gundemxeber.az Fövqəladə Hallar Nazirliyi Taxıl Fondunun ehtiyacları üçün 548 min ton buğda və 8 min ton buğda unu alıb. Bu barədə FHN-in yaradılmasının yeddinci ildönümündə bu qurumun rəhbəri Kəmaləddin Heydərov bildirib. Nazirin sözlərinə görə, ehtiyatların bir hissəsi bu ilin avqust-sentyabrında buğdanın dünya bazarında qiyməti artan zaman qiymətin sabitliyini qorumaq üçün satılıb. Dövlətstatkomun məlumatına görə, bu ilin 9 ayında ölkəyə ümumi qiyməti $166,3 mln olan 755,6 min ton buğda (28,3 min ton toxumluq buğdadan başqa) gətirilib. Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin 10 ayında buğda idxalı ($216 mln) 2011-ci ilin eyni dövrü ilə müqayisədə 1,4%, un idxalı ($1,3 mln) 97,8% azalıb. Xatırladaq ki, bu günlərdə açıqlama verən kənd təsərrüfatı naziri İsmət Abbasov əslində Azərbaycanın idxal buğdasına ehtiyacının olmadığını bəyan etmişdi. Və nazir yerli buğda istehsalının yetərincə olduğunu əsas gətirməklə yanaşı, idxalın həm də yerli buğda istehsalına böyük əngəl yaratdığını da vurğulamışdı. Onu da bildirək ki, illərdir ölkənin taxıl mafiyasının əsas liderlərindən olan FHN şefi Kəmaləddin Heydərovla İsmət Abbasovun arasında konflikt yaşanmaqdadır. Hətta Kəmaləddin Heydərov İsmət Abbasovu mətbuatda «vurdurmaqla» yanaşı, maliyyələşdirdiyi bəzi prezidentliyə namizədləri belə zaman-zaman İstəm Abbasovun üstünə qaldırmış, nazirin istefasını namizədlər üçün ayrılmış tribunadan belə tələb etdirmişdi. Qeyd edək ki, əslində hökumət tərəfindən İsmət Abbasovun ürütdüyü siyasətin dəstəkləndiyi də məlumdur və bu səbəbdən zaman-zaman idxal ununun payı azaldılmaqdadır. Amma indi görünür ki, FHN şefi yenə də əsas gəlir sahələrindən birini əldən verməmək üçün müxtəlif adlar altında idxal siyasətini davam etdirir.
Sorğu
Yeni dizaynımız necədir?