“Kür” FHN şefini təftişə başladı: “2010- cu ilin yazında baş verən Kür daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən xərclənən 460 milyon manat, eləcə də 2012- ci ilin may ayında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradn qaldırılması üçün ayrılmış 420 milyon manat vəsaitlə - təxminən 1,1 milyard ABŞ dolları hansı işlər görülüb?”
Qax-Zaqatala bölgəsindəki zəlzələnin nəticələrinin aradan qaldırılmasında yol verilən korrupsiya faktları ölkə ictimaiyyətində ciddi rezonans doğurub. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının son hesabatı zəlzələ bölgəsindəki müdhiş korrupsiya və maxinasiyaları tam şəkildə ortaya qoymuşdu. Hesabatdan bir qədər sonra isə FHN-nin rəhbərlik etdiyi prosesdə yeni müəmmalar ortaya çıxdı. Bu dəfə söhbət ictimaiyyətdən gizlədilən 100 milyondan gedirdi. 01.01.2013-cü il tarixinə əldə olan məlumata görə zəlzələnin nəticələrinin ləğvi üzrə 340 229,7 min manat vəsait xərclənmişdir. Amma son günlər FHN-nin təqdim etdiyi məlumatda Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci ildəki sərəncamı ilə 100 milyon manat vəsait ayrıldığı göstərilir. Xatırladaq ki, bu vaxta qədər FHN-nin heç bir rəsmi hesabatlarında bu məlumat əks olunmayıb. “Kür” vətəndaş cəmiyyətinin sorğusuna cavabda dab u öz əksini tapmayıb. Bu ilin əvvəllərtində təşkilata verilən cavabda da vəsait 340 milyon kimi göstərilib. Əgər doğurdan da Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci ildəki sərəncamı ilə 100 milyon manat vəsait ayrılıbsa bu 2013-cü il FHN-nin rəsmi cavabında niyə əks olunmayıb? Bu vaxta qədər bu məlumat niyə heç harda yer almayıb? Dövlət vəsaitinin gizlədilməsində məqsəd nə olub? Bütün bu suallara cavab verməli olan şəxs FHN rəhbəri Kəmaləddin Heydərovdur. Hələ ki, FHN şefi bu suallara cavab verməyib. Amma onu daha ciddi sorğu gözləyir. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından verilən məlumata görə təşkilat Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabatın hazırlanmasına başlayıb. Bununla əlaqədar bəzi suallara aydınlıq gətirilməsi üçün yenidən FHN- ə İnformasiya sorğusu göndərilməsinə ehtiyac yaranıb. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin Föqvəladə Hallar naziri Kəmaləddin Heydərov cənablarına ünvanladığı rəsmi sorğunu olduğu kimi diqqətinizə çatdırırıq: “Hörmətli Kəmaləddin müəllim, 2012- ci ilin yazında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələ nəticəsində görülən işlərlə bağlı FHN- nin saytında yeni bölümün yaradılması və bəzi məlumatların həmin bölümə yerləşdirilməsi müsbət haldır. Amma saytın yenilənməsi zamanı bütün məlumatlar səhifəyə yerləşdirilmədiyindən bəzi faktların dəqiqləşdirilməsinə, eləcə də əlavə bilgilərin əldə edilməsinə ehtiyc var. Eyni zamanda zəlzələ bölgəsində tikilən evlərin gerçək sayı, ünvanı, verilən kompensasiyaların həcmi və s. bağlı bəzi mətbuat orqanlarında və yerli mənbələr tərəfindən fərqli və ziddiyyətli məlumatlar irəli sürülür. Hazırda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı xərclənən 460 milyon manat vəsaitin, eləcə də 2012- ci ilin may ayında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradn qaldırılması üçün ayrılmış 420 milyon manat vəsaitin xərclənməsi, hazırda zəlzələ bölgəsində çalışan şirkətlər, evlərin tikilməsinə çəkilən xərclər və s.- lə bağlı araşdırmalar apararaq növbəti hesabat hazırlayır. Hesabatın obyektiv və dolğun alınması üçün FHN tərəfindən bəzi sualların cavablandırılmasına ehtiyac yaranıb. Eyni zamanda Sizə ünvanladığımız 25 fevral 2013- cü il tarixli sorğumuzdakı bəzi sualların bu günə qədər cavablandırılmadığı üçün həmin sualları da yenidən göndəririk. Xahiş edirik “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun şəkildə aşağıdakı sualların cavablandırılmasına yardımçı olasınız; 1. Zəlzələ bölgəsində rayonlar üzrə kimlərə hansı həcmdə kompensasiyalar verilib (Xahiş edirik rayonlar üzrə adlı siyahını təqdim edin)? 2. Qax- Zaqatala zəlzələsi ilə bağlı tikinti- inşaat işlərini həyata keçirmək üçün bölgədə hansı şirkətlər çalışır (Zəhmət olmasa siyahını təqdim edin)? 3. Həmin şirkətləri FHN hansı prinsip və kriteriyalara uyğun olaraq tikinti işlərinə cəlb edib? Zəhmət olmasa FHN- lə həmin şirkətlər arasında imzalanmış müqaviləni və ya onu əvəz edən hər hansı başqa bir sənədi təqdim edin. 4.Zəlzələ bölgəsində indiyə qədər nə qədər vəsait xərclənib və xərclənən vəsaitlə hansı işlər görülüb? 5.2010- cu ilin yazında baş verən Kür daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən xərclənən 460 milyon manat, eləcə də 2012- ci ilin may ayında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradn qaldırılması üçün ayrılmış 420 milyon manat vəsaitlə (təxminə 1,1 milyard ABŞ dolları) hansı işlər görülüb (Zəhmət olmasa görülən işlər və xərclənən vəsaitlərlə bağlı adlı siyahını təqdim edin)? 6.Zəlzələ bölgəsində hazırda inşa olunan 2 otaqlı, 3 otaqlı, 4 otaqlı və 5 otaqlı evlər neçəyə başa gəlir? 7.Zəhmət olmasa zəlzələ bölgəsində tikilən evlərin smeta xərclərini təqdim edin. 8.Zəhmət olmasa zəlzələ bölgəsində vətəndaşlara tikilən evlərin rayonlar üzrə adlı siyahısını təqdim edin.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?