Deputat Bəxtiyar Sadıqovun oxuculara ölkə Prezidentinin əks təbliğatına hesablanmış plagiat yazıları sırımaqla məşğul olması sifarişli olubmu???
Keçək mətləbə: bu günlərdə ölkə mediasında, o cümlədən «Təzadlar»da, «Azərbaycan» qəzetində dərc olunmuş plagiat yazılar barədə ciddi araşdırma yazıları sərgilənmişdi. Təsəvvür edin, standart bir saxta qələmdən-müəllif düşüncəsindən çıxmış, bəsit təriflərdən quraşdırılmış olduqca zəif qələm məhsulu olan bu məqalələrdə eyni dəsti-xətt olmaqdan əlavə, fərqli nəşrlərdən və ya müəllif yazılarından oğurlanıb yamaqlama yolu ilə çap edilmişdir…
Bəxtiyar Sadıqovun «Rəsmi dövlət qəzeti» yalanı…
Yeri gəlmişkən, seçicisinin sifətini tanımasa da, parlamentdə qanunlarımızın qəbuluna düymə basmaqla səs verən Bəxtiyar Sadıqov unudur ki, elə özü Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetinin başlığında, dövlət gerbinin yanında «Rəsmi Dövlət qəzeti» sözlərini yazmaqla qanunlarımıza hörmətsizlik edir. O, bununla da rəhbəri olduğu qəzetin guya dövlətin bir nömrəli qəzeti olduğuna işarə vurur, məmurlara isə çağırış edir ki, baxın ha, bu ölkədə dövlət başçısının yeganə oxuduğu qəzet bizik və s.
Məsələnin məğzi isə ondadır ki, uzun illərdir “Azərbaycan” qəzeti “Rəsmi Dövlət Qəzeti” devizi altında çalışmaqdadır. Ancaq “Azərbaycan” qəzetinə “Rəsmi Dövlət Qəzeti” statusunun haçan, harda, kim və ya hansı qurum tərəfindən verilməsi barədə heç bir rəsmi sənəd mövcud deyil. Bu qəzetin tətsisçisi Milli Məclisdir. Vaxtilə parlament aparatına şifahi sorğu da göndərmişdik. Konfidensial sorğu zamanı hamı (o cümlədən, təsisçi tərəf də) demişdi ki, biz belə sənəd görməmişik və s. Təbii, Milli Məclisin təsisçiliyi hələ “Rəsmi Dövlət orqanı” demək deyildir. Bu barədə konkret status verən rəsmi sənəd yoxdursa, demək, bəzi reket qəzetlər camaata xox gəlmək üçün öz başlıqlarına yekə-yekə cəfəng devizlər yazıb respublikanın canına daraşdıqları kimi, eynən “Azərbaycan” qəzetinin rəhbərliyi də heç bir sənədə əsaslanmadan şəxsi təşəbbüsü ilə “Rəsmi Dövlət Qəzeti” devizini başlığa yazıb illərdir at oynadır. İndi məlum olur ki, bu at oynatmanın arxasında plagiat yazılar, oxucunu və dövlət rəsmilərini aldatmaq dayanırmış. Hansı ki, bu yaxınlarda, hətta parlament iclasında belə bu ciddi qalmaqallı və biabırçı məsələ əsəbi halda müzakirəyə çıxarıldı. Ümumiyyətlə isə, plagiatçılığı bəlli olan və Bəxtiyar Sadıqovun şəxsi idarəçiliyi kimi idarə edilən (bir zamanlar bu «Rəsmi dövlət qəzeti»ni Ramiz Mehdiyevin təbliğat ruporuna çevirmişdi) «Azərbaycan» qəzetinə nə ehtiyac? Qəzet rəsmi qurumların, o cümlədən cənab Prezident İlham Əliyevin, Baş nazirin və s. rəsmilərin rəsmi çıxışlarını, bəyanatlarını, eləcə də parlamentin qəbul etdiyi qərarları çap etməklə məşğuldur. Bir də ara-sıra bəzi imkanlı iş adamlarının, məmurların, rektorların… Prezidenti, Ulu Öndər Heydər Əliyevi tərifləyən məqalələrini. Az qala unutmuşduq, bir də akademik Ramiz Mehdiyevin məqalələrini, özü də gen-bol… Hansı ki, «Azərbaycan» qəzeti hökumətin rəsmi sənədlərini yaymaq üçün bir mətbu orqan kimi mövcud ola bilər. Məsələn, Rusiyada «Pravitelstvennaya qazeta», Türkiyədə “Resmi Qazeta” var ki, onlar Dövlətin deyil, Hökumətin yanında yalnız Qərar və Sərəncamlar çap edən bülletenlər səviyyəsindədir. İctimai-siyasi həyata müdaxilə etmir və “Azərbaycan” qəzeti kimi meydan sulamırlar, imkanlı deputatların, iş adamlarının, vəzifəli şəxslərin adından ölkə rəhbərliyini dussuz tərif meydanına çevirmirlər və s.
