68 min hektar torpaqda buğda əkən fermerlərə dövlətdən subsidiya verilməməsi nə ilə bağlıdır?
Payızda 68 min hektar torpaqda buğda əkən fermerlər dövlətdən subsidiya almayacaqlar. Bu qərara ötən həftə kənd təsərrüfatı naziri İsmət Abbasovun sədrliyi ilə keçirilən kənd təsərrüfatı subsidiyaları üzrə Respublika komissiyasının iclasında gəlinib. Subsidiyaların verilməsi barədə qərar yalnız 622 min ha ilə bağlı tətbiq olunur. Bunlar barədə yerli komissiyalar Kənd Təsərrüfatı Nazirliyinə lazımi sənədləri göndərib. Komissiyadan Turan-a bildirilib ki, bir çox yerli və rayon komissiyaları subsidiya almaq üçün sənədlərini vaxtında hazırlaya bilməyiblər. Bəzi təsərrüfatların mülkiyyət və torpaqdan istifadəyə dair sənədləri qaydasında olmayıb. Beləliklə, subsidiyanı 158,5 min təsərrüfat alacaq. Ümumilikdə onlara 2012-ci ilin dövlət büdcəsindən 24 890,4 min manat ayrılacaq. Həmin vəsait Maliyyə Nazirliyi tərəfindən fermerlərin plastik kartlarına və hüquqi şəxslərin bank hesablarına köçürüləcək. KTN-dən Turan-a bildirilib ki, 2012-ci ildə fermerlərin yanacaq və sürtgü yağlarının alınması ilə bağlı xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya kimi 56,7 mln. manat (becərilən torpağın hər hektarına 40 manat hesabı ilə) xərclənib. Bundan əlavə, hökumətin qərarına uyğun olaraq, tədarükçülər mineral gübrələri dəyərinin 50-% üzrə satırlar. Odur ki, onlar ötən il həmin itkilər üzrə ümumi məbləği 20 mln. manat həcmində kompensasiya alıblar. Subsidiyalar 1-ci və 2-ci reproduksiyalı toxumun (7,9 mln. manat), super elit sortların (0,( mln. manat) satış qiymətinin fərqi üzrə də təqdim olunur. 2012-ci ildə Respublika komissiyası ümumi məbləği 109,9 mln. manat həcmində subsidiyanın verilməsi üzrə qərar qəbul edib. 2013-cü ildə dövlət büdcəsində kənd təsərrüfatı subsidiyalarına 125 mln. manatın yönəldilməsi nəzərdə tutulub. Maraqlıdır ki, belə bir vəziyyət Maliyyə Nazirliyi tərəfindən subsidiyaların fermerlərin plastik kartlarına və hüquqi şəxslərin bank hesablarına köçürülməsi haqda qərar qəbul edildikdən sonra yaranıb. Bu isə müəyyən şübhələrə yol acıb. Belə ki, ekspettlər bundan əvvəl də əkin sahələrinini qəsdən şişirdilərək subsidiyaların mənimsənildiyini bildirirdilər. Daha dəqiqi subsidiyaların əkilməyən sahələrə, mövcud olmayan fermer təsərrüffatlarının adına yazılaraq götürüldüyünə dair iddalar mövcud idi. Maliyyə Nazirliyi tərəfindən subsidiyaların fermerlərin plastik kartlarına və hüquqi şəxslərin bank hesablarına köçürülməsi haqda qərar qəbul edildikdən sonra 68 min hektar torpaqda buğda əkən fermerlər dövlətdən vəsait ala bilməyəcəyinin acıqlanması bu şübhələrin əsaslı olduğunu düşünməyə əsas verir. Nəzərə alsaq ki, 68 min hektar buğda əkinı sahəsinə dövlətdən (hökumət buğda əkininə xüsusi diqqət verdiyindən, onun becərilməsilə məşğul olan fermerlərə, əlavə 40 manat olmaqla, 80 manat civarında subsidiya vermir) orta hesabla 6 milyon manat subsidiya alınır, söhbət də bu həcmdə və daha artıq vəsaitin mənimsənilməsindən gedir. Sual olunur: indiyədək bu vəsait kimin cibinə gedirdi? Murad Məmmədov
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?