığna diqqət yetirməli və belə bir problemi qısa zaman kəsiyində aradan qaldırmalıdır. Çünki, bu ticarət mərkəzlərində çalışanlar bildirirlər ki, qeyd olunan yolda sərnişindaşıma ilə məşğul olan avtobusun hərəkət etməməsi, həm işə gəlib-getməyimizə, həm qiymət artımına, həm də müştəri azlığına və s. öz təsirini göstərir.
Məlumdur ki, 7 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Bu Fərman ilə Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Fərmanda Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Ümid edirik ki, ölkə rəhbərinin imzaladığı Fərman əsasında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilən Bakı Nəqliyyat Agentliyinin rəhbər şəxsləri, həm bu ticarət mərkəzlərində çalışanların, həm də tam əksəriyyətin haqlı narazılıqlarını nəzərə alıb, “3-cü mkr-n Dairəsi”ndən adları çəkilən ticarət mərkəzlərinin qarşısına gedən yolda sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkət etmələrini təşkil edəcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?