Bütün hallarda, “Azərbaycan” qəzetinə “Rəsmi Dövlət Qəzeti” statusunun verildiyi barədə heç bir rəsmi sənəd tapa bilməmişik. Və sənəd olmadığı halda özbaşına bu devizi qəzetə yazmaqda bir məqsəd ola bilər – Dövlətin statusu və adından sui-istifadə etməklə örtülü reket niyyəti... Əlavə olaraq, münbit şərait daxilində, bu hal Azərbaycan CM-nin Dövlət səlahiyyətlərini mənimsəmə faktı kimi də tövsif oluna bilər... Odur ki, KİV sahəsində çalışan həmkarlarımızı, eləcə də hüquqşünasları bu mövzu ətrafında müzakirələrə dəvət edirik… Və inanırıq ki, ölkə rəhbərliyi, eləcə də Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyev bu məsələyə müdaxilə edərək problemin həllinə aydınlıq gətiriləcək.
«Azərbaycan» qəzetində plagiatçılığın yeni forması…
İndi gələk deputat Bəxtiyar Sadıqovun baş redaktoru olduğu qəzetin 2012-2013-cü illər zamanına. Daha doğrusu, alıb-aldatma plagiatçılığına. Təsəvvür edin, bir məqalə çap edilir, aradan bir neçə ay keçir, qəzetdəki əldən iti və özünü ağıldan üstün sayan müxbir-əməkdaş həmin məqalənin sonunu əvvələ, əvvəlini sonuna gətirir, sərlövhədə sözlərin yerini dəyişməklə həmin məqaləni yenidən həmin imkanlı, vəzifəli, pullu şəxsin imzası ilə dövriyyəyə buraxır. Məqsəd aydın olmadı?! Məqsəd ənənəvidir: məsələn, yazı çıxır, həmin plagiatşünas əməkdaş-redaktor həmin imza sahibinə zəng vurur, qəzetin bir neçə nüsxəsini götürüb gedir həmin şəxsin yanına ki, təbrik edirəm, bu gün cənab Ali Baş Komandanı, Prezidenti göylərə qaldıran məqaləniz işıq üzü görüb… Və həmin «müəllifin» də üzü gülür, elə bilir ki, Ali Baş Komandanın vaxtı o qədərdir ki, A-2 formatda çap olunmuş 20-25 min işarəlik yazını bir-iki saat vaxt həsr edib oxuyacaq, tapşıracaq ki, o məmurdan-şəxsədən muğayat olun və s.
Nə qədər bəsit düşüncə! Beləliklə, «əl əli yuyar, əl də…jurnalisti» prinsipi ilə gələn jurnalist «qonağı» hörmətlə (hər iki mənada) yola salırlar. Amma o şəxsin xəbəri olmur ki, bu məqalə məsələn, bir neçə ay əvvəl onun imzası ilə artıq çap olunub. Çünki bu yazıq məmur A-2 formatda çap olunmuş 20-25 min işarəlik həmin yazını vaxt tapıb kı, nə vaxtsa oxusun, indi də müqayisə etsin ki, burda plagiatçılıq hardadır.
Gəlirik plagiatçılığın texnoloji izahına: budur, «Azərbaycan» qəzetinin 4 may 2012-ci il tarixli sayının 4-cü səhifəsinə- Milli Məclisin deputatı, BDU-nun rektoru, akademik Abel Məhərrəmovun imzası ilə çap olunmuş «Sabit inkişafın təminatı olan mükəmməl ideyalar» məqaləsinə.
