Azərbaycanda yüksək faizlə kreditlər verilir. Bankların təklif etdikləri kreditlərin faiz dərəcələrinin yüksək olması müxtəlif səviyyələrdə narazılıq və ciddi suallar doğurur. Azərbaycanda bank kreditlərinin yüksək olmasının görünən və görünməyən tərəfləri vardır. Ekspertlər, görünən tərəflər içərisində bank sistemində inhisarçılıq meyllərinin olması, kredit portfelinə cəlb edilən resursların dəyərinin baha olması, kreditlərin qaytarılmasında risklərin yüksək olması ilə izah edirlər. Ona görə də istər dünya çapında, istərsə də MDB məkanında ən yüksək faizlə kredit verən banklar arasında Azərbaycan bankları ön yerlərdən birini tutur.
Hazırda Amerika Birləşmiş Ştatlarında istehlak kreditlərinin orta illik faiz dərəcəsi 3-4 faiz, Avropa Birliyi ölkələrində 3-8, Şərqi Avropa ölkələrində 3-10, Türkiyədə 15-20, Ukraynada 24-26, Rusiyada 20 faizdən -25 %-ə qədərdirsə, Azərbaycanda bu rəqəm 20 faizdən yuxarıdır. Hətta bank olmayan kredit təşkilatlarının kreditləri 40 %-ə çatır. Elə bu səbəbdəndir ki, hazırda ölkədə hər 3 nəfərdən biri banka kredit borclusudur. Kredit alıb problemini həll etmək istəyən sadə vətəndaş nəinki arzusuna çatır, əksinə ziyana düşməklə problemli kredit istifadəçisinə çevrilir. Çünki banklarda kredit faizlərinin həddən artıq yüksək olduğundan çox vaxt borc götürən onu geri qaytara bilmir.
Mərkəzi Bankin son açıqlamasına görə, son 6 ayda banklarIn aktivləri 25 faizədək artIb və bu resursların 30 faizə qədəri məhz kreditlərdən əldə olunan vəsaitlər hesabınadır. Lakin bankların gəlirləri artmaqla yanaşı, problemli, yəni qaytarıla bilməyən kreditlərin həcmi də yüksəkdir. Hazırda rəsmi olaraq belə borclar ümumi kerditlərin 7 faizi həcmində göstərilsə də, iqtisadçılar bu statistikanın 15 faizə çatdığını deyirlər. Qüvvədə olan qaydalara görə isə, bu rəqəm 3%-i ötə bilməz.
Mərkəzi Banksa riskləri qabaqlayıcı tədbir kimi bu ilin sonunadək banklara nizamnamə kapitallarını 50 milyon manatadək artırmağı tələb edir. Artıq bankların 75 faizi bu tələbi yerinə yetirsə də, bağlanma təhlükəsi olan kiçik banklar da var. Mərkəzi Bank isə onlara birləşərək kapitallarını artırmağı, yaxud bank olmayan kredit təşkilatına çevrilməyi təklif edir. /ANS TV/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?