Çıraq otelini burdan köçürülən və haqqı verilməyən ailələrin “ahı və göz yaşları” “yandırıb”
Azərbaycanda, İsmayıllı rayonunda baş verən hadisələrin zamanında yandırılan Çıraq otelinin sahiblərinin arasında nazir ailəsinin üzvlərinin adı çəkilir. Sosial mediada otel və təsisçilərinə aid foto və Vergilər və Mədəniyyət və Turizm Nazirliklərinin (MTN) saytlarında yerləşdirilən sənədlərin surətləri yayılıb. Bu sənədlərdəki məlumatlar isə otelin idarəçiləri və təsisçisi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovu göstərir. MTN saytında 2012-ci ildə mehmanxanalar barədə rəsmi sənədlər bölməsində Çıraq otel üçün “VAFİ Turizm” MMC-yə lisenziya verildiyi yazılır. “VAFİ Turizm” MMC-yə (hüquqi ünvanı: İsmayıllı şəhəri, Nizami küçəsi, 26.12.2012-ci il tarixli, qeydiyyat nömrəsi 393, seriya nömrəsi 074370) İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Çıraq” oteli üçün”. Amma nazirlik “Çıraq oteli üçün lisenziya verilən şəxsin” adını BBC Azərbaycanca bildirməyib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov bildirib, hazırda üç müxtəlif ölkədə sərgilər keçirildiyindən turizm şöbəsinin işçiləri səfərlərdədir. Hümbətov, Vergilər nazirliyinə müraciət etməyi məsləhət görüb. Vergilər nazirliyinin saytında isə, İsmayıllıda yerləşən və təsisçisi Vüqar Füzuli oğlu Ələkbərov olan “VAFİ Region” MMC barədə məlumat verilib. Şirkət 4 avqust, 2010-cu ildə qeydiyyatdan keçib və hüquqi ünvanı İsmayıllı şəhəri, M.Orucov,100-dür. Qeydiyyat ünvanında hazırda yaşayan Ruhiyyə Cavadova isə Azadlıq radiosuna bildirib ki, “2009-cu ildən burda yaşayır və belə bir MMC-dən xəbərsizdir”. Bu sənədləri REAL Hərəkatı üzvləri İlqar Məmmədov və Natiq Cəfərli birgə araşdırdıqlarını deyir. İqtisadiyyat üzrə ekspert Cəfərli BBC Azərbaycancaya adı çəkilən şirkətlər arasında əlaqəni izah edir.“Bu şirkətlər bir holdinqin törəmələridir, eyni kökə malikdir”. Cəfərli bu məlumatların İcra başçısı Nizami Ələkbərov və digər məmurların xalqa “yalan danışdığını ortaya çıxardığını” bildirir. İsmayıllı rayon icra başçısı Nizami Ələkbərov mediaya bildirmişdi ki, bu otelin onun qardaşı və qardaşı oğlu ilə əlaqəsi yoxdur və kimə aid olduğunu da bilmir. Yerli sakinlərin Çıraq otel barəsində BBC Azərbaycancaya dedikləri isə bu fikirlərin əksidir, onlar otelin tikintisini İcra hakimiyyəti ilə bağlayır. Təxminən 5 il əvvəl otuza yaxın ailə Çıraq otelin yerləşdiyi ərazidəki binadan İcra Hakimiyyəti tərəfindən köçürülüb, sakinlər deyir. “Bizi 2008-ci ilin fevralın 28-də axşamüstü məcburi şəkildə polis gücünə çıxarıblar”, Təranə Ağayeva dilə gətirir. Ağayeva hazırda digər iki qonşu qadınla birgə 2008-ci ildən köçürüldükləri kərpic satışı ilə məşğul olan obyektin döşəməsi beton otaqlarda yaşayır. Ağayeva onlara həm də topraq sahəsi verildiyini deyir, amma onlar həmin sahələr “gərginliyin altında” yerləşdiyindən ərazilərini “sənədləşdirə bilmir”. Köçürülən ailələr 1993-cü ildən otelin yerləşdiyi binada yaşayıblar. “Sovet dövründə bura “raykoittifaq” deyilirdi, sonra yataqxana kimi istifadəyə verildi. Biz orda ev pulu köçürmüşük, kommunal xərcləri verirdik”, Ağayeva bildirir:“Bizə kömək etməli idilər, tullamalı deyildilər. Aclıq aksiyası keçirdik, şikayət etdik, nəticəsi olmadı”. Ağayevanın qonşusu Lalə Məlikova da köçürülmələri barədə yeni sözləri deyir:“Məni çıxaranda evə girib lomla döşəmələri qaldırdılar, bir də gördüm ki, pəncərələr yoxdur”. Baş verənləri “haqsızlıq” adlandıran qadınlar köçürülən zaman onlara heç bir ödəniş edilmədiyini qeyd edir. Onlar İcra başçısına və digər məmurlara şikayət etdiklərində dəfələrlə “çıxmayaydınız” sözlərini eşitdiklərini deyir. Onlar Çıraq otelinin yandırılmasını köçürülən ailələrin “ahı və göz yaşları” ilə əlaqələndirir. Otel barədə məlumatlar yayılan kimi nazirliklərin saytında həmin məlumatları göstərilən ünvanda tapmaq mümkün olmayıb.Natiq Cəfərli məlumatların gizlədilməsini Azərbaycanda qapalı “offshore” zona yaradılma cəhdləri ilə bağlayıb. “Azərbaycanda kommersiya sirri barədə mürtəce qanun dəyişiklərinin tez Parlamentdən keçirilməsi elə onu göstərdi ki, məmurlar öz biznes strukturlarını və maraqlarını gizlətmək istəyir. Vergilər Nazirliyi şirkətlər barədə Azadlıq radiosuna bildirib ki, “qanunvericiliyə görə, biz hüquqi şəxslər, təsisçilər və onların nizamnamə kapitalındakı payları haqda açıqlama verə bilmərik. Bu haqda məlumat kommersiya sirri sayılır”. Otel barəsində məlumatlar yayılan zaman isə Facebook sosial şəbəkəsində Vüqar Ələkbərov adlı istifadəçinin “Çıraq” otelinin şəkillər albomu olan profili yayılıb. Amma Ələkbərovun profili elə həmin gün, yanvarın 28-də bağlanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?