Vətəndaşlar üçün aşağı faizlərə qadağa qoyan maliyyə qurumları deputatlara nədən güzəşt edir?
gundemxeber.az Azərbaycanın bank sektoru elə də qəliz deyil. 40-dan artıq bankın fəaliyyəti sayəsində formalaşmış bu sektorda olanların hamısı ailə bankları kimi diqqəti çəkir. Son iki-üç il ərzində cəmiyyətə açılan və bununla da fəaliyyət göstərdikləri banklarımz hələ də tam açılmış vəziyyətdə deyil. Çünki onlar yalnız konkret tapşırıq əsasında fəaliyyət göstərirlər. Qeyd edək ki, Azərbaycanda bankların verdiyi kreditlər üzrə faiz dərəcələri 26 faizdən az deyil. Amma burada tərs mütənasib olan bir məqam var ki, bankların qəbul etdiyi ən yüksək əmanət 20 faizdən çox deyil. Halbuki ölkə bankirləri istəsələr, bu dərəcələri də artıra bilərlər. Ancaq istəmirlər. Ona görə ki, əhali varlana bilər. Azərbaycanda kreditlərin aşağı faizlə verilməsi mümkündür. Lakin qəti bir tapşırıq mövcuddur ki, bu rəqəm 20 faizə enməməlidir. Bunun hansı səbəbdən edildiyi dəqiq deyil. Təbii ki, banklar bu göstərişləri əsaslandırmaq zorundadırlar. Amma onların əsaslandırmaları heç də reallığı əks etdirmir. Belə ki, banklar bildirir ki, son dövrlər ölkədə infliyasiyanın yüksək olması, daxili bazarın oturuşmuş vəziyyətə gəlməsi nizamnamə kapitalını artırmaq üçün geniş imkanlar açmır. Ona görə də, həmin kapitalı artırmaq məqsədi ilə kreditlərin verilməsi zamanı yüksək faizlər tətbiq olunur. Əslində, bu ağılsız bir arqumentdir və heç bir əsası yoxdur. O zaman Qərb və ya Türkiyə bankları gərək çoxdan iflasa uğrayadılar. Digər bir arqument isə ondan ibarətdir ki, belə kreditlər verilən zaman risq dərəcəyi yüksək olur və ona görə də, faiz dərəcələri artırılır ki, bununla dəyə biləcək zərərin qarşısı alınsın. Yəni, hər nə olursa olsun, təki banka ziyan gəlməsin və ya dəyən ziyan əhalinin boğazından çıxarılsın. Amma Azərbaycanda aşağı faizlə kredit vermək istəyən banklar da fəaliyyət göstərmək istəyiblər. Bizdə olan məlumatlara görə, ərəb varlıları ölkəmizdə fəaliyyət göstərməyə çalışıblar. İslami qaydalarla idarə olunacaq həmin bankın əsas niyyəti ölkəmizdə əhaliyə 7 faizlə kredit verilməsini təmin etmək və bununla da böyük müştəri kontingenti toplayaraq, onların əliylə varlanmaq olub. Hətta bankın açılması istiqamətində Milli Bankla belə danışıqlar aparılıb. İş kredit faizinə gəlib çatdıqda danışıqlar dayandırılıb. Çünki Milli Bankın əsas tələbi həmin faiz dərəcələrinin ən azı 20 faiz olmasından ibarət olub ki, ərəb varlıları da bununla razılaşmayıblar. Bankların kredit faizi ilə bağlı xüsusilə maraq doğuran məqam aşağı faizlə kredit götürmək qadağasının ancaq sıravi vətəndaşlara aid edilməsidir. Belə ki, deputatlar və güclü nazirlərin başçılıq etdiyi qurumların işçiləri belə şansdan yararlana bilər. Apardığımız araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda deputatlara illik 7 faiz olmaq şərti ilə 5 milyon dollara qədər kredit verilir. Həmin kredit seçdirilmiş deputatların maddi rifahının yaxşılaşdırılması məqsədi ilə verilir. Araşdırma nəticəsində o da məlum olub ki, bu pulların hesabı yuxarılar tərəfindən vaxtında aparılır. Yəni, deputatlar xərclədiyi hər qəpiyin sonda hesabatını verməlidirlər. Bu araşdırmamız zamanı onu da öyrəndik ki, son üç il ərzində əksər deputatlara illik 7 faiz olmaqla kreditlər verilib. Amma onların bəziləri bu pullardan biznes sahəsində istifadə etməkdən qorxaraq, onu başqa bir banka yatıraraq, illik faizlərini almaqla qazanc əldə edə bilirlər. Daha geniş izah versək belə alınar ki, bacarıqsız deputat bir bankdan aldığı pulu başqa banka əmanət kimi yatırır və oradan gələn faizlər sayəsində güzaran qurmağa çalışır. Bu da təqribən hər il 700 min dollar deməkdir ki, 5 il ərzində də həmin rəqəm 3,5 milyon dollara çatır. Deputatlardan başqa ayrı-ayrı nazirliklərdə çalışan işçilər də güzəştli kredit ala bilərlər. Bu zaman onların işlədiyi nazirliyin rəhbərinin şəxsi göstərişi olmalıdır ki, bunu da hər işçi əldə edə bilmir. Amma bütün bunlara rəğmən, onlar üçün nəzərdə tutulmuş limit 80 min manatdır. İllik faiz dərəcəsi isə bu adamlar üçün 12 faiz nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanda belə kreditlərin verilməsi ilə əsasən bir-neçə bank məşğul olur. Daha doğrusu, proses yalnız onlara həvalə olunub. Bu sırada «Texnika Bank», «Azərdəmiryol» Bank və «Azəriqaz» Bank var. Digər banklar isə istisna hallarda belə proseslərə qatılır. Həmin istisna hal isə kredit istəyənlərin sayının çoxluğu yarananda mümkünləşir.
Sorğu
Yeni dizaynımız necədir?