Bu məqalənin isə sonradan başlığı dəyişdirilərək qəzetin 10 may 2013-cü il tarixli, sayında, 8-ci səhifədə verilib. Məsələn, bu dəfə «Milli intibahı təmin edən modern idarəetmə strategiyasının banisi» başlığı ilə. Dərc edilmiş məqalənin abzasları olduğu kimi təkrarlanıb. Beləliklə, Abel Məhərrəmovun 4 may 2012-ci il tarixli «Sabit inkişafın təminatı olan mükəmməl ideyalar» məqaləsinin 6-cı abzasındakı «Milli –mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə…» kimi cümlə ilə başlayan abzas «Milli intibahı təmin edən modern idarəetmə strategiyasının banisi» məqaləsində eyni sözlərlə uzun bir abzasda təkrarən verilmişdir. Həmin iri sütunun sonu belə bir cümlə ilə tamamlanır: «…Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada onlarca zavod, fabrik, istehsalat sahələri yaradıldı, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başladı. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutdu, istehsal etdiyi 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edildi» və s. (Bax: Foto-şəkil).
7-ci abzasda da 2012-ci il tarixli məqalədə «Böyük strateq son dərəcə işgüzar olduğu kimi…» cümləsi ilə başlayan abzas 2013-cü ildə çap olunan məqalədə belə bir sözlərlə başlayır: «Ulu Öndər son dərəcə işgüzar olduğu qədər…» kimi başlayır və eyni ilə bütün sütun təkrar çap edilir. Birinci məqalədəki «Böyük strateq» sözləri ikinci məqalədə «Ulu Öndər» sözləri ilə əvəzlənməklə.
Bu iki məqaləni diqqətlə oxuyanda isə birmənalı olaraq aydın hiss edirik ki, belə bir bəsit məqalə akademik Abel Məhərrəmovun qələminin və biliyinin məhsulu ola bilməz.
Belə bir dussuz məqalənin hər bir abzasındakı plagiat-təkrarçı cümlələri təqdim etməklə başınızı ağrıtmaq istəməzdik, amma bir şeyi məcburuq deyək ki, hətta plagiatçılıqla məşğul olan redaktor-əməkdaş 2012-ci ildə çap olunmuş məqalədəki «Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam» deyən ulu öndər Heydər Əliyev (hörmət xatirinə heç olmasa «Ulu Öndər» yazmayıblar.Red.) BDU-ya olan rəğbətini…» kimi cümləsini 2013-cü ildəki məqalədə olduğu kimi yenidən təkrar çap edib.
Ayıbdır, vallah ayıbdır. Yəni, Bəxtiyar Sadıqov kimin gözünə kül üfürür??? Düşünmür ki, bu məqalələr yazılı mediada çap olunur və nə vaxtsa, kimsə bunu araşdırıb belə bir əməli bu plagiatçılığa meydan verənlərin üzünə çırpar və deyər: «Heydər Əliyevin çörəyi və etimadı burnunuzdan gəlsin!».
İndi də keçək «Azərbaycan» qəzetinin 15 iyun 2012-ci il tarixli sayının 5-ci səhifəsinə- «Xəzər» ASC-nin sədri, iqtisad elmləri doktoru Qüdrət Kərimovun «Xalqı həqiqi müstəqilliyə qovuşduran lider» başlıqlı məqaləsinə. Qüdrət Kərimovu Azərbaycanda tanımayan az jurnalist olar. Onun A-2 formatda 20-22 min işarəlik belə bir siyasi məzmunlu məqalə yazmağa nə siyasi yazı təcrübəsi var, nə də vaxtı. Bu insan iqtisadçıdır, sahibkardır, ən vacibi, əli açıqdır… Elə bu əliaçıqlıq da başına, yaxşı mənada, bəladır.
Gələk mətləbə: əliaçıq, səxavətli Qüdrət müəllimin «Xalqı həqiqi müstəqilliyə qovuşduran lider» başlıqlı məqaləsi düz bir il sonra-14 iyun 2013-cü il tarixdə «Azərbaycan» qəzetində bu dəfə 7-ci səhifədə eyni imza ilə çap olunmuş «İqtisadi islahatlarda novatorçuluq xətti» məqaləsində plagiat abzas və sütunlarla təkrarlanıb. Məsələn, 2012-ci ildə çap olunmuş məqalənin 3-cü abzasına diqqət yetirək: «Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar…» sözləri ilə başlayan məqalə 2013-cü ildəki fərqli başlıqlı məqalənin 2-ci abzasındaca belə təkrarlanır: «Tarixi təcrübə göstərir ki…» və sair. Sadəcə, plagiat redaktor-əməkdaş 2012-ci ildəki məqalədəki cümlənin əvvəlinə əvvəl «Minilliklərin sınağından çıxmış…» sözünü artıraraq guya öz aləmində oxucunun diqqətini yayındırıb. Bəlkə də biliblər ki, belə bir zəif məzmunlu, bəsit məqaləni özlərindən başqa kim oxuyasıdır ki?! Amma əbəs. Necə deyərlər, «Kor-kor, gör-gör»! Hər şey ortadadır. Həmin məqalədəki digər abzaslar da digər sütunlarda təkrar verilir. Və təxminən 2000 işarəlik sütun (F-2 formatla) olduğu kimi təkrar verilib. Digər bir abzasda isə zahiri dəyişiklik görün necədir: 2012-ci ildəki məqalədə növbəti abzas «Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyilə…» sözləri 2013-cü ildə çap olunmuş məqalədəki abzasda «Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə…» kimi verilib. Burada «istəyilə» sözü «istəyi ilə» kimi verilməklə fərqləndirilib. Vəssalam! Guya!
Bəxtiyar Sadıqovun parlamentdə səs verdiyi «Media haqqında» Qanunun bütün bəndlərinə and içə bilərik ki, Qüdrət Kərimovun bu məqalədən və abzaslardan qəti xəbəri yoxdur. Çünki Ulu Öndər Heydər Əliyevin gerçəkdən siyasi fəaliyyətinin təsvirinə qəti uyğun gəlməyən belə bəsit məqaləni yazmağa, sonra qəzetdə oxumağa iş adamı kimi vaxtı və həvəsi hardadır ki!
Keçirik «Azərbaycan» qəzetinin 14 iyun 2013-cü il tarixli, 129-cu(6404) sayının 8-ci səhifəsində çap olunmuş «Heydər Əliyev yolu ilə daha böyük hədəflərə doğru» məqaləsinə. Müəllif Milli Məclisin sosial siyasət Komitəsinin eksperti Arzu İsgəndərovdur. Həmin məqalənin 8-ci absasının 3-cü cümləsi belə başlayır: «…Çünki Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı xalqın, dövlətin…» və sair. Həmin abzas «Azərbaycan» qəzetinin bir gün sonrakı 15 iyun 2013-cü il tarixli, 130-cu(6405) sayının 6-cı səhifəsində çap olunmuş və müəllifi Ağırlıqqaldırmanın pauerlittinq növü üzrə dünya və Avropa çempionu Vüqar Namazov olan «Dövlətçilik tariximizin parlaq səhifəsi» məqaləsinin 3-sü abzasının 3-cü cümləsində axıradək təkrar verilib.
Bundan başqa, Arzu İsgəndərovun məqaləsinin 11-ci abzası belə başlayır: «10 ilə yaxındır ki, Heydər Əliyev aramızda yoxdur. Lakin Heydər Əliyev ideyaları…». Bu avzas da Vüqar Namazovun məqaləsinin 9-cu avzasında sonadən olduğu kimi təkrar çap edilib.
Bu plagiatçılıq da bəs etməyib: Arzu İsgəndərovun deputat Bəxtiyar Sadıqovun baş redaktoru olduğu «Azərbaycan» qəzetində dərc olunmuş məqaləsinin bu dəfə 16-cı abzası sonadək sözbəsöz dünya çempionu Vüqar Namazovun adından verilmiş «Dövlətçilik tariximizin parlaq səhifəsi» məqaləsinin 10-cu abzasında yenidən təkrar verilib.
Bu nə biabırçılıqdır? Bu nə dövlətçiliyə xidmətdir? YAP üzvü olan deputatın rəhbəri olduğu qəzet niyə bu gündə olmalıdır? Az qala 60-a yaxın əməkdaşı (əksəriyyətinin də Əməkdar jurnalist fəxri adı, «Tərəqqi» medalı, mənzili və s. var) olan redaktor-deputat da belə iş tutar???
Bəxtiyar Sadıqovun başına «Rəsmi dövlət qəzeti» şüarı yazdırdığı qəzetin daha bir biabırçı plagiatçılığı: qəzetin 17 iyul 2013-cü il tarixli, 154-cü sayında (6429), 2-ci səhifədə BDU-nun doktorantı Elxan Şiriyevin adından «Gənclərimizin namizədi cənab İlham Əliyevdir» sərlövhəli məqalə dərc olunub. Məqalənin sağ hissəsində Prezident İlham Əliyevin iri portreti də verilib.
İndi düşünün, növbəti prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırış ruhlu məqalə sonradan plagiat məqaləyə çevrilirsə, özü də seçkiqabağı, bu Ramiz Mehdiyev tərəfindən 25 ildir duputat edilmiş bir şəxsin- «Şöhrət» ordenli millət vəkilinin İlham Əliyevə xəyanəti deyil? Bu məqalənin plagiatını oxuyan nə düşünməlidir? Düşünməməlidir ki, rəsmi qəzetdə belə qeyri-ciddi məqalə çap edilirsə, bu gələcək Prezidentə necə səsverməyə çağırışdır???
Budur, həmin məqalənin «Gənclik hər bir xalqın gələcəyini və inkişafını…» sözləri ilə başlayan 1-ci abzası qəzetin 3 sentyabr 2013-cü il tarixli 5-ci səhifəsində (192-ci nömrə(6467) çap olunmuş və Böyük Britaniyanın «Westminster» Universitetinin 3-cü kurs tələbəsi olan Fəridə Əliyevanın adından dərc olunan «Leyla Əliyevanın fəaliyyəti hər bir Azərbaycan gənci üçün qürur mənbəyi və uğurlu nümunəsidir» başlıqlı məqalənin elə 1-ci abzasında da olduğu kimi təkrar verilib. Düz bir abzas.
Bu hələ harasıdır: Elxan Şiriyevin adından yazılmış məqalənin 3-cü abzası da axıra kimi təkrarlanaraq yenə də Leyla Əliyevanın guya təbliğatına xidmət etməli olan «Leyla Əliyevanın fəaliyyəti hər bir Azərbaycan gənci üçün qürur mənbəyi və uğurlu nümunəsidir» sərlövhəli məqalədə təkrarlanıb, plagiata meydan verilib.
Biz qəti inanmırıq ki, Leyla Əliyevanın bu əttökən, bəsit məqalədən xəbəri var. Xəbəri olsa, ən azı həmin qəzet nüsxələrini yumaq kimi bükərək Bəxtiyar Sadıqovun sifətinə top kimi atardı və lazımi sözünü deyərdi… Axı rəsmi qəzetdə, özü də cənab Prezidentin qızı haqqında bu plagiata nə ehtiyac? Guya adı dünyaca bir olan Leyla Əliyevaya Bəxtiyar Sadıqovun plagiat məqaləsi lazımdır???
***
Yeri gəlmişkən, bir vacib məqam: biz «Təzadlar» olaraq həm də akademik Ramiz Mehdiyevin «Azərbaycan» qəzetində dərc olunmuş məqalələrində plagiatçılıq nümunələri axtardıq. Açığı, bəzi fikirlər istisna, bunu tapmadıq. Bu isə o deməkdir ki, Bəxtiyar Sadıqov onu 25 ildir Ağdamdan deputat edən Ramiz Mehdiyevə sədaqətlilik nümayiş etdirərək onun adından gedən məqalələrə bütün gücünü qoyub, nəzarət edib. Amma Prezident İlham Əliyev, yaxud Leyla Əliyeva haqqında dərc olunan məqalələrə başdansovdu yanaşıb. Şübhəsiz ki, diqqətli oxucular bu plağiat, əslində, anti-reklam yazılardan xəbərdardır və bu elə dövlət başçısının siyasətinə, dövlətçiliyə qarşı sabotajdır, gözdən salmadır. İmanımızı yandırmırıq, bəlkə elə bunu qəsdən, sifarişlə ediblər ki… Siz 2012-2013-cü illəri yaxşı-yaxşı xarılayın və özünüz nəticə çıxarın!
***
Bax belə. «Azərbaycan» qəzetindəki plagiat məqalələr axtarışımız davam edir…
GundemXeber.Az